Venesuela ABŞ-a neft ehtiyatları üzərində nəzarəti vermədiyini açıqlayıb

Venesuela ABŞ-a neft ehtiyatları üzərində nəzarəti vermədiyini açıqlayıb
Venesuela ABŞ-la imzalanan neft sazişindən sonra ölkənin neft resursları üzərində mülkiyyət və nəzarət hüququnun dəyişmədiyini açıqlayıb.
Venesuelanın karbohidrogenlər naziri Paula Henao bildirib ki, yerin təkindəki təbii sərvətlər üzərində nəzarət və mülkiyyət hüququ birmənalı şəkildə Venesuelaya məxsus olaraq qalır.
Nazirin açıqlaması ABŞ Prezidenti Donald Trampın Venesuela ilə əldə olunan neft razılaşması barədə səsləndirdiyi fikirlərdən sonra verilib. Tramp avqustun 28-də sazişi “dünya tarixində ən böyük” razılaşma adlandıraraq, ABŞ-ın Venesuelanın 65 milyard bareldən çox təsdiqlənmiş neft ehtiyatları üzərində “üstün nəzarət” əldə etdiyini bildirmişdi. İki gün sonra isə Tramp bunu “Venesuela xalqının ABŞ xalqına hədiyyəsi” kimi qiymətləndirmişdi.
Paula Henao isə Vaşinqtonun saziş üzərində nəzarət əldə etməsi ilə bağlı bu şərhi rədd edib. Onun sözlərinə görə, söhbət investisiya və texnologiyaların cəlb edilməsinə yönəlmiş kommersiya razılaşmasından gedir.
Nazir vurğulayıb ki, Venesuela ABŞ-a enerji resurslarının etibarlı tədarükünə zəmanət verir və ölkənin suverenliyindən imtina etməsi barədə iddialar həqiqətə uyğun deyil.
Henao həmçinin bildirib ki, iki ölkə arasında imzalanmış saziş Milli Assambleyaya təqdim olunacaq. Lakin sənədin parlamentə nə vaxt çıxarılacağı açıqlanmayıb.
Venesuela ilə ABŞ arasında bağlanan neft sazişi 25 il müddətinə nəzərdə tutulub. Razılaşmaya əsasən, ölkədə 17 neft yatağının işlənməsi planlaşdırılır. Bu yataqların ümumi ehtiyatlarının təxminən 65 milyard barel olduğu bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.