Ötən il xalqımızın yaddaşında ikinci Qarabağ savaşında mənfur ermənilər üzərində qazandığımız zəfərlə yadda qalacaq. 2021-ci ilin ilk ayı artıq geridə qaldı. Gerçəkdən dünya sürətlə dəyişir. Odur ki, buna uyğun adekvat addımlar atmağın zəruri olduğunu vurğulamağa gərək ki, ehtiyac yoxdur.
Prezident İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” 2 fevral 2021-ci il tarixli Sərəncamına nəzər salmaq istərdim.
Sözügedən sənəddə qeyd olunur ki, müstəqil Azərbaycan iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşamaqdadır. Bu dövrdə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın güclənməsini və müasirləşməsini təmin edib. Son 17 ildə dinamik inkişaf əsasında ölkə iqtisadiyyatının həcmi 3 dəfədən çox böyüyüb, güclü sosial-iqtisadi inkişaf təmin edilib, infrastruktur yaradılıb, pozitiv dinamik artım şəraitində yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azalıb.
Mövcud maliyyə imkanları tarixi maksimuma çatdırılıb və ölkəmiz yuxarı orta gəlirli dövlətlər qrupuna mövqelənib. Prezidentin sərəncamında o da vurğulanır ki, müstəqil və suveren Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan 2021-2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur. Təbii ki, ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən yeni strateji dövr bizdən dərin struktur-institusional islahatlar aparılmasını tələb edir. Məhz bu islahatlar hesabına yüksək iqtisadi artım mənbələrinin tapılması Azərbaycanın daha da inkişafını təmin edə bilər, ölkə vətəndaşlarının rifahı yüksələr. Qarşıdakı illərdə bizi “Böyük Qayıdış”la bağlı kifayət qədər mürəkkəb, çətin və məsul vəzifələr gözləyir. Yəni, işğaldan azad olunan bölgələrə tarixi qayıdışın və əbədi məskunlaşmanın həyata keçirilməsi ən vacib və təxirəsalınmaz tədbirlərdən biri olmalıdır. Ona görə də qlobal iqtisadi reallıqlar, eləcə də yeni inkişaf mərhələsində qarşıya qoyulmuş məqsədlər ölkənin uzunmüddətli inkişaf vektorunun, əsas sosial-iqtisadi inkişaf istiqamətlərinin və buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb edir.
Haqqında söz açacağımız və Azərbaycan Prezidentinin imzaladığı Milli Prioritetlərin müəyyən edilməsilə bağlı sərəncam da məhz bu tələblərdən irəli gələn mühüm bir sənəddir. İlk növbədə qeyd edək ki, bu prioritetlər 5 istiqaməti əhatə edir ki, onlardan birincisi, dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, ikincisi, dinamik inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, üçüncüsü, ədalətli insan kapitalı və müasir innovasiyalar məkanı, dördüncüsü, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış və nəhayət, beşincisi, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi tezisidir. Elə buradaca yada salaq ki, müəyyən edilən Milli Prioritetlər və həm də BMT-nin “Dünyamızın transformasiyası: 2030- cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi önəm daşıyır. Əslində sadalanan beş istiqamətin hər biri geniş mövzunu əhatə edir. Buna imkan olmadığından mən onların hər biri barədə qısaca məlumat vermək istərdim. Hər şeydən əvvəl nəzərə almalıyıq ki, uzunmüddətli dövrdə iqtisadi artım sağlam və tarazlı olmalıdır.
Sözsüz ki, belə iqtisadi artım ölkənin davamlı inkişafı üçün möhkəm zəmin yaradacaq. Bu prioritetin effektiv həyata keçirilməsi üçün isə aşağıdakı iki məqsəd təmin olunmalıdır;
birinci məqsəd davamlı və yüksək iqtisadi artım, ikinci məqsəd isə daxili və xarici təsirlərə dayanıqlıqdır. Bütün bu məqsədlər mühüm dövlət sənədinin “Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat” bölməsində yer alıb.
“Dinamik inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət” adlanan ikinci istiqamətdə göstərilir ki, bu prioritet üç məqsəd - inkişafdan hər bir vətəndaşın bəhrələnməsi, yuksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət, paytaxt və regionların tarazlı inkişafı əsasında uğurla reallaşa bilər.
Üçüncü istiqamət “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı” adlanır. Sənəddə qeyd olunur ki, bu prioritetin reallaşması üçün isə üç məqsədə nail olunmalıdır.
Birincisi, XXI əsrin tələblərinə uyğun təhsil, ikincisi, yaradıcı və innovativ cəmiyyət, üçüncüsü isə vətəndaşların sağlam həyat tərzidir.
Dördüncü istiqamət “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”la bağlıdır və bundan ötrü iki məqsəd qarşıya qoyulur. Birinci məqsəd dayanıqlı məskunlaşma, ikinci məqsəd iqtisadi fəaliyyətə reinteqrasiyadır.
Nəhayət, sonuncu istiqamət “Təmiz ətraf mühit” və “Yaşıl artım ölkəsi" adlanır. Bu istiqamətdə də yenə effektiv reallaşmaya nail olmaq üçün iki əsas məqsəd - yüksək keyfiyyətli ekoloji mühit və yaşıl enerji məkanı hədəflənir. Göstərilən beş istiqamətin hər biri bir-birilə əlaqəlidir. Qəbul olunan bu sənəd göstərilən illərdə Azərbaycanın hərtərəfli inkişafını təmin edəcək.
Əliabbas Salahzadə, millət vəkili