Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində erməni işğalından azad etdiyi ərazilərdə yerləşən qiymətli metal yataqlarının işlənməsi məsələsi Ermənistanın diqqət mərkəzindədir. Ermənilər 30 ilə yaxın müddətdə istismar edərək milyardlarla dollar qazandıqları yataqların əllərindən çıxmasından sonra onlarla bağlı dəyişiklikləri həssaslıqla izləyirlər.
Bu baxımdan, bir neçə gün əvvəl “Gpartners” hüquq firmasının nümayəndəsi Sərkis Qriqoryan maraqlı açıqlama ilə çıxış edib. Bildirib ki, yanvarın sonlarında Azərbaycan hökuməti ilə Böyük Britaniyanın “Anglo Asian Mining plc” şirkəti arasında “Söyüdlü” (Zod), “Vejnəli” (Zəngilan) və “Qızılbulaq” (Kaşen, Ağdərə) qiymətli metal yataqlarında istismara başlanması barədə razılaşma əldə olunub.
S.Qriqoryan qeyd edib ki, müharibəyə qədər bu yataqlar “GeoProMining Gold” (Söyüdlü) və “Vallex Group” (“Vejnəli” və “Qızılbulaq”) şirkətləri tərəfindən istismar olunub: “Həmin şirkətlər bu yataqların işlənməsinə 250 milyon dollara qədər investisiya yatırıblar. Azərbaycan Britaniya şirkətinə bu yataqlarda 30 illik istismar müddəti verib. Yanvardan etibarən şirkət potensial investorlara yataqların ehtiyatları və özünün onları istismar etmək hüququna dair məlumat təqdim etməyə başlayıb. Məsələn, Azərbaycanın məlumatına əsasən, 2019-cu ilin yanvarına Sotk (”Söyüdlü", Kəlbəcər) yatağının ehtiyatlarının həcmi 74,7 ton qızıl təşkil edir ki, bu da 4,4 milyard dollar deməkdir. Bundan əlavə, Britaniya şirkətinin məumatına görə, “GeoProMining Gold” hazırda burada heç bir iş aparmır, çünki yatağın 75 faizindən çoxu Azərbaycan silahlı qüvvələrinin nəzarətindədir. Niyə Ermənistan hökuməti Qafqazın ən böyük qızıl mədəni ilə bağlı məsələdə fəaliyyətsizlik göstərir? Axı burada Ermənistanın ən böyük vergi ödəyicilərindən biri olan şirkət çalışırdı".
S.Qriqoryanı həm də o narahat edib ki, “Anglo Asian Mining plc”in 1994-cü ildən bəri adları çəkilən yataqlarda aparılan istismar işlərini qanunsuz adlandırmaqla gələcəkdə Ermənistana qarşı məhkəmə iddiasının qaldırılmasına zəmin hazırlayır: “Bundan əlavə, şirkət ATƏT-in yataqların yerləşdiyi ərazilərin azad edildiyini və təhlükəsiz olduğunu təsdiqləməsini gözləyir ki, onlarda hasilata başlasın. Niyə Ermənistan hökuməti Azərbaycan qarşısında kompensasiya tələbi qaldırmır?”
Erməni hüquqşünasın həyasızlıqla kompensasiya tələb etdiyi yataqlardan ikisi - “Vejnəli” və “Qızılbulaq” yataqları bütünlüklə Azərbaycan ərazisində yerləşir. Sonuncu yataq mis-qızıl kolçedan ehtiyatlarına görə hətta Söyüdlüdən də böyük hesab olunur. Hazırda onun yerləşdiyi əraziyə Rusiya sülhməramlı qüvvələri nəzarət edir. S.Qriqoryanın “Anglo Asian Mining plc” ilə Azərbaycan hökuməti arasında razılaşma adlandırdığı sənədi isə Böyük Britaniya şirkəti yanvarın 21-də açıqlayıb. Sənəd şirkətin Azərbaycan hökuməti ilə istismarına dair 1997-ci ildə müqavilə imzaladığı yataqlarla bağlı yenilənmiş məlumatı əks etdirir. Yəni söhbət hər hansı yeni razılaşmadan deyil, “Anglo Asian Mining plc”nin qeyd olunan yataqlarda istismar hüququnun olduğuna dair açıqlamasından gedir. Açıqlamada 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında müharibənin dayandırılmasına dair imzalanmış müqavilə alqışlanır, eyni zamanda “Söyüdlü”, “Vejnəli” və “Qızılbulaq” yataqlarına olan istismar hüquqları vurğulanır, yataqların ehtiyatlarına dair məlumatlar “yenilənir”.
Qeyd olunur ki, müharibə nəticəsində Azərbaycan torpaqları erməni işğalından azad edilib və 3 saziş ərazisi şirkətə geri qaytarılıb: “Şirkət Azərbaycan hökumətindən giriş icazəsi aldıqdan sonra hər 3 saziş ərazisinin ehtiyatlarını tam qiymətləndirəcək. Bu ərazilər üzrə sazişin icra müddəti sıfırlanaraq giriş icazəsi verilən gündən hesablanacaq. Hər üç saziş ərazisindəki yataqlarda, həmçinin onların yaxınlığında böyük kəşfiyyat potensialı mövcuddur”.
Britaniya şirkəti üçtərəfli razılaşmada Ermənistanın Sünik bölgəsindən keçməklə Azərbaycandan Naxçıvana nəqliyyat əlaqəsinin yaradılmasının nəzərdə tutulduğunu və bunun Muxtar Respublikada yerləşən “Ordubad” yatağında hasilat işlərinə təkan verəcəyini vurğulayır.
Açıqlamada “Angl o Asian Mining plc”nin prezidenti Reza Vəzirinin fikirlərinə də yer verilib: “Bu qədim ərazi mübahisəsinin humanitar böhran və əhəmiyyətli insan itkilərinə səbəb olması faciədir. ”Anglo Asian Mining" hərbi əməliyyatlara son qoyan atəşin dayandırılmasına dair razılaşmanı ürəkdən alqışlayır. Konflikt bütün regionda təmir və bərpasına böyük investisiyalar tələb edən zərər vurub".
Açıqlamada həmçinin qeyd olunur ki, Azərbaycan hökuməti ilə “Anglo Asian Mining” şirkəti azad olunmuş ərazilərdəki yataqlara münasibətdə öz müqavilə hüquqlarına uyğun olaraq işləyəcək: “Şirkət regionun mineral ehtiyatlarını lazımi qaydada idarə edəcək və onlara region əhalisinin, yerli icmaların və digər maraqlı tərəflərin nəfinə investisiya yatıracaq. Şirkət öz hüquqlarına sadiqliyini davam etdirməklə, beynəlxalq aləm tərəfindən Azərbaycanın qanuni əraziləri kimi tanınan yataqlarda hasilatı ən yüksək səviyyədə bərpa edəcək”.
Daha sonra açıqlamada şirkətin 1997-ci ildə Azərbaycan hökuməti ilə imzaladığı hasilatın pay bölgüsü sazişinə dair məlumatlar yer alıb. Qeyd olunub ki, bütün saziş əraziləri 2006-cı ildə şirkət və Azərbaycan hökuməti tərəfindən yenidən təsdiqlənib: “Azərbaycan hökuməti ərazilərdə işlərə başlanması üçün təhlükəsizliyin təmin olunmasına dair şirkəti xüsusi bildirişlə məlumatlandırdıqdan sonra hər 3 yataqda kəşfiyyat və hasilat işlərinə başlanacaq. Beləliklə, bu bildiriş həmin ərazilərdə sazişin müddətini sıfırdan hesablamağa imkan verəcək. Buna uyğun olaraq şirkət növbəti 5 ildə ərazidə kəşfiyyat işləri aparmaq, daha sonra daha iki beşilliyinə artırmaq imkanı ilə 15 il müddətində orada hasilat işlərini həyata keçirmək hüququ əldə edəcək. Anglo Asian həmişə Dağlıq Qarabağ ətrafındakı konflikt həll olunduqdan sonra işğal altında olan saziş ərazilərində işlərə başlamaq niyyətini açıqlayıb. Beləliklə də, şirkət bu mineral resursların işlənməsinə dair öz qanuni hüquqlarını reallaşdırmağı planlaşdırır. İşlənməyə ATƏT və ya digər uyğun beynəlxalq təşkilat ərazilərin işğaldan azad olunması və saziş əraziləri təhlükəsizlikdə olduğu faktını təsdiqlədikdən sonra başlanacaq”.
“Anglo Asian Mining”in açıqlamasında qeyd olunur ki, hazırda “Söyüdlü” yatağının Kəlbəcər rayonu ərazisinə düşən hissəsində istismar işləri aparılmır. “GeoProMining Gold” şirkəti burada hasilatı dayandırıb: “”GeoProMining Gold"un 2019-cu uldə emissiya etdiyi borc kağızları prospektinə əsasən “Söyüdlü” yatağının qızıl ehtiyatları 8 milyon unsiyadan yuxarıdır. “GeoProMining Gold”un məlumatlarında yataqdan çıxarılan qızılla zəngin filiz dəmiryolu ilə Ermənistandakı emal zavoduna aparılırmış. Lakin Azərbaycan hökumətinin verdiyi məlumatdan aydın olur ki, Kəlbəcər rayonunda mədənin yaxınlığında emal müəssisələri aşkarlanıb! Həmin müəssisələrdə müvafiq emal avadanlıqları olub. Bu isə Rusiya şirkətinin “Söyüdlüdə”ki hasilatın mühüm bir hissəsini qeydiyyatdan gizlətdiyi deməkdir.
Britaniya şirkəti onu da bildirir ki, Kəlbəcərin şimalında - yüksək dağlıq ərazidə yerləşən “Söyüdlü” yatağına Azərbaycan tərəfdən hərəkət demək olar ki, mümkün deyil: “Lakin Azərbaycan hökuməti şimaldan Kəlbəcərə yeni yol çəkilməsini təklif edib. Bu isə saziş ərazisinə birbaşa gediş imkanı yaradacaq”.
“Qızılbulaq” yatağına dair açıqlamada bildirilir ki, Ağdərə rayonunda yerləşən yataqda 275 min metrik ton mis və 3 200 metrik ton molibden ehtiyatı var: “Yataq açıq üsullarla istismar olunur. 2016-cı ildə ”Vallex Group" erməni şirkəti orada filizi emal edən zavod işə salıb. “Vallex Group” bu müəssisəyə 130 milyon dollar investisiya yatırdığını açıqlayıb. Həmin vaxt Ermənistan hökuməti bəyan etmişdi ki, yatağın ehtiyatları zavodun 25 il ərzində tam gücü ilə işləməsinə imkan verəcək həddədir. Şirkətimizə məlum olduğuna görə, yataq və zavoda hərbi əməliyyatlar zamanı hər hansı zərər dəyməyib, lakin işlər dayanıdırılıb. Bizim “Qızılbulaq” yatağına girişimiz Dağlıq Qarabağın statusuna dair məsələnin tam həllindən asılı olacaq".
“Anglo Asian Mining” onu da bildirir ki, Azərbaycan hökumətindən hər 3 yataqla bağlı kəşfiyyat məlumatlarını istəyib və onların toplanmasına başlayıb: “İlkin qiymətləndirmələr çox ümidvericidir. Geoloji qrup regionun mineral ehtiyatlarının öyrənilməsinin davam edəcəyinə ümid edir. Hazırda geoloji-kəşfiyyat işlərinin yüksək səviyyədə planlaşdırılması həyata keçirilir. Regionun ehtiyatlarının həcminin daha çox olduğuna dair ehtimalla böyükdür. Ərazi təhlükəsiz elan olunan kimi şirkət kəşfiyyat və hasilat işlərinə başlayacaq”.
Maraqlıdır ki, “Anglo Asian Mining”in açıqlamasından bir həftə sonra “GeoProMining Gold” şirkətinin həmsahibi, biznesmen Roman Trotsenko Rusiyanın RİA Novosti agentliyinə “Söyüdlü” yatağında hasilatın davam etdiyini bildirib: “Sotk (Söyüdlü -red.) mədənində işlər və istehsal planının yerinə yetirilməsi davam etdirilir. Hər hansı dayanma yoxdur. Ermənistan ərazisində aparılan hasilat işləri hazırda da davam edir. Bəli, biz filiz daşınması və nəqliyyatın hərəkət sxemini dəyişməli olduq. Lakin hasilat əvvəl aparıldığı ərazidə - Ermənistan ərazisində davam edir və hesab edirik ki, il uğurlu olacaq”.
S.Qriqoryanın yuxarıda qeyd olunan açıqlamasından sonra “Novosti Armenii” agentliyinin sualına cavab olaraq “GeoProMining Gold” şirkətinin nümayəndəsi Ruzanna Qriqoryan da Rusiyalı biznesmenin dediklərini təkrarlayıb: “Sotk mədəni işinə davam edir. Hasilat işləri Ermənistan ərazisində həyata keçirilir”. O, erməni hüquqşünasın qaldırdığı digər məsələlər barədə açıqlama verməkdən imtina edib.
Göründüyü kimi, ermənilərin “Söyüdlü”yə Rusiya şirkətini cəlb etməklə Azərbaycanı mümkün azadlıq əməliyyatından sonra yatağa iddialardan çəkindirmək planı baş tutmayıb. Xatırladaq ki, yatağı 1998-ci ildən etibarən Kanadada erməni əsilli iş adamına məxsus “First Dynasty Mines” (FDM) şirkəti talayıb. O, öz hüquqlarını 2007-ci ildən “GeoProMining Gold Company” şirkətinə satıb. Rusiya mənşəli bu şirkətin cəmi iki ölkədə aktivləri var -Rusiya və Ermənistan. Ermənistanda şirkət Aqarak mis-molibden kombinatına da sahibdir. Şirkətin Ermənistanda istehsal etdiyi qızılın həcmi 2018-ci ildə 130 min unsiya təşkil edib. Şirkətin saytındakı məlumatda yatağın 18 illik istismar ömrü olduğu qeyd edilib.
Eyni zamanda Britaniya şirkətinin açıqladığı məlumat göstərir ki, ermənilər Söyüdlüdən çıxarılan qızılı elə Kəlbəcərin özündə emal ediblər. Ehtimal ki, Rusiya şirkəti Azərbaycan ərazisindən əldə edilən qızılı qeydiyyata almamaq üçün bu addımı atıb - özünü beynəlxalq məhkəmədə mümkün iddialardan qorumaq üçün. Bu əməliyyatdan əldə olunan gəlir isə, aydın məsələdir ki, Ermənistan və Qarabağdakı qondarma qurumun rəhbərliyi ilə bölünüb...
“Yeni Müsavat”