AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Uca zirvələr kənardan daha yaxşı görünür

  • + A
  • - A
  • 1-03-2021, 13:00


    Prezident İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında dörd saatdan artıq müddətdə dünya mediasının 35-dən çox nümayəndəsinin 50-yə yaxın sualını cavablandırdı. Əminəm ki, mətbuat konfransını ölkəmizdə əksəriyyət izləyib. Vətən müharibəsi günlərində Prezidentin dünyanın nüfuzlu media qurumlarına verdiyi çoxsaylı müsahibələri, jurnalistlərin kəskin, bəzən təxribatçı, Prezidentin özü demişkən, bəzən də prokurorsayağı suallarına tutarlı və məntiqli cavablarını eşitmişdik. Həmin müsahibələr ona xidmət edirdi ki, ölkəmizin haqlı və ədalətli mövqeyi, xalqımızın haqq savaşına çıxdığı dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırılsın, düşmənin yalan və uydurmalardan ibarət informasiya təxribatının təsiri zərərsizləşdirilsin, yaxud minimuma endirilsin. 44 gün boyunca davam edən Vətən müharibəsi, sözün əsl mənasında, informasiya savaşı ilə müşayiət olunurdu, döyüş meydanında olduğu kimi, bu savaşa da Ali Baş Komandanımızın şəxsən özü rəhbərlik edirdi. Prezident İlham Əliyevin müsahibələrində istinad etdiyi dəlillər, verdiyi qətiyyətli cavablar igid döyüşçülərimizin qələbə əzmini şərtləndirir, hərbi uğurlar isə, öz növbəsində, ölkəmizin informasiya təbliğatının hədəflərinə xidmət edirdi.

    Bu fikirləri Azadmedia.az-a Milli Məclisin deputatı Ülvi Quliyev bildirib.

    Deputat deyib: “Mətbuat konfransını müsahibələrdən fərqləndirən cəhətlərdən biri odur ki, müsahibə zamanı bir və ya iki jurnalistlə psixoloji rabitəni daha tez qurmaq mümkün olur. Mətbuat konfransında isə, fərqli platformalara və ünvanlara bağlı olan onlarla fikir daşıyıcısı ilə qısa zaman ərzində səmərəli ünsiyyətin qurulmasına ehtiyac yaranır. Sonuncuların arasında müstəqil mövqedən çıxış etməyən, tabeçilik qaydasında yönləndirilən mətbuat nümayəndələri də az olmur. Yeri gəlmişkən, mətbuat konfransında Prezident bu məsələyə də diqqət çəkdi, Böyük Britaniyadan olan jurnalistin sualını cavablandırarkən media nümayəndələrinə belə bir tövsiyə verdi: “Ona görə də sizə səslənirəm ki, həqiqəti söyləyin, mövqeyinizi açıq ifadə edin. Ola bilər ki, bu, jurnalistlərə verə biləcəyim o qədər də yaxşı tövsiyə olmaz. Amma rəhbərlərinizin dediklərinə hər zaman əməl etməsəniz, bəlkə daha yaxşı olardı”.

    Prezident İlham Əliyev xarici media nümayəndələrinin geniş tərkibdə təmsil olunduqları mətbuat konfransı üçün məhz fevralın 26-sını - Xocalı soyqırımı gününü seçmişdi. Faciənin 29-cu ildönümündə media qurumlarının vasitəçiliyi ilə Prezident dünya birliyinə bir daha çağırış etdi ki, Xocalı qətliamına, erməni vəhşiliyinə heç kim səssiz qalmasın. Çünki XX əsrin sonunda Xocalıda 613 nəfər mülki azərbaycanlının, o cümlədən 63 uşağın,106 qadının, 70 ahıl insanın həyatına yalnız etnik mənsubiyyətinə görə xüsusi amansızlıqla son qoyulmasına göz yumulması eyni faciənin başqa bir yerdə, başqa bir millətə qarşı törədilməsini təşviq edə bilər. Mətbuat konfransında iştirak edən jurnalistlərin verdiyi suallar göstərdi ki, nüfuzlu media nümayəndələrinin bir çoxu faciədən məlumatlı olsa da, xaricdəki siyasi dairələrin məsələyə yanaşma tərzi hələ də adekvat səviyyədə deyil. İslamofobiyanın, türkofobiyanın müasir Avropaya ayaq açdığı bir dövrdə bu cür yanaşmanın səbəbləri sual doğurmaya bilmir, daha dərindən düşünməyə vadar edir.

    Mətbuat konfransı bir daha nümayiş etdirdi ki, Vətən müharibəsi günlərində Prezident xalqımıza müraciətlərində nə qədər səmimi idisə, xarici auditoriya ilə ünsiyyətə də bir o qədər açıq və səmimidir. COVID-19-a qarşı peyvəndlənmə ilə bağlı suala dövlətimizin başçısı tərəfindən verilən cavab bir çox nüfuzlu siyasi dairələrin maraqlarına toxunsa da, Prezident yenə də ədaləti səsləndirdi: “Deməli, varlılar özlərini peyvəndləyəcək, bütün istehsalı özlərinə götürəcək, necə deyərlər, elementar insan davranışı qaydalarına tam etinasızlıq göstərəcək, yoxsul ölkələr isə əziyyət çəkməli olacaqlar. Biz hansı bərabərlikdən danışırıq?”. Adətən, deyilir ki, siyasətdə səmimiyyət axtarışına çıxmaq mənasızdır. Prezident İlham Əliyev məhz bu cavabı ilə göstərdi ki, hətta böyük siyasətdə belə, səmimiyyəti və insaniyyəti gözləməyi bacaran lider nümunəsi də var.

    Dövlətimizin başçısı mətbuat konfransında heç bir sualdan, onların kəskinlik dərəcəsindən asılı olmayaraq, yayınmadı. Sualın mahiyyətinə uyğun olaraq bəzən kəskin cavab da verməli oldu və Xocalı faciəsinin 29-cu ildönümündə birmənalı mövqeyini bəyan etdi: “Biz Xocalıya da qayıdacağıq. Başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır. Süni əngəllər yaratmaq istəsə, ancaq özünə zərbə vurmuş olar”. Prezident Ermənistanda hakimiyyətə gəlmək naminə revanş ritorikasından yararlanmağa çalışanlara da konkret ismarıc göndərdi: “Bu gün Yerevanda yenidən hakimiyyətə gəlməyə çalışanlar həmin hərbi canilərdir. Xalqın beynini yeyən onlardır. Onlar özləri orada yaşamır, müharibə vaxtı da orada yox idilər, qaçmışdılar, Sarkisyan da, Köçəryan da, Ohanyan da. Uşaq qatilləri, Xocalı qatilləri kimi döşlərinə taxdıqları qəhrəman medalları haradadır? Onlardan biri Şuşada, ikisi Xankəndidə doğulub. Bəs, nə üçün doğulduqları yerləri müdafiə etmədilər? Müdafiə edəydilər! Yaxud indi. Qoy getsinlər, burunlarını oraya soxsunlar. Baxarıq, onlar oradan salamat çıxacaqlarmı? Bilirsinizmi, bu insanları, azərbaycanofobiyanın, Azərbaycana qarşı bu təbliğatın qurbanlarına çevrilmiş günahsız insanları müalicə etmək lazımdır. Zənnimcə, zaman ən yaxşı təbibdir”.

    İspaniyanın “La Vanguardia” qəzeti əməkdaşının ermənilərin Xankəndidə rus dilinə rəsmi status vermək cəhdləri ilə bağlı sualını isə Prezident incə yumorla, sarkazmla cavablandırdı: “Ancaq baxın, indi Rusiya sülhməramlıları Qarabağda yerləşəndən sonra birdən bunlar rus dilini rəsmi dil kimi qəbul edirlər. Mən suahili dilini təklif edirəm. Belə olsa, onlar dil cəhətdən uzaq, ucqar ölkələrlə təmas qurmağa da nail ola bilərlər”.

    Şübhə etmirəm ki, mətbuat konfransını təkcə ölkəmizdə deyil, yaxın və uzaq xaricdə çoxları izləyib. Ona da əminəm ki, Prezident İlham Əliyevin yüksək intellekti və problemlərə yanaşma tərzi, dövlətçilik məfkurəsi və səmimiyyəti, bölgədə dinc birgəyaşayışa çağırışları nə Ermənistan cəmiyyətinin, nə bədxahlarımızın, nə də dostların diqqətindən yayınmayıb. Elə həmin ispan jurnalistin sualında ifadə etdiyi “Biz ötən ilin dekabr ayında Ağdamda olduq və burada xüsusilə Sizin dil qabiliyyətinizi qeyd etmək istərdim. Bizdə İspaniyada siyasətçilər bunu edə bilmir” fikir də səmimiyyətdən və obyektiv qəyərləndirmədən irəli gəlirdi. Təəssüf ki, kənardan bir çoxlarının görüb etiraf etdiyi həqiqəti öz içərimizdə olan bəziləri görə bilmir və ya görmək istəmir. Bəlkə, həqiqətən də uca zirvələr kənardan daha yaxşı görünür?!”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR