Ombudsman tərəfindən 72 məhbusun əfv olunması ilə bağlı müraciət müsbət həllini tapıb. Cənab Prezidentin sərəncamı ilə onlar azadlığa buraxılıb.
AzadMedia.az-ın məlumatına görə, bunu İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Prezidentin imzaladığı əfv sərəncamı ümumilikdə 625 məhkuma şamil edilib:
"Bu bizi, məhkumları, onların ailə üzvlərini, yaxınlarını çox sevindirir. Biz cənab Prezidentə göstərdiyi bu humanist siyasətə, insan hüquqlarına verdiyi dəyərə görə təşəkkürümüzü bildiririk. Əfv olunan məhkumları cənab Prezidentin bu humanist addımından nəticə çıxararaq, gələcəkdə dövlətimizə, xalqımıza, millətimizə layiqli vətəndaş olmağa çağırıram".
Qeyd edək ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı əfv Sərəncamı 625 məhbusa şamil olunub. Onlardan 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 3 nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər cəzadan azad edilib, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 3 nəfər cəzadan azad edilib.
Həmçinin sərəncamla azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 nəfər, islah işləri cəzasına məhkum olunmuş 12 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum olunan 23 nəfər isə cəzadan azad edilib.
Sərəncam 6 xarici ölkədən 23 şəxsə də şamil olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.