“Nardaran hadisələri”nin iştirakçısı azadlığa buraxılıb – FOTOLAR
Bu gün 8 saylı cəzaçəkmə müəssisəsində Əfv sərəncamı icra olunub.
Musavat.com-un məlumatına görə, Penitensiar Xidmətin Təşkilat Nəzarət İdarəsinin rəisi Vüqar Abuşov bildirib ki, sərəncama əsasən müəssisədən 1 nəfər – Zülfüqar Mikayılov azadlığa buraxılıb. Z.Mikayılov “Nardaran hadisələri”nə görə həbs edilib. O, qalan cəzasının 13 ilini çəkməkdən azad olunub.
Zülfüqar Mikayılov Əfv sərəncamına görə ölkə başçısına təşəkkür edib: “Həyat başdan ayağa dərsdən ibarətdir. Biz nəinki buradan, hər yerdən öz dərsimizi çıxarırıq. Getdiyimiz yol aydındır və bundan sonra da davam edəcəyik. İstiqamətimiz dövlət və dindarlar arasında ədaləti təbliğ etməkdir. Bu əfvin Novruz Bayramı ərəfəsində verilməsi bizi çox sevindirdi. Çünki hər kəs bu bayramı evində keçirmək istəyir. Məhbus üçün isə bayram sadəcə sözdən ibarətdir. Hər kəsin bayramını təbrik edirəm”.
Buraxılış arayışının verilməsində Pentensiar Xidmətin əməkdaşları, hüquq müdafiəçisi Səadət Bənəniyarlı və Əfv Komissiyasının üzvü Umud Rəhimoğlu iştirak edib.
Sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxıldığı, məhkumların şəxsiyyətinin, səhhətinin, ailə vəziyyətinin, cəza çəkdikləri müddətdə davranışlarının nəzərə alınaraq, humanizm prinsiplərinə əsaslandığı qeyd edilib.
Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib.
Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub.
Eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad edilib.