Əliabbas Salahzadə
Millət vəkili
İkinci Qarabağ savaşının bitməsindən bir neçə ay keçsə də, hadisələrin sonrakı gedişi diqqət mərkəzində qalmaqda davam edir.
Beynəlxalq aləmin, eləcə də yerli və xarici medianın diqqət çəkən son günlərin əsas hadisəsi isə, sözsüz ki, Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla xanımın növbəti dəfə Qarabağ torpaqlarına səfər etməsidir.
44 günlük müharibəni böyük həyəcanla izləyən xalqımıza ilk qələbə müjdəsi elə sentyabrın 27-də, yəni döyüşlər başlanan günü çatdırıldı. Həmin gün Ali Baş Komandan Füzulidə Qaraxanbəyli kəndinin erməni işğalından azad olunmasını elan etdi. Bu sevinc sonrakı günlərdə də ardıcıl bizimlə oldu.
Azərbaycan Prezidentinin sonuncu Qarabağ səfəri də məhz Qaraxanbəyli kəndindən başladı. Dövlət başçımızın Füzuli, Xocavənd və təkrar Şuşaya səfəri öz coğrafiyası və məzmunu ilə əvvəlkilərdən xeyli fərqlənirdi. Səfər zamanı ölkə başçısı xeyli məsələlərə aydınlıq gətirdi, bir neçə təməlqoyma mərasimlərinə qatıldı və ilk dəfə Xocavənddə oldu. Təbii ki, səfər digər səbəblərdən də çox böyük əhəmiyyət daşıyırdı.
Prezidentin “Yenə işğaldan azad olunan Qarabağ torpağındayam” xitabı yəqin ki, bizlərdən hər birimiz üçün nə qədər qürurverici idisə, bu mənzərəni seyr edən mənfur qonşularımız üçün bir o qədər əzablı və utanc gətirən idi. Çünki səfər boyu İlham Əliyev 30 il ərzində erməni vəhşiliyini bütün dünyaya göstərirdi.
Hər şey yoldan başlayır. Məlum olduğu kimi, hazırda Füzulidən Şuşaya “Zəfər yolu” çəkilir, daha sonra Bərdə-Ağdam, habelə Horadiz-Zəngilan yolunun salınması nəzərdə tutulur. Səfər zamanı dövlət başçısı Füzuli-Xocavənd və Hadrut-Cəbrayıl-Şükürbəyli yolunun təməl daşını qoydu. Yəni, artıq böyük quruculuq işlərinə start verilib.
Dövlət başçısının Xocavəndə səfəri zamanı biz bir çox diqqət çəkən məqamların şahidi olduq. Yol boyunca dağıdılmış və viran qoyulmuş kəndlər barədə məlumat verən ölkə Prezidenti bir daha erməni vəhşiliyinin sifətini açıb göstərirdi. Xocavəndin Edilli, Ağbulaq, Düdükçü kəndləri… Nəhayət, məşhur Tuğ kəndi. O Tuğ ki, ermənilər bu kəndin illər boyu onlara məxsus olduğunu israrla iddia edirdilər. Həmin kənddə Ali Baş Komandan İlham Əliyev dağıdılmış məktəbi nümunə çəkməklə düşməni ifşa etdi: “Bəs deyirdilər ki, Tuğ erməni kəndidir, onda onlar bu məktəbi niyə bu kökə salıblar?”
Prezidentin Azıx mağarasına baş çəkməsi də səfərin yaddaqalan səhifələrindən biri oldu. Bəlli olduğu kimi, bu mağara 1960-cı ildə azərbaycanlı arxeoloq alim Məmmədəli Hüseynov tərəfindən aşkar edilib və sübut olunub ki, bura dünyada ən qədim insan məskənlərindən biridir. Təəssüf ki, ermənilər sözügedən tarixi irsimizə də kifayət qədər ziyan vurublar. Buna baxmayaraq, ölkə başçısı inamla bildirdi ki, Azıx mağarası tam bərpa olunacaq və azərbaycanlı alimlərlə yanaşı, xarici ölkə tədqiqatçıları da bu işə cəlb olunacaqlar.
Erməni təbliğatı bütün zamanlarda yalan üzərində qurulub. Səfər zamanı bu fikri xüsusi vurğulayan Prezident Xocavəndin Hünərli kəndində yerləşən alban məbədinin yararsız hala salınması barədə ətraflı söz açdı. Bildirdi ki, bizə irad tutanlar gəlsin öz gözləriylə görsün bunları… Əlbəttə, dövlət başçısı həmin kilsənin təmir olunacağını da bildirdi, eyni zamanda erməni saxtakarlığını əyani surətdə nümayiş etdirdi. Məsələ burasındadır ki, bütün riyakarlığa əl atan ermənilər alban kilsəsini erməni məbədinə çevirməyə cəhd göstəriblər, ancaq alınmayıb.
Heç şübhəsiz ki, Prezidentin səfərin sonunda Şuşaya baş çəkməsi də təsadüfi deyildi. Pənahəli xanın sarayını dağıdan bu vəhşilər barədə dövlət başçısı haqlı olaraq belə dedi: “Sanki buralardan vəhşi qəbilə keçib”. Həmin saray da bərpa olunacaq və tezliklə biz Şuşada Heydər Əliyev Fondunun dəstəyi ilə Vaqifin büstünü yeni dizaynda görəcəyik. Bundan əlavə, Şuşa sanatoriyasının, Rəsm qalereyasının və digər tarixi yerlərin də bərpa edilməsi nəzərdə tutulur.
Bütün bunları nəzərə alaraq sonda mübaliğəsiz qeyd etmək istərdim ki, Prezidentin bu səfəri xalqımız üçün qürur mənbəyi, düşmən üçün isə göz dağı oldu.