“Sərdar qızın meyitini anası ilə birlikdə “skoç”layıb”
Gəncədə bir ay itkin kimi axtarışda olduqdan sonra meyiti tapılan 19 yaşlı Pərvin Musayevanın yaxınları bəzi məsələlərə aydınlıq gətiriblər.
Ailəyə yaxın adamlardan biri, adının açıqlanmasını istəməyən şəxs “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Pərvinlə eyni universitetdə təhsil alan, onun qətlində təqsirləndirilən 20 yaşlı Sərdar Cəfərovla Pərvinin münasibətləri qətldən öncə yox, hadisədən təxminən 1 il əvvəl pisləşib: “Pərvinin qrup yoldaşlarının dediyinə görə, Sərdar Pərvinə barışıq üçün dəfələrlə təkidlər edibmiş.
Fevralın 19-da Sərdarın təkidi ilə onlar sonuncu dəfə görüşüb. Görüş yerinə tək, ictimai nəqliyyatdan istifadə edərək gələn Pərvin bir müddət açıq havada onunla söhbət edib. Sonra Sərdarın "görən olar" deyərək söhbəti maşında davam etdirmələri üçün Pərvini təkidlə maşına əyləşdirdiyi deyilir.
Maşında söhbət edərkən Pərvin ona ayrılmaq istədiyini və ondan əl çəkməsi üçün oğlana yalan deyərək başqa birini sevdiyini deyib.
Sərdar isə Pərvini boğaraq öldürüb. Bundan sonra Sərdar Pərvinin meyitini maşınında saxlayaraq anası ilə yaşadığı evə gedib. Onun maşını tələsik şəkildə yaşadığı evə sürməsi və marketdən “skoç” alması onun yaşadığı ərazidə olan təklükəsizlik kameralarına düşüb”.
İddiaya görə, Sərdar meyiti yaşadığı evdə anası ilə birlikdə “skoç”la bağlayıb: “İzi itirmək üçün meyiti böyük qutuya qoyub, o formada bir neçə saat evdə saxlayıb. Gecə saatlarında meyiti elə qutuda yaşadığı evin yaxınlığındakı zibil qutusuna atıb. Üstünə isə əlavə zibillər qoyub. Bunlar da kameraya düşüb. Zibil maşını səhər saatlarında qutuları boşaldaraq "Avtozavod" qəsəbəsində yerləşən məişət tullantılarının atıldığı əraziyə aparıb. Buna görə də Pərvinin meyitinin tapılması çətinləşib, bir aya qədər uzanıb”.