AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan-Türkiyə gömrük məsələləri üzrə birgə komitənin iclası keçirilib (FOTO/ VİDEO)

  • + A
  • - A
  • 14-04-2021, 17:41


    Aprelin 14-də Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Ticarət Nazirliyi arasında gömrük məsələləri üzrə birgə komitənin dördüncü iclası keçirilib.

    Dövlət Gömrük Komitəsindən Azadmedia.az-a verilən məlumata görə, iclasda komitənin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev, Komitə sədrinin müavinləri və aidiyyəti qurumların rəhbərləri, Türkiyə Respublikası Ticarət nazirinin müavini Rıza Tuna Turaqayın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

    İclasdan əvvəl nümayəndə heyəti Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil və gül dəstələri qoyub.

    Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

    Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

    Eyni zamanda, nümayəndə heyəti Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış "Türk Şəhidliyi" abidəsi önünə əklil qoyub.

    Daha sonra Dövlət Gömrük Komitəsinin inzibati binasında Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Ticarət Nazirliyi arasında gömrük məsələləri üzrə birgə komitənin dördüncü iclası keçirilib.

    İclasda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev iki ölkə arasında bütün sahələrdə, ö cümlədən gömrük işinin təşkili istiqamətində uzunmüddətli strateji tərəfdaşlıq münasibətlərindən, səmərəli əməkdaşlıqdan məmnunluqla bəhs edib.

    Vurğulanıb ki, hər iki dövlət başçısı arasındakı mehriban dostluq və qardaşlıq münasibətləri aidiyyəti dövlət qurumları tərəfindən də uğurla davam etdirilməkdədir.

    Komitə sədri 44 günlük Vətən müharibəsində göstərilən dəstəyə görə təşəkkürünü bildirib və bu dəstəyin ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarının bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

    Gömrük işinin təşkili sahəsindəki əməkdaşlıqdan bəhs edən Komitə sədri iki ölkənin gömrük qurumları arasında indiyə qədər 8 sənəd imzalandığını və səmərəli əməkdaşlıq münasibətlərinin qurulduğunu diqqətə çatdırıb. Səfər Mehdiyev iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, sərhədkeçmə proseslərinin sadələşdirilməsi, məlumat və təcrübə mübadiləsinin daha da gücləndirilməsinin vacibliyini qeyd edib.

    O da qeyd edilib ki, Prezident İlham Əliyev tərəfindən son illər gömrük sistemində həyata keçirilən islahatlar nəticəsində gömrük orqanları proqnozdan dəfələrlə artıq vəsaitin toplanaraq dövlət büdcəsinə köçürülməsini təmin edib, qaçaqmalçılığın, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, şəffaflığın təmin olunması, xidmət səviyyəsinin yüksəldilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, sərhədkeçmə proseslərinin sürətləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunub.

    Komitə sədri gömrük sistemində həyata keçirilən innovativ layihələrdən, potensialın və infrastrukturun gücləndirilməsi sahəsində atılan addımlardan bəhs edib və yeniliklərin tətbiqi zamanı Türkiyə təcrübəsindən faydalanıldığını da diqqətə çatdırıb.

    Türkiyə Respublikası Ticarət nazirinin müavini Rıza Tuna Turaqay çıxış edərək Azərbaycanda olmaqdan məmnunluq duyduğunu, özünü vətənində hiss etdiyini bildirib.

    Vətən müharibəsindəki qələbə münasibətilə təbriklərini çatdıran Rıza Tuna Turaqay dövlətlərimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin tarixi ənənələrə söykəndiyini vurğulayıb və daha da güclənəcəyinə əminliyini ifadə edib. Nazir müavini ticarət dövriyyəsinin artırılması, gömrük-sərhəd buraxılış məntəqələrinin işinin səmərəli təşkili, məlumat və təcrübə mübadiləsinin gücləndirilməsi ilə bağlı məsələlərdən bəhs edib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

    Daha sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Türkiyə Respublikasının Ticarət Nazirliyi arasında 2021/2022-ci illər üzrə gömrük işi sahəsində əməkdaşlığın və qarşılıqlı yardımın səmərəliliyinin yüksəldilməsinə dair tədbirlər planı ilə bağlı müzakirələr aparılıb.

    Tədbirlər planında Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi (NCTS), risklərin idarə olunması, gömrük hüquqpozmalarına qarşı mübarizə sahələrində Türkiyə təcrübəsinin öyrənilməsi, əqli və sənaye mülkiyyət hüquqlarının qorunması, gömrük-sərhəd buraxılış məntəqələrində tətbiq edilən prosedur və əməliyyatların sadələşdirilməsi və digər sahələrdə təcrübə mübadiləsinin həyata keçirilməsi, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələlər öz əksini tapıb.

    Sonda "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Türkiyə Respublikasının Ticarət Nazirliyi arasında 2021/2022-ci illər üzrə gömrük işi sahəsində əməkdaşlığın və qarşılıqlı yardımın səmərəliliyinin yüksəldilməsinə dair tədbirlər planı" imzalanıb.

    Sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Türkiyə Respublikası Ticarət nazirinin müavini Rıza Tuna Turaqay imzalayıblar.









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR