AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyev və Mehriban Əliyeva Xalq artistinin vəfatı ilə bağlı nekroloq imzaladılar

  • + A
  • - A
  • 16-04-2021, 18:05


    Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, tanınmış kinorejissor və ssenarist, respublika Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, professor Eldar Tofiq oğlu Quliyev 2021-ci il aprelin 16-da ömrünün 81-ci ilində vəfat edib.

    Eldar Quliyev 1941-ci il yanvarın 18-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1958–1959-cu illərdə “Azərbaycanfilm” kinostudiyasında rejissor köməkçisi işləyib, 1960–1966-cı illərdə Moskvada, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kino rejissoru ixtisası üzrə ali təhsil alıb.

    Eldar Quliyev 1967-ci ildən taleyini “Azərbaycanfilm” kinostudiyası ilə bağlayaraq ömrünün sonunadək burada çalışıb. O, 1986-cı ildən “Azərbaycanfilm” kinostudiyası nəzdində “Debüt” eksperimental-gənclik yaradıcılıq studiyasının bədii rəhbəri olub, 1999-cu ildə Azərbaycan Professional Kinorejissorlar Gildiyasının prezidenti seçilib.

    Dünya kinematoqrafiyasının nailiyyətlərindən və qabaqcıl təcrübəsindən daim bəhrələnən Eldar Quliyev Azərbaycanın kino salnaməsinə yeni səhifələr yazıb. Sənətkarın ideya dərinliyi ilə seçilən, ictimai-siyasi hadisələr fonunda insan mənəviyyatının təhlilini xüsusi diqqətdə saxlayan və xeyirxahlıq, məsuliyyət, humanizm aşılayan zəngin yaradıcılığı mədəniyyətimizin qızıl fondunda layiqli yer tutur. Eldar Quliyevin “Bir cənub şəhərində”, “Sevinc buxtası”, “Babək” və “Nizami” kimi parlaq ekran əsərləri, eləcə də çox sayda digər bədii və sənədli filmləri Azərbaycan kinematoqrafiyasının nailiyyətləridir.

    Məzmun rəngarəngliyi və mövzu aktuallığı, fəal vətəndaşlıq mövqeyi və müasirlik duyğusu, obrazların incə psixologizmi və hadisələrin həyatiliyi Eldar Quliyev sənətinin özünəməxsus cəhətlərini təşkil edir. Yaradıcılıq palitrası rəngarəngliyi ilə səciyyələnən sənətkar tamaşaçını ayrı-ayrı dövrlərin müasirinə çevirməyi bacarırdı. Onun xalqımızın keçmişinə ehtiram ifadə edən tarixi filmlərinin milli-mənəvi dəyərlərimizin təbliğində və gənc nəslin Vətənə sədaqət ruhunda tərbiyəsində əhəmiyyətli rolu vardır.

    Böyük rejissorluq məharəti Eldar Quliyevə ölkəmizin hüdudlarından kənarda da geniş şöhrət gətirib. Onun quruluş verdiyi, həmçinin ssenari müəllifi olduğu filmlər beynəlxalq kinofestivallarda Azərbaycan mədəniyyətini uğurla təmsil edib, sənətşünaslar və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Eldar Quliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi uzun illər səmərəli pedaqoji fəaliyyət göstərib, rejissorların bir neçə nəslinin yetişdirilməsi işində qüvvəsini, bilik və bacarığını əsirgəməyib. Onun sənət yolu gənc kinematoqrafçılar üçün bundan sonra da örnək olacaq.

    Eldar Quliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, “Əməkdar incəsənət xadimi” və “Xalq artisti” fəxri adlarını almış, respublika Dövlət mükafatına və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb, müstəqil Azərbaycanın ali mükafatları olan “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edilib.

    Görkəmli sənətkar, mahir pedaqoq və səmimi insan Eldar Tofiq oğlu Quliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

    Allah rəhmət eləsin!

    İlham Əliyev

    Mehriban Əliyeva

    Əli Əsədov

    Sahibə Qafarova

    Samir Nuriyev

    Eldar Əzizov

    Fərəh Əliyeva

    Anar Kərimov

    Emin Əmrullayev

    Şəfiqə Məmmədova

    Anar Rzayev

    Fərhad Xəlilov

    Azər Paşa Nemətov

    Oqtay Mirqasımov

    Rasim Balayev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR