2021-ci ilin aprel ayının 1-nə Azərbaycanda kredit portfelinin ümumi həcmi 14 milyard 728 milyon manatı təşkil edib.
AzadMedia.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz az, aylıq müqayisədə isə 0,7 faiz çoxdur.
Kreditlərin 2 milyard 825,8 milyon manatı dövlət bankları tərəfindən təmin edilib. Bu isə o deməkdir ki, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə dövlət banklarının 8,4 faiz daha çox kredit verdiyini göstərir.
Özəl banklar tərəfindən isə 11 milyard 526,6 milyon manat həcmində kredit verilib ki, illik müqayisədə bu, 8,7 faiz azdır.
Digər kreditlər isə bank olmayan kredit təşkilatları tərəfindən təmin edilib və onların həcmi 375,7 milyon manatı təşkil edib. Bu illik müqayisədə 7,2 faiz az, aylıq müqayisədə isə 0,6 faiz azdır.
2021-ci il aprel ayının 1-nə olan göstəricilərə əsasən, kreditlərin böyük qismi istehlak kreditlərini (ev təsərrüfatı) əhatə edib. Bu sahə üzrə 6 milyard 869,3 milyon manat vəsait yönləndirilib ki, bu isə cəmi kreditlərin 46,6 faizini təşkil edib. İstehlak kreditlərinin həcmi illik müqayisədə 1,3 faiz az, ötən ayla müqayisədə isə 1,4 faiz çoxdur. Bu da mart ayında istehlak kreditləri üzrə müraciətlərin həcminin artığını göstərir.
Həmçinin, ticarət və xidmət sektoruna 2 milyard 516,8 milyon manat kredit qoyuluşu edilib ki, bu da illik müqayisədə 0,4 faiz, aylıq müqayisədə isə 0,2 faiz çoxdur.
Hesabat dövründə sənaye və istehsal sektoruna 920 milyon manat, nəqliyyat və rabitə sektoruna 854,2 milyon manat, energetika, mədənçıxarma, kimya və balıqçılıq sektoruna 769 milyon manat, kənd təsərrüfatına 570,9 milyon manat, inşaat və tikinti sektoruna 681,5 milyon manat kredit qoyuluşu edilib.