“Ölkəmizdə sosial islahatlar uğurla həyata keçirilir”.
Azadmedia.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu gün Milli Məclisdə “Əlilliyin ekspertizası və reabilitasiyası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda dinləmədə çıxış edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin 30-a yaxın Fərman və Sərəncamını əhatə edən iki islahatlar zərfi sayəsində ölkəmizdə minimum əməkhaqqı 116 faiz artıb:
“Minimum pensiya 82 faiz, orta aylıq pensiya 60 faiz, yaşa görə orta aylıq pensiya 54 faiz artıb”.
Komitə sədri bildirib ki, postmüharibə dövründə 20 mindən çox şəxs sosial dəstəklə əhatə olunub:
“Onlardan 2 min 859 şəhidin ailə üzvlərindən 7 min 303 nəfərə sosial ödənişlər edilib. Doqquz min şəxsə sosial psixoloji dəstək, 500-dən çox qaziyə reabilitasiya xidməti göstərilib.
510 müharibə əlili 2 min 370 reabilitasiya vasitəsi ilə təmin edilib. 5 min 300 nəfər şəhid ailəsi üzvü və qazi özünüməşğulluq proqramına cəlb olunub”.
Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının qanunvericiliklə tənzimləndiyini deyən Musa Quliyev əlilliyin ekspertizasının düzgün aparılmasını vacib şərt kimi önə çəkib:
“Son üç ildə saxta əlilliyin qarşısının alınması, ləğv edilməsi, ekspertiza işinin şəffaf və qanun çərçivəsində aparılması sahəsində ölkəmizdə yaxşı nəticələr əldə edilib.
Aparılan məqsədyönlü fəaliyyət sayəsində ilkin əlilliyə çıxma halları 50 faiz azalaraq, 26 min 326 nəfərdən 13 min 276 nəfərə enib”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.