Elnur Allahverdiyev: “Laçında sərhəd və gömrük xidmətimizin fəaliyyəti zaman məsələsidir”
“Azərbaycanın Ermənistanla dövlət sərhədi bərpa olunub. Kəlbəcərdən İran sərhədinədək işğal olunmuş ərazilərimizin azad edilməsi nəticəsində Ermənistanla tam əsaslı dövlət sərhədinə malikik. Burada digər dövlətlərlə olduğu kimi, bütün texniki-prosedur tədbirlərin həyata keçirilməsi zaman məsələsidir. Bu, həm də dövlət sərhədimizin Laçın rayonu ərazisinə aiddir”.
Bu sözləri Azadmedia.Az-a Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.
Millət vəkilinin sözlərinə görə, 10 noyabr bəyanatının 6-cı maddəsinə əsasən, Laçın rayonundan keçən beş km enində olan dəhliz yaxın üç ilə dəyişikliyə uğrayacaq, Ermənistan sərhədi ilə Azərbaycanın Xankəndi şəhərini əlaqələndirən yeni yol çəkiləcək.
“Bu dəhlizdə hərəkətin təhlükəsizliyi sülhməramlılara həvalə olunub. Hərəkətin təhlükəsizliyinin təminatı bir məsələdir, dövlət sərhədində sərhəd və gömrük məntəqələrinin fəaliyyəti tam başqa. Düşünürəm ki, zaman etibarilə bu problem də öz həllini tapmalıdır və tapacaq. Yəni sərhədin bu hissəsində də tamformatlı sərhəd-keçid buraxılış məntəqəsi fəaliyyət göstərəcək” – deyə deputat vurğulayıb.
E.Allahverdiyev hesab edir ki, Azərbaycan sərhədini keçib ərazimizə ayaq basan istənilən dövlətin vətəndaşı sərhəd və gömrük prosedurlarından keçir. Bu, bütün dünyada belədir. Yenicə dövlət sərhədimizi bərpa etdiyimiz Ermənistan üçün də bu, istisna deyil və olmamalıdır:
“Hazırda Zəngəzur dəhlizi ictimaiyyətdə ən çox müzakirə olunan məsələdir. Bu dəhlizdən hərəkət zamanı qeyd etdiyim prosedurlara riayət olunacaqsa, nədən eynisi sərhədin Laçın hissəsinə də aid edilməsin?”.
Ermənistanla Azərbaycan arasında nə vaxtsa sülh müqaviləsinin imzalanacağını deyən deputat əmindir ki, bunu İrəvanda və ermənilərin havadarları olan bəzi ölkələrdəki qüvvələr istəsələr də, istəməsələr də görəcəyik.
“Ancaq ötən 30 ilin acı təcrübəsindən çıxış etsək, xüsusilə də SSRİ-nin mövcudluğunun son illərində bir sıra separatçı-cinayətkar ünsürlərin gizli yollarla Qarabağa yeridilməsini nəzərə alsaq, qarşıdakı illərdə də bundan sığortalanmamışıq. Qarabağın işğalı məhz belə vasitələrin köməyi ilə baş tutmuşdu. Ona görə də biz ölkəmizin bu hissəsinə kimlərin gəlib-getdiyinə qanuni əsasda nəzarət etməliyik. Proses sərhəd və gömrük xidməti vasitəsilə həyata keçməlidir” – deyə E.Allahverdiyev vurğulayıb.
E.Allahverdiyevin qənaətinə görə, sülhməramlı proses istənilən halda müvəqqətidir və tərəflərin eyni cəmiyyətə, siyasi-hüquqi, sosial-iqtisadi məkana inteqrasiyasından sonra bitməlidir. 10 noyabr bəyanatında missiyanın konkret tarixlə məhdudlaşdığı aydın əks olunub:
“Azərbaycanın erməni əsilli vətəndaşlarının bizim hüquqi məkana qayıtmaları qaçılmazdır. Onların hər birinin Azərbaycan pasportu olacaq, bütün vətəndaşlar kimi, onlar da bizim qanunlarımız əsasında işləyəcək, sosial təminat alacaqlar və s.
Həm də bölgədə sülhməramlıların mövcudluğu da daimi deyil, müvəqqəti prosesdir. Odur ki, Ermənistanla sərhədin Laçın hissəsində sərhəd və gömrük xidmətimizin fəaliyyəti zaman məsələsidir”.