AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda turizm sektoru CAN VERİR... - sahibkarlar ölkə başçısından kömək istədilər

  • + A
  • - A
  • 20-05-2021, 08:46


    Azərbaycanda otel sahibləri, otel idarəçiliyi və turizm fəaliyyəti ilə məşğul olan sahibkarlar banklardan cəlb etdikləri kreditərin qaytarılmasında çətinliklə üzləşiblər. Onlar problemin həlli üçün prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

    İş adamları bildirirlər ki, pandemiya səbəbindən turist axınının dayanması və otellərin fəaliyyətinə tətbiq edilən məhdudiyyətlər onların gəlirlərinin kəskin azalmasına səbəb olub. Nəticədə vaxtilə biznesin inkişafı üçün banklardan götürülən kreditlərin qaytarılmasında çətinlik yaranıb. Sahibkarlar yaranmış vəziyyətlə bağlı indiyədək bir sıra dövlət qurumlarına, o cümlədən Mərkəzi Bank və İqtisadiyyat Nazirliyinə müraciət etsələr də, məsələ həllini tapmayıb. Banklar isə kreditlərin qaytarılmasını tələb edirlər. Bununla əlaqədar iş adamları prezidentdən məsələyə müdaxilə etməyi, otel sənayesi üçün güzəştlərin müddətini 2022-ci ilin martınadək uzatmağı xahiş ediblər.

    Məsələ ilə bağlı Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin mövqeyini öyrənməyə çalışdıq. Qurumun mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə qeyd etdi ki, turizm xidmətlərinə tələbin kəskin azalması nəticəsində turizm sənayesi subyektlərinin üzləşəcəyi maliyyə itkiləri, bunun ÜDM istehsalına, məşğulluğa mənfi təsiri ilə bağlı müvafiq əsaslandırmalar Dövlət Turizm Agentliyi tərəfindən aparılaraq aidiyyəti qurumlara təqdim olunub:

    “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli sərəncamına uyğun olaraq pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müəyyən vergi və maliyyə güzəştlərindən, bank kreditləri üzrə dövlət zəmanəti və kredit faizlərinin subsidiyalaşdırılması kimi mexanizmlərdən yararlanmaq imkanı yaradılıb. Turizm sahəsinin pandemiyadan daha çox zərər görməsini nəzərə alaraq, DTA tərəfindən turizm sənayesi nümayəndələrinin bank öhdəlikləri ilə əlaqədar problemləri, müvafiq təklifləri (kredit ödənişləri ilə əlaqədar tətillər, restrukturizasiya) və təhlilləri əhatə edən hesabat hazırlanaraq baxılması üçün dövlətin aidiyyəti institutlarına təqdim edilb”.

    Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru, Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri, Azərbaycan Turizm və Menecment Universitetinin Mehmanxana və restoran biznesi kafedrasının baş müəllimi Samir Dübəndi “Press Klub”a şərhində problemdən xəbərdar olduğunu bildirdi:

    “On nəfərə yaxın sahibkar prezidentə müraciət ünvanlayıb. Bu, kütləvi xarakter daşımasa da, zərərçəkmişlər bir yerə toplanıb, öz müraciətlərini ediblər. Otellər və Restoranlar Assosiasiyası olaraq biz də müxtəlif aidiyyəti qurumlara mövcud problemlərlə əlaqədar müraciətlər etmişik. Pandemiya dövründə problemlər çıxdı, bəzi qərarlarda bizim razılaşmadığımız bəndlər var idi, biz onların düzəldilməsini hökumətdən xahiş etmişdik. Kreditlər haqqında da keçən ildən öz fikirlərimizi bildirmişdik”.

    Ekspert restoran biznesinin canlanmağa başladığını söylədi:

    “Yerli əhali artıq restoran xidmətlərindən istifadə edir. Otellər isə yalnız turist qəbulunu gözləyirlər. Turist yoxdur. Daxili turzim də çox zəifdir. Amma regionlarda bəzi otellər krizisdən çıxmağa çalışır, onlar həm bayramlarda, həm də yay mövsümünün başlaması ilə əlaqədar yaxşı işləməyə başlayıblar. Ona görə də, ümid edirik ki, regionlarda turizm insfrastrukturu işləyəcək. Bakıda olanların isə ümidi ya “Formula 1”, ya da digər tədbirlərədir. Bəzi ölkələrlə bizim hava əlaqələrimizin bərpa olunması, vizaların verilməsi və sair kimi irəliləyişlər gözlənilir”.

    Kredit problemlərinə toxunan S. Dübəndi qeyd etdi ki, pandemiyadan öncə kredit götürmüş otel sahibkarları bu vəziyyətə düşəcəklərini gözləmirdilər:

    “Bu, fors-major haldır. Vəziyyətin bu cür cərəyan edəcəyi heç kəsin ağlına belə gələ bilməzdi. Bu məsələ ilə bağlı biz müxtəlif toplantılarda həll yolları axtarır və öz təkliflərimizi veririk. Sonda xoşagəlməz məhkəmə çəkişmələri baş verəcək. Burada sahibkarın heç bir günahı yoxdur. Bu cür hal bütün dünyada baş verir. Dəstək paketlərinin olduğundan xəbərdarsınız. Maaşların, bəzi cari xərclərin ödənilməsi və sair məsələlər həmin dəstək paketində öz yerini almışdı. Təbii ki, bu paket kifayət deyildi ki, biz sonradan bu cür problemlərlə üzləşdik…”

    Ekspert kredit tətilləri verilməsini təklif edir:

    “Biz bankları da başa düşürük. Onlar kommersiya qurumlarıdır və kreditlər sayəsində qazanc əldə edirlər. Həmin qazanclarla işçilərə maaş və digər zəruri xərclərini ödəyirlər. Amma onlar da başa düşməlidirlər ki, aciz vəziyyətdə qalan sahibkar nə etməlidir? Sahibkarın dövriyyəsi yoxdur, bu halda onlar nə etsinlər? Banklar sahibkarlarla razılığa gələ bilmirlər. Müraciətdən gördüyünüz kimi, artıq məhkəmə çəkişmələrinə də əl atılıb. Bunu isə yaxşı qiymətləndirmirəm. Məncə, dövlət həmin bankların zərərlərini bir müddətlik qarşılaya bilər. Sahibkarlara, otelçilərə kredit tətili elan oluna bilər. Heç kəs həmin pulları qaytarmayacağını demir. Banklar turizmə bir müddətlik bərpa müddəti tanımalıdır və növbəti illər üçün cədvəl tərtib olunmalıdır ki, biznes özünə gəldikdən sonra borcunu ödəsin. Bu, mümkündür. Hər iki tərəf arasında razılıq əldə etmək olar. Çox təəccüblüdür ki, banklar buna getmək istəmirlər”.

    İqtisadçı ekspert Natiq Cəfərli “Press Klub”a açıqlamasında dünya ölkələrinin təcrübəsinə nəzər saldı:

    “Həmin təcrübəyə nəzər saldıqda görürük ki, keçən il pandemiya dövründə əsas dəstək mexanizmlərindən biri də kreditlərin dondurulması oldu. Ya faizlərin hesablanması donduruldu, ya da kreditlərin daha aşağı faizlərlə verilməsi və iş adamlarının öz işlərini ayaqda saxlamasına kömək etmək üçün çox aşağı faizlə kreditlərin verilməsinin şahidi olduq. Amerika və Avropada dəstək bu cür həyata keçirildi, hətta Rusiya belə bununla bağlı xüsusi proqram qəbul etdi“.

    Ekspertin sözlərinə görə, ölkəmizdə pandemiyanın vurduğu ziyanın aradan qaldırılması üçün dövlət proqramlarında kreditlər, icarə məsələləri ilə bağlı heç nə yer almadı:

    “Kreditlərlə əlaqəli bir məqam yer almışdı ki, çox qısa müddət ərzində qapalı olan sahələrdə iş adamlarının öz şirkətləri adına və yaxud da fərdi sahibkarların VÖEN-ləri adına alınmış kreditlərin faizlərinin yarısını dövlət ödəyəcək. Bu, çox kiçik məsələ idi. Əgər iş yeri qapadılıbsa, bunun yarısını dövlət ödəsə və ya ödəməsə nə olacaq? Qalan vəsaiti sahibkar hardan alıb ödəyəcək? Bu, yalnız turizmlə əlaqəli deyil, ictimai iaşə obyektləri, bəzi təmir-tikinti şirkətləri ilə bağlı da bu cür problemlər mövcuddur. Bu məsələ ciddi məsələdir və bir müddət sonra problemli kreditlərin sayının kəskin artmasına səbəb ola bilər”.

    N.Cəfərli hökumətin bu məsələyə dair Mərkəzi Bankın özəl banklarla birgə müşavirə keçirib, qərar verilməsini məqsədəuyğun hesab edir:

    “Əgər iş adamlarına heç bir yardm olunmasa, müxtəlif sahələrdə iş adamlarının götürdükləri kreditlər zaman-zaman artacaq. Bir müddət sonra onların faizlərinin həcmləri də artacaq, problemli kreditlərin həcmində kəskin artım müşahidə olunacaq. Bu isə bank sistemi üçün növbəti stres vəziyyətinin yaranmasına səbəb olacaq ki, nəticədə daha böyük problemlərlə qarşılaşa bilərik. Bu problemlərə bankların bağlanması, iflas olması, bank sistemində yeni təlatümlərin yaranması daxildir. Ona görə də bu məsələnin həlli üçün Mərkəzi Bank özəl banklar, iş adamları ilə birgə addımlar atmalıdır. Faizlər dondurula bilər, nəticə etibarilə də Mərkəzi Bank bu addımı atan özəl banklara daha aşağı faizlə uzunmüddətli kredit verə bilər ki, o banklar həmin vəsait hesabına itirdiklərini başqa kreditlərdən, o cümlədən də istehlak kreditlərindən geri qazana bilsinlər”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR