Belə davam edərsə önümüzdəki illərdə ciddi tibbi kadr çatışmazlığı ilə rastlaşacağıq! Azadmedia.az xəbər verir ki, bu fikirləri tanınmış radioloq, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri
Aydın Əliyev şəxsi facebook səhifəsində bildirib: "Tibb işçilərinin sığorta əlavələri verilmir, covid əlavələri verilmir, covid-19-la mübarizədə həyatını itirən tibb işçilərinin ailələrinə heç bir kompensasiya verilmədi, xatirələri əbədiləşdirilmədi, heç ailə üzvlərinə quru başsağlığı belə verilmədi Tibb işçiləri bütün sosial qayğılardan məhrumdurlar! Üstəgəl sertifikasiya hoqqası. 20-30 il eyni vəzifələrdə işləyən məmurlar sertifikasiya edilmir heç, sanki gecə yatanda onlar vəhy yolu ilə təkmilləşirlər. Məzlum tibb işçiləri isə az bir gəlir qarşısında hətta mənasız suallarla dolu olan sertifikasiya imtahanı da verməlidirlər. Artıq abituriyentlərin içərisində tibb sahəsinə yönələnlərin sayı azalmaqdadır!", - yazan radioloq təssüflə Yönələnlərin də xarici ölkələrə üz tutmağa planlaşdırırdıqlarını qeyd edib: "Mənim 3 övladım var, heç birisi həkim olmaq istəmir israrıma rəğmən. Həyat yoldaşım da həkimdir. İkimiz də azdan-çoxdan pis həkim deyilik. Övladlarım deyirlər ki, biz də həkim olub sizin kimi əziyyət çəkəcəyik. Hər kəsə hörmətlə yanaşıram, amma fəhlə belə günü 30 azn-dən aşağı işləmir, ayda təqribən 900 azn edir. Həkimin aylıq maaşı isə təqribən 350 azn-dir. Oğurluq yolu ilə 5-3 manat qorxa-qorxa qazanan həkimlər də hər zaman qorxu və təhdid altındadırlar"
Sonda A.Əliyev sualını səhiyyəni yarıtmaz hala gətirənlərə ünvanlayıb: "Nə düşünürsüz səhiyyə-tibb məmurları? Niyə işçilərinizin qeydinə qalmırsız? Bu yaxınlarda haqqları tapdalanmış təcili tibbi yardım həkimlərinə də təhdid altında ərizələr yazdırılır ki, narazı deyilik. Artıq 21-ci əsrdir cənablar! Zorla, təhdidlə, məcburi işlətmək dövrü deyil! Sonra demədi deməyin! Olmaz belə Sonrakı peşmançılıq fayda verməyəcək!"
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.