Qalib ölkənin himnini ifa etmək böyük şərəf oldu – Formula 1-də himnimizi səsləndirən Qarabağ qazisi
Formula 1 Azərbaycan Qran Prisi çərçivsində Azərbaycanın Dövlət Himnini Vətən Müharibəsi iştirakçısı, opera müğənnisi Atəş Qarayev ifa edib.
Atəş Qarayev təəssüratlarını Trend-in çəkiliş qrupu ilə bölüşüb.
Qarabağ qazisi belə bir mötəbər tədbirdə - beynəlxalq əhəmiyyətli yarışmada Dövlət Himnini səsləndirməkdən qürur duyduğunu bildirib: “Milyonlarla dünya tamaşaçısının izlədiyi tədbirdə Himnimizi ifa etmək mənə əvəzedilməz fəxr yaşatdı. Şanlı Vətən Müharibəsində Böyük Zəfər qazanmış bir ölkənin vətəndaşı kimi, Qalib Ordunun əsgəri kimi xoşbəxtəm ki, bu missiya mənə nəsib oldu”.
Atəş Qarayev Azərbaycanın Vətən Müharibəsindəki Qəlbəsinə, bu cür möhtəşəm hissləri yaşadığına görə Müzəffər Ali Baş Kamandan İlham Əliyevə təşəkkür edib: “Biz ərazi bütövlüyümüzü və tarixi ədaləti bərpa etmişik. Xalqımızın qüruru özünə qayıdıb. Əlbəttə ki, bütün bunlara görə Qalib Ordunuun Müzəffər Komandanına borcluyuq”.
Qarabağ qazisi onu da vurğulayıb ki, Azərbaycanda müharibə iştirakçılarına, şəhid ailələri və əlillərə yüksək dövlət qayğısı göstərilir: “Biz daim dövlətin diqqətini hiss edirik. Hərtərəfli qayğı var. Dövlətimizdən və Prezidentimizdən razıyıq”.
Qeyd edək ki, Rusiyada opera müğənnisi kimi fəaliyyət göstərən Atəş Qarayev Vətən Mühribəsi başalyan zaman Azərbaycana qayıdıb və könüllü olaraq döyüşlərdə iştirak edib. O, Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. Atəş Qarayev keçdiyi döyüş yolundan da danışıb: “Döyüş xatirələrimiz çoxdur. Ən əsası onu deyə bilərəm ki, Azərbaycan hərbçiləri 44 gün ərzində bir addım belə geri çəkilmədi. Daim irəli getdik. Çünki, biz öz torpağımız uğrunda döyüşürdük. Arxamızda qüdrətli komandanın olduğunu, xalqımızın Prezidentin ətrafında Dəmir Yumruq kimi birləşdiyini bilirdik və bu bizə əlavə güc verirdi”.