İyulun 12-dən başlayan, 44 günlük Vətən müharibəsinin başlanğıcı hesab olunan, Azərbaycan ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən 1 il ötür.
2020-ci il iyulun 12-si, günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutublar. Döyüşlər zamanı hücum cəhdinin qarşısı alınıb, düşmənə sarsıdıcı zərbələr endirilib. Ordumuzun gördüyü cavab tədbirləri nəticəsində böyük itki verən düşmən geri çəkilməyə məcbur edilib. Ordumuz düşmənin 100-dən çox canlı qüvvəsini, xeyli sayda hərbi texnikasını və mühüm obyektlərini məhv edib.
Döyüşlərdə düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu – general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, MAXE əsgər Elçin Mustafazadə, MAXE çavuş Vüqar Sadıqov, MAXE əsgər Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov, əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid olub.
Artilleriya atəşi nəticəsində iyulun 14-də Tovuz rayonunun Ağdam kənd sakini, 1944-cü il təvəllüdlü Əziz Əzizov həlak olub.