AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Psixoloq Nəhayət Şirinova - "Milli mental dəyərlərin əsas tutulduğu bir ailədə şiddət görən qadın öz hüquqlarının müdafiəsinə qalxmır" - Reportaj

  • + A
  • - A
  • 6-08-2021, 11:09

    Ötən günlərdə, Sevinc Məhərrəmova adlı qadının əri tərəfindən başı kəsilərək qətlə yetirildiyi iddia edildi.
    Xatırladaq ki, Sevinc Məhərrəmova bu ilin mart ayında həyat yoldaşı Füzuli Qarayev tərəfindən zorakılığa məruz qaldığını bildirərək hüquq-mühafizə orqanlarına müraciət etmişdi. Cütlüyün 3 və 4 yaşlarında iki oğlu vardı.
    Elə bu hadisədən yola çıxaraq Azadmedia.az Qadınlara qarşı zorakılıq, məişət zorakılığının qarşısının alınması, problemin psixoloji tərəfləri hansı istiqamətdə və necə həll olunmalıdır deyə, Psixoloqlara üz tutdu.

    "Milli mental dəyərlərin əsas tutulduğu bir ailədə şiddət görən qadın öz hüquqlarının müdafiəsinə qalxmır"


    Bu fikirləri Psixoloq Nəhayət Şirinova Azadmedia.az-ın redaktoru Ülkər Piriyevaya açıqlamasında bildirib.


    Bildiyimiz kimi, QADIN HÜQUQLARI İNSAN HÜQUQLARININ AYRILMAZ HİSSƏSİDİR!
    "Qadın" – Bütün dünyada bu məhfumunun sahib olduğu sosial-iqtisadi, siyasi və qanuni hüquqların məcmusuna verilən bu ismi bu gün yetərincə anlamayan, dərk etməyən insanlar əfsuslar olsun ki, əhatəmizdə olduqca çoxdur.
    Azərbaycan demokratik bir ölkədir və biz hüquqi bir dövlətdə yaşayırıq. İstənilən qanuna zidd hərəkət üçün müvafiq hüquqi cəza tədbirlərinin mövcud olduğunu hər birimiz bilirik. Amma gəlin diqqət yetirək görək, çevrəmizdə qadın hüquqları yetərincə müdafiə olunurmu və ümumilikdə vəziyyət necə dəyişir?!
    Zorakılıq mövzusu bu gün üçün olduqca qlobal və cəmiyyətin təhlilinə ehtiyac duyduğu bir məsələdir.
    Məlumatızlıq və maarifləndırmənin azlığı ucbatından cəmiyyətimizdə bu kimi xoşagəlməz hallar mövcuddur. Öz hüquqlarını yetərincə dərk edən hər kəsə məlumdur ki, Avropa Şurasının "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısı alınması və ona, qarşı mübarizə" haqqında Konvensiyada bu məsələlərə yanaşma daha bariz şəkildə öz əksini tapmışdır.
    Psixoloq Nəhayət Şirinova - "Milli mental dəyərlərin əsas tutulduğu bir ailədə şiddət görən qadın öz hüquqlarının müdafiəsinə qalxmır" - Reportaj
    Zorakılıq mühitində yaşayan və zorakılıqdan zərər çəkmiş şəxslərin keçirdiyi hisslər?
    Olduqca ürək ağrıdan bir mövzu haqqında danışırıq.
    Zorakılıq mühitində yaşayan fərdlər və onların həyat hekayələri!..
    Adından da məlum olduğu kimi "zorakılıq" insanların, fərdlərin (xüsusilə qadınların) fiziki, psixoloji, sosial formada üzləşdiyi arzu olunmayan bir şiddətdir. Acı da olsa, ətrafımızda bu hallarla qarşılaşan və bu dəhşətin məngənəsində sıxılan milyonlarla insan (qadın) mövcuddur. Təəssüflə qeyd etməliyəm ki, bir qism insanlar var ki, öz hüquqlarını bilmədiyindən zorakılığı həyat tərzi olaraq qəbul edib yaşamağa məhkumdurlar. Ən təhlükəli və acınacaqlı hal isə, bu kimi situassiyaları yaşayan insanların cəmiyyətdəki rolu və zorakılığa məruz qaldıqdan sonrakı yaşam dönəmidir. İlkin olaraq özgüvənin itirilməsi ilə başlayan fəsadlar getdikcə dərinləşir - depressiya, özünə qapanma, günah hissi, müxtəlif fobiya və qorxularla əvəzlənir. Əfsuslar olsun ki, artıq cəmiyyətimizdə bu kimi hallar daha geniş vüsət almağa başlayıb.

    Psixoloji zorakılıq - bunun qarşısı ailədə necə alınmalıdır?
    Bəli, arzuolunmayan məqamlardan biri də psixoloji zorakılıqdır. Qeyd edim ki, bugünki cəmiyyətimizdə aparılan psixoloji araşdırmalar təsdiqləyir ki, ən çox qeydə alınan, bəzən isə illərlə davam edən, hətta üstü açılmayan faktorlardan biri də, elə psixoloji zorakılıqdır.
    Əgər, fiziki zorakılığın fəsadları zamanla bərpa oluna bilirsə, psixoloji zorakılığın izləri illərlə davam edə və daha ağır formaya çata bilir. Ona görə ki, psixoloji zorakılığın heç bir izi görsənmir, bəzi hallarda isə zərərçəkən özü belə fərqinə vara bilmir ki, o, hansı travmaları şüuraltısına daşıyıb.

    Zorakılıq mühitində tərbiyə almayan və ailə qurduqdan sonra zorakılıqla üzləşən qadın.. - Bu barədə fikirləriniz?
    Çox çətin olsa da, deyəcəm ki, elə gündəmdə duran ən aktual problemli situassiyalardan biri də bu faktordur.
    Çünki əksər hallarda ailə qurduqdan sonra ələlxüsus, ailəliliyin ilk dönəmlərində bu kimi hallara rast gəlinir. Çox sakit və normal bir mühitdə formalaşmış, tərbiyə almış qadın (qız) ailə qurduqdan sonra tam fərqli mühüt və onun sərt, yazılmamış qanunları ilə üz-üzə qalır. Ən dəhşətlisi isə ondadır ki, bəzən illərlə el arasında "dözməlisən", "ölən yerin də oradır, qalan yerin də" kimi ictimai qınaq predmetlərini həyat tərzinə çevirir, qaşılığında isə, kabus kimi bir həyat hekayəsinin dırnaqarası baş qəhrəmanına çevrilir.
    Bu kimi hallar isə çox pis nəticələrə sürükləyir və hətta ağır cinayətlərə qədər gətirib çıxarda bilir. Son günlərin gündəmində duran bədbəxt taleli "Sevinc "obrazı bütün bunlara əyani sübutdur.
    Bir qadın olaraq bu barədə dnışmaq mənim üçün çox çətindir.

    Zorakılığa məruz qalan qadınlar istənilən vaxt onu incidən şəxsi tərk edə bilər. Lakin bizim cəmiyyətdə bir çox qadınlarımız bunu etmir. Bəlkə də, qadının öz evini tərk etməməsinə elə psixoloji faktorlar mane olur..
    Bunlar hansı faktorlardır?

    Bu mövzunun dərinliklərinə vararkən məlum olur ki, bu tip situassiyalarda mental dəyərlər də öz rolunu göstərir.
    Milli mental dəyərlərin əsas tutulduğu bir ailədə şiddət görən qadın öz hüquqlrının müdafiəsinə qalxmır, onu basdırmağa çalışır və şüuraltında daima "bir daha olmaz" kimi bir stereotip yerləşdirir və müxtəlif səpkili qorxularla baş-başa qalır. Çünki onun ən böyük fobiyası ictimai qınaqdır və daima beynində "birdən ailəm dağılar", "ətrafım buna nə deyər", "ailəmin mənə olan fikirləri mənfi istiqamətdə dəyişər", “ailəm mənə sahib çıxmaz”, “Ailəm məni geri çevirər” və s.. kimi fikirlər yer alır. Bizdən fərqli olaraq Beynəlxalq sferada bu tip hallara baxış bucağı tam fərqlidir. Onlar daha tez problemdən yaxa qurtarmağa çalışır və daha möhkəm müdafiə mexanizmlərindən istifadə edirlər.

    Bəs, bu faktorların öhdəsindən gəlmək üçün qadın nələr etməlidir?
    Bax, elə bu kimi situassiyalarda güclü və ağıllı qadın obrazı göz önünə gəlir. Amma bir faktı unuduruq ki, bu gün istər ölkəmizdə, istərsə də inkişaf etməkdə olan digər ölkələrdə hər qadın öz hüquq və vəzifələrindən xəbərdar deyil. Əyalətlərdə, mərkəzlərdən uzaq ərazilərdə yaşayan təhsilsiz, sosial adaptasiya əksikliyi yaşayan, özgüvənsiz milyonlarla qadın vardır.
    Məncə bu kimi hallara qalib gəlmək üçün qadına deyil, bütün cəmiyyətə səslənmək vacibdir. Bu kimi arzuolunmaz hallar və onlarla mübarizə tam olaraq cəmiyyətin diqqət mərkəzində olmalıdır.
    Maarifləndirmənin daha da gücləndirilməsi, qadın və qızların təhsilə yönləndirilməsi, erkən nigah sindromuna son qoyulması, mütəmadi olaraq hər zaman təbliğ xarakterli monitorinqlərin aparılması bu kimi zorakı halların minimuma endirilməsinə təkan verəcəkdir.


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR