Əliabbas Salahzadə
Milli Məclisin deputatı 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra regionda və dünyada yaranan reallıqlara diqqəti yönəldərək bildirib ki, artıq beynəlxalq hüquq müdafiə təşkilatları da hesabatlarında həqiqətləri etiraf etməyə başlayıblar: “Sual olunur-Görəsən, onları bugünədək gerçəklikləri görməzdən gəlməyə nə vadar edirdi? Ədalətin, beynəlxalq hüququn norma və prinsiplərinin qorunması, ən əsası vahid icra mexanizminin müəyyənləşdirilməsi üçün məkan və zaman niyə əsas rol oynamalıdır? Bu sualları xeyli sayda ünvanlamaq olar. Amma hamısının bir cavabı var-Dünya ikili siyasətindən tamamilə xilas olmalı, yaradılan etimadsızlıq mühitini aradan qaldırmalıdır. Ermənistanda insan hüquqlarının, ümumilikdə demokratik təsisatların acınacaqlı vəziyyətdə olması təkcə bugünün reallığı deyil. İşğalçı dövlət hər zaman beynəlxalq hüququn və demokratik dəyərlərin mövcudluğunu atdığı addımları ilə inkar edib. 44 günlük Vətən müharibəsi dövründə bu məqama xüsusilə aydınlıq gətirildi. Ermənistandan öz maraqlarının icrası üçün bir vasitə kimi istifadə edən dövlətlər beynəlxalq hüququn pozulmasına göz yumur, dəstək missiyasını yerinə yetirməklə işğalçının atdığı addımları sanki demokratiyanın prinsipi kimi təqdim edirdilər. Ona görə “Freedom House” təşkilatı Ermənistanı “azad”, Azərbaycanı isə “qeyri-azad” ölkə kimi təqdim etməklə dünyanın siyasətində daha çox hansı meyarlara üstünlük verildiyini ortaya qoyurdu.”
Ə.Salahzadə qeyd edib ki, Azərbaycan dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından beynəlxalq hüququn bütün dövlətlərə eyni şəkildə tətbiqi üçün vahid mexanizmin müəyyənləşdirilməsini tələb edib: “30 ilə yaxın dövrdə BMT qətnamələrinə məhəl qoymayan, beynəlxalq hüququ kobud şəkildə pozan Ermənistan ona göstərilən dəstəyə söykənərək daha böyük iddialarla yaşamağa, yeni ərazilər uğrunda müharibə planları hazırlamağa başladı. 44 günlük Vətən müharibəsində Azərbaycan beynəlxalq hüquqa əsaslanan mövqeyinə söykənərək 30 ilin işğalına son qoydu, dünyanın ikili siyasətinin hansı problemlərə yol açdığını nümayiş etdirdi.”
“Vaxtilə Azərbaycanı demokratik inkişaf baxımından “ən zəif”, işğalçı Ermənistanı isə “güclü” ölkə kimi təqdim edən təşkilatlar bu gün işğalçı dövlətdə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasından bəhs edir, hesabatlar hazırlayırlar” söyləyən millət vəkili vurğulayıb ki, həqiqətləri inkar, həmçinin etiraf edən də eyni təşkilatlardır: “Illərdir “araşdırmalarında” ədaləti arxa plana keçirib qərəzi, yalanı əsas meyar kimi qəbul edən "Human Rights Watch", "Amnesty International", "Freedom House" kimi təşkilatlar, ABŞ Dövlət Departamenti Ermənistandakı insan hüquq və azadlıqlarına dair real vəziyyəti öyrənmək qərarına gəliblər. Həmin hesabatlarda COVID-19 pandemiyasına qarşı mübarizə, həmçinin 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə dövrlərində Ermənistanda daxili vəziyyətin daha da gərginləşməsi fonunda cəmiyyətin ciddi ictimai və siyasi böhran yaşamasından bəhs olunur. Bildirilir ki, Ermənistanda sərbəst toplaşmaq, söz və ifadə azadlıqlarının, uşaq və qadın hüquqlarının kobud şəkildə pozulması halları sürətlə artmaqdadır. Ölkə üzrə irqi ayrı-seçkilik və dözümsüzlük, polis tərəfindən zor tətbiq edilməsi, işgəncə, vətəndaşlarla pis rəftar edilməsi nümunələri, hüquq müdafiəçilərinə qarşı amansız tədbirlər, cəzaçəkmə və islah müəssisələrində dözülməz vəziyyət, korrupsiyanın bütün sahələrdə hökm sürməsi və şəffaflığın olmaması kimi neqativ hallara dair məlumatlar da həmin hesabatlarda qeyd edilib. Reallıqlar təsdiqləyir ki, artıq bu gün tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüququn pozulmasına 30 ilə yaxın dövrdə göz yuman dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar sonda Vətən müharibəsinin yaşanmasına yol açdıqları kimi eləcə də demokratik dəyərlərin hər addımda ayaq altına atılmasına laqeyd yanaşmaqla, Ermənistana dəstək olmaqla bu prinsiplərin mövcudluğunu sual altına almağa, hazırkı acınacaqlı vəziyyətin yaranmasına stimul verdilər. Demək, müəllifləri dəyişməyən hesabatlarda bu gün faktları dəyişən Azərbaycanın yaratdığı yeni reallıqlardır. Bir daha təsdiqlənir ki, ədalət ən böyük meyardır.”