AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əliabbas Salahzadə: Azərbaycan ədalət və beynəlxalq hüququn müdafiəsi sahəsində səylərini daha da artırır

  • + A
  • - A
  • 14-07-2021, 17:52

    Əliabbas Salahzadə: Azərbaycan ədalət və beynəlxalq hüququn müdafiəsi sahəsində səylərini daha da artırır

    Əliabbas Salahzadə
    Milli Məclisin deputatı


    Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlardan bəhs edərkən bildirib ki, tarixi Qələbəmiz regionda yeni reallıqlar yaradaraq Azərbaycanın diktə edən tərəf kimi mövqeyini möhkəmləndirməklə yanaşı, dünya siyasətində də mühüm dəyişikliklərə yol açdı: “ İyulun 13-də Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında videoformatda çıxışı zamanı dövlət başçısı İlham Əliyev bu fikri xüsusi qeyd etmişdir ki, Azərbaycanın şanlı Qələbəsi beynəlxalq hüququn, ədalətin və Qoşulmama Hərəkatı dəyərlərinin təntənəsidir.

    44 günlük İkinci Qarabağ müharibəsində Zəfərimizlə tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsi ifadəsinin işlədilməməsinə, yeni səhifənin açılmasına çağırışlar edən Azərbaycan, həmçinin ermənilərin hec zaman unudulmayacaq vəhşiliklərindən bəhs edir, Ermənistanın törətdikləri vandalizm aktlarına görə beynəlxalq hüquq çərçivəsində layiq olduğu cəzanı alacağını böyük inamla bəyan edir.”

    Ə.Salahzadə qeyd edib ki, Azərbaycanın beynəlxalq təşkilatlarda fəal mövqeyi xarici siyasət uğurlarının əsas tərkib hissələrindəndir: “Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv qəbul olunub. Ölkəmiz 10 ildə Qoşulmama Hərəkatında olduqca böyük nüfuz və etimad qazanıb. 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik ölkəmizə həvalə edildi. Məqsəd və məramı sülh, multilateralizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi olan qurum bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır, ölkələrin daxili işlərinə qarışmamaq prinsiplərini öndə saxlayır. 44 günlük Vətən müharibəsində diqqət çəkən bir məqam Qoşulmama Hərəkatına üzv dövlətlərin Azərbaycana hörmətini, ən əsası ədalətə dəstəklərini nümayiş etdirdi. Belə ki, BMT Təhlükəsizlik Şurasının bəzi üzvləri, xüsusilə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri-ABŞ, Fransa və Rusiya 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qətnamələrini nəzərə almadan, qərəzli bəyanat qəbul etdirmək cəhdləri göstərdilər. Lakin Təhlükəsizlik Şurasındakı müzakirələr zamanı Azərbaycanın mövqeyini dəstəkləyən Qoşulmama Hərəkatının yeddi üzvü təkid etdi ki, müzakirə edilən mətnə Təhlükəsizlik Şurasının qətnamələrinə istinad əlavə edilsin. Azərbaycan onların bu mövqeyini ikitərəfli münasibətlərimizdə tarixi dostluq jesti kimi dəyərləndirdi. Bu günlərdə Bakıdakı diplomatik korpus və beynəlxalq təşkilatların nümayənədələrinin Şuşaya səfərinə ABŞ, Fransa və Rusiya səfirlərinin qatılmamaları da ölkələrinin ədalət meyarına ikili yanaşmalarına işıq saldı. Onların ikili siyasətlərinə necə haqq qazandıracaqlarını özlərinə həvalə edərək diqqətlərinə çatdıracağımız əsas reallıq budur ki, Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. İşğalçı dövlət və ona havadarlıq edən dövlətlər bu reallıqlarla barışsalar daha yaxşı olar.”

    Millət vəkili vurğulayıb ki, dövlət başçısının tapşırığına uyğun olaraq xarici diplomatların və jurnalistlərin azad olunmuş ərazilərə müntəzəm səfərləri təşkil edilir: “Təbii ki, məqsəd vandalizmin izlərini görmək, təmsil olunduqları ölkələrdə ermənilərin əsl simasını ortaya qoymaqdır. İşğaldan azad edilmiş ərazilərə səfərlərdə iştirak edən dövlətlərin böyük əksəriyyətində erməni diasporu güclüdür. Səfirlər bu səfərləri ilə Azərbaycan həqiqətlərinə, bu torpaqların sahibinin biz olduğumuza dəstəklərini ifadə edirlər. ABŞ, Fransa və Rusiya səfirlərinin səfərdən iştirak etməmələri bir tərəfdən ikili standartlara əsaslanırsa, digər tərəfdən Azərbaycanın regionda və dünyada artan mövqeyindən narahatlıqlarının ifadəsidir. Onlar Azərbaycanın qısa zamanda bu torpaqlarda yaratdıqları cənnəti görəcəklərindən narahatlıq hissi keçirirlər. Azərbaycana davamlı uğurlar qazandıran düşünülmüş və gələcəyə hesablanmış siyasətidir. Dövlətimizin başçısı qeyd etdiyimiz nitqində “Azərbaycan Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun artırılmasına töhfə verilməsi, Hərəkat çərçivəsində həmrəyliyin gücləndirilməsi, ədalət və beynəlxalq hüququn müdafiəsi sahəsində əlindən gələni əsirgəməyəcək” söyləməklə bir daha qalib ölkə kimi Azərbaycanın artan rolunun mənzərəsini yaratdı.”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR