AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın konkret təklifləri masa üzərindədir

  • + A
  • - A
  • 19-08-2021, 11:54

    Azərbaycanın konkret təklifləri masa üzərindədir

    Azərbaycan həmişə sülh tərəfdarı olub, sülh danışıqlarını dəstəkləyib. Sülhə nail olmaq üçün ölkəmizin konkret təklifləri masa üzərindədir. Yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası...
    Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi nəinki bizim, Ermənistanın da maraqlarına cavab verir. Çünki Zəngəzur dəhlizi onların da maraqlarına xidmət edəcək. Onlar da dəmir yolu ilə həm İranla, həm Rusiya ilə əlaqə yarada bilərlər. Bu dəhliz dövlətlər üçün yeni fürsətlər ortaya çıxaracaq.
    Bu sözləri Azadmedia.az-a Milli Məclisin deputatı Məşhur Məmmədov müharibədən sonra ölkələr arasında qurulacaq iqtisadi-siyasi əlaqələri şərh edərkən bildirib.
    "Ermənistanda cəmiyyət ürəkaçan psixoloji durumda deyil. İfrat millətçilik, türkofobiya, azərbaycanofobiya, islamofobiya o dərəcədə insanların və hakim dairələrin beyinlərini zəhərləyib ki, onlar sülhü istəsələr də, dilə gətirə bilmirlər" - deyən deputat Ermənistanda cəmiyyət və hakimiyyətin çox çətin bir psixoloji durumda olduğunu və səbəbini qeyd edir: "Çünki onların otuz il ərzindəki ideoloji sütunları darmadağın edildi, mifologiya darmadağın edildi".
    M.Məmmədov müxbirimizin işqaldan azad olunmuş ərazilərdə Rusiya-Azərbaycan münasibətləri barədə sualına cavabında Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahlar və hərbçilər göndərilməsini qəbuledilmız hesab etdiyini bildirərək qeyd etdi ki, bu məsələ 10 noyabr üçtərəfli Bəyanatına ziddir. Deputat baş verənlərə təəssüf hissi bildirərək, bu prosesin bu günə qədər davam etməsindən narahat olduğunu bildirdi: "Dövlət səviyyəsində bir neçə dəfə şifahi qaydada öz iradlarımızı bildirmişdik. Ancaq bunun nəticəsi olmadı, ona görə biz rəsmi qaydada bunu bildirdik".
    Cənubi Qafqazdakı vəziyyət dəyişir və 3+3 formatı da gündəlikdədir. Bu məsələdə də Azərbaycanın və Türkiyənin mövqeləri üst-üstə düşür. Biz bu formatı dəstəkləyirik və ümid edirik ki, digər ölkələr də buna qoşulacaqlar, - deyən millət vəkili Gürcüstan tərəfinin buna hazır olmaması səbəninə də aydınlıq gətirdi: "Çünki Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər yoxdur. Bu, Gürcüstanın mövqeyidir, biz bu mövqeyə hörmətlə yanaşmalıyıq. Amma buna baxmayaraq, regional işbirliyi, sabitliyin təmin olunması və gələcəkdə müharibə riskinin sıfra endirilməsi üçün bölgə ölkələri arasındakı əlaqələr çox önəmlidir. Burada konkret layihələr də müzakirə oluna bilər. Çünki bu, sadəcə olaraq, siyasi təşəbbüs deyil. Burada, ilk növbədə, Zəngəzur dəhlizinin və digər yolların açılmasından sonra bizim Ermənistanla digər nəqliyyat layihələrimiz ola bilər. Ondan sonra ticarət əlaqələrinin bərpası, Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsi, bütün bunlar çox önəmli məsələlərdir".
    - Rusiyadan gözləntimiz nədir? - sualına Məşhur Məmmədov Rusiyadan gözləntimizin üçtərəfli Bəyanatın bütün müddəalarının yerinə yetirilməsi olduğunu bildirdi. "Bu üçtərəfli Bəyanatı Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri imzalamışlar və onların böyük qismi artıq gerçəkləşib. Amma bəzi məsələlər var ki, hələ də açıqdır. Gözləntimiz bundan ibarətdir. Rusiya Azərbaycanın qonşusu və Ermənistanın yaxın müttəfiqi kimi, əlbəttə, bu bölgədə xüsusi rol oynayır. Bu, təbiidir. İstəyirik ki, Rusiya bundan sonra da bu bölgənin təhlükəsizliyi üçün öz səylərini əsirgəməsin və uzunmüddətli sülhü təmin etmək üçün addımlar atsın. Eyni zamanda, bizim gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın. Biz bu məsələni Rusiya tərəfinə çatdırmışıq. Bu, bizi narahat edir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, müharibə başa çatıb, erməni xalqı da bu vəziyyətlə barışıb. Erməni rəhbərliyi də məğlubiyyətlə barışıb və Ermənistanda keçirilmiş son parlament seçkiləri bunu göstərdi. Tarixdə görünməmiş bir mənzərədir ki, məğlub edilmiş rəhbərlik, yenidən xalqdan səs alır. Belə olan halda, əlbəttə ki, Ermənistanı silahlandırmaq heç bir məntiqə sığmır. Biz hələ ki, bunu görmürük, müşahidə etmirik. Amma Rusiya tərəfindən bəzi açıqlamalar oldu. Bir neçə gün bundan əvvəl Rusiya müdafiə naziri Ermənistan müdafiə naziri ilə görüş zamanı söyləmişdir ki, Ermənistana Rusiya silahlarının göndərilməsi prosesi başlamışdır. Bu, çox narahatedici bir məsələdir. Həm də Ermənistanın yeni müdafiə naziri çox məsuliyyətsiz açıqlamalar verdi ki, əgər Azərbaycan tərəfi Ermənistan sərhədini bir santimetr pozsa, o zaman onlar atəş açacaqlar. Yəni, görünür, İkinci Qarabağ savaşı hələ ki, hər kəs üçün dərs olmadı. Əgər belədirsə, biz dərsini yenidən verməyə hazırıq. Ona görə biz ümid edirik ki, Rusiya Ermənistanı silahlandırmayacaq. Çünki buna ehtiyac yoxdur".
    Sonda deputat sözlərinə cənab Prezidentin Türkiyənin nüfuzlu CNN kanalına verdiyi müsahibədə Rusiya ilə bağlı dediyi fikirlərlə yekun vurdu: "Biz istəyirik ki, Rusiya bu məsələdə bizim narahatlığımızı nəzərə alsın. Çünki nə qədər silahlar verilsə də, yenə də güclər nisbəti dəyişməyəcək. Çünki son 30 il ərzində Rusiya Ermənistana milyardlarla dollar dəyərində pulsuz-parasız silahlar verib, - onların bir qismi indi bizim Hərbi Qənimətlər Parkında dağılmış muzey eksponatları kimi sərgilənir, - buna baxmayaraq, Ermənistan ordusu tamamilə darmadağın edilib. Biz ordumuzun silahlanmasına nə qədər lazımdır, o qədər də vəsait ayıracağıq və bunu edirdik. Sadəcə, hesab edirik ki, artıq müharibə bitdi, buna ehtiyac yoxdur. Bölgənin yenidən silahlandırılması prosesinə biz təşəbbüskar olmamışıq və deyilik. Ümid edirik ki, digər tərəfdaşlar da buna uyğun addımlar atacaqlar".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR