Məşhur Məmmədov,
Milli Məclisin deputatı44 günlük Vətən Müharibəsi bitsə də, ermənilər eyforiyadan əl çəkmir, hər gün yeni-yeni xəyallara düşürlər, sərsəm açıqlamalar verirlər. Cənab Prezident hər dəfə onların səsləndirdikləri fikirlərə qətiyyətlə cavab verərək bildirir ki, Müzəffər Ordumuz da, "dəmir yumruq" da yerindədir. Onlar hələ də aldıqları zərbəbin təsirindən ayıla bilmir. Ölkəmizdə isə vəziyyət tam fərqlidir. İtkilərimiz bizi kədərləndirsə də, onların xatirəsini qəlbimizdə əziz tutur, igidlərimizin qanları, canları bahasına aldıqları torpaqda abadlıq-quruculuq işləri ilə məşğuluq. Zəfər Qələbəsinun ilk günündən Ali Baş Komandan işğaldan azad edilmiş torpaqları cənnət-məkana çevirəcəyini demişdi.
Xankəndində və onun ətrafında yaşayan ermənilər də anlamalıdır ki, onlar Azərbaycan vətəndaşlarıdır, istəsələr də, istəməsələr də, ölkə qanunlarına hörmət edərək yaşamalıdırlar: “Çünki biz istəsək də, istəməsək də qonşuyuq və yanaşı yaşamalıyıq və bir daha bu birgə yaşamanı öyrənməliyik. Bu, asan deyil. Burada emosiyalar var. Xüsusən də, Azərbaycan xalqı azad edilmiş torpaqlara səfərlər etdiyi zaman və tam yerlə-yeksan olunan yerləri görəndə, siz yəqin ki, təsəvvür edə bilərsiniz, hansı hissləri keçirirlər. Lakin siyasətçilərin rolu öz gündəliklərini müdafiə etməkdən və yalnız qarşılıqlı fəaliyyət sayəsində regionda dayanıqlı inkişafın, sülhün və təhlükəsizliyin olacağını izah etməkdən ibarətdir”.
Bütün diqqətlər Zəngəzur dəhlizinin açılmasına yönəlib. Çünki o dəhliz fəaliyyət göstərərsə, Azərbaycan iqtisadiyyatı üçün, Azərbaycanın regionda söz sahibi olması üçün çox münbit şərait yaranacaq: “Ümid edirik ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq. Biz artıq çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış etmişik. Yeri gəlmişkən, onlar 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda da əks olunub. Bu, xüsusən də, kommunikasiyaların və yeni daşımalar dəhlizlərinin açılması ilə bağlıdır. Sizə deyə bilərəm ki, bu layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb. Azərbaycan bu məqsədlə artıq texniki və maliyyə imkanlarını ayırıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq”.
Dövlətimizin başçısı dəfələrlə çıxışlarında deyib ki, Azərbaycan əməkdaşlığa və ümumi gələcəyimizin planlaşdırılmasına açıqdır. İnanırıq ki, Cənubi Qafqaz ölkələri onlara edilən təkliflərdən yararlanacaq, regionda hər bir ölkənin maraqlarına uyğun geosiyasi dəyişikliklər baş verəcək. Əgər Ermənistan hakimiyyəti öz xalqlarını düşünürlərsə, eyforiyadan ayılıb tarixi təkrar-təkrar oxuyub öz işğalçılıq siyasətlərindən əl çəkməlidirlər. 3 tərəfli müqaviləyə qol çəksələr də, tez-tez sərhəd pozuculuqlarının, sərhədimizi qoruyan igidlərimizin anında onları öz torpaqlarına qovduqlarının şahidi oluruq. Zaman o zaman deyil havadarlarına arxayın olub qonşu dövlətin torpağına göz dikəsən. İqtisadi dirçəlişə sahib olmaq üçün qonşu dövlətlərlə əlaqələr qurub qarşılıqlı əməkdaşlıq çərçivəsində edilən təkliflərdən yararlanmalısan. Ümid edək ki, Azərbaycanın iqtisadi yüksəlişi, cənab Prezidentin verdiyi məntiqli, ölkənin maraqlarına hesablanmış qərarlar Azərbaycanda sabitliyi pozmağa cəhd edən qonşularımız üçün də örnək olacaq. Azərbaycan bütün iqtisadi və siyasi nailiyyətlərə öz liderinin, rəhbərinin bacarığı və uzaqgörənliyi sayəsində nail olur. Ölkəyə xalqı düşünən, siyasi, iqtisadi manevrləri çox peşəkarcasına edən şəxsin rəhbərlik etməsi də bir şans məsələsidir. Bu şansdan qonşularımıza da arzulayıram. Ölkə olaraq biz işğaldan azad olunan ərazilərin tez bir zamanda abadlaşdırılmasına, fəaliyyət göstərəcək Zəngəzur dəhlizinin yeni imkanlar yaradacağına köklənmişik.
"Biz indi gələcəyə baxmalıyıq. Otuz illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır".
Cənab Prezident İlham Əliyevin dünən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə çıxışı zamanı söylədiyi bu fikirlər ölkəni irəlidə gözləyən xoş günlərin anonsudur.