Birinci mobil operatorun əl atdığı axırıncı yol – “Bakcell" mərkəzində biabırçılıq / FOTOLAR
"Bakcell”lə bağlı zaman-zaman ölkə mətbuatında ciddi informasiyalar yazılıb, səslənib.
Bu iddialarda daha çox mobil operatorun müxtəlif texniki oyunlarla müştərilərini aldatması, onları narazı salması öz əksini tapıb.
2017-ci il hələ yeni qədəm qoymasına baxmayaraq, "Bakcell”lə bağlı ilk şikayət heç də özünü gözlətmədi. Bu dəfəki şikayət şirkətin "alıb-aldatdı” oyunundan deyil, Müştəri Xidmətlərinin fəaliyyəti ilə bağlıdır.
AZXEBER.COM-a müraciət edən, adının gizli saxlanılmasını istəyən şikayətçinin sözlərinə görə şirkətin Bakının mərkəzində - "Fəvvarələr Meydanı” ərazisində yerləşən Müştəri Xidmətləri Mərkəzi müştəridən bol, xidmətdən isə kasad vəziyyətdədir. Şikayətçi deyir ki, sözügedən ərazidəki satış mərkəzində boş masalardan başqa gözə dəyən tapılmır. Filialda 3 əməkdaşının işləməsi üçün yer ayıran şirkət cəmisi bir əməkdaşı ilə vətəndaşlara xidmət göstərməyi üstün tutur.
Vətəndaş bununla bağlı şirkətin əməkdaşına öz şikayətini bildirdiyini və cavabında "bura çox adam gəlmir, ona görə tək işləyirəm” cavabını aldığını deyir.
Müştəri xidmətlərindən çəkilən fotolara isə bir də sizin nəzər yetirməniz yerinə düşər. Fotolardan da gördüyünüz kimi yalnız sol küncdə bir müştəri əyləşib. O isə müştəri xidmətlərinin bütün yükünü tək başına daşıyan "Bakcell” əməkdaşının gəlişini gözləyir. Sırada isə hələ onlarca adam var...