Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə 30 Avqust 2021-ci il tarixdə ölkəmizdə ilk dəfə olaraq Azərbaycan -Türkiyə qardaşlığının tarixi və bu gününü, əbədiyaşarlığını ifadə edən Türkiyənin zəfət bayramı münasibətilə açıq hava şəraitində tədbir keçirildi.
Tədbirdə Dövlət rəsmiləri, Türkiyə səfirliyinin rəsmisi Barış Sayqın Millət vəkilləri Razi Nurullayev, Vüqar İsgəndərov Türk iş adamları, tanınmış ictimaiyyət nümayəndələri, Şəhid ailələri və Qazilər, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyəti iştirak iştirak etdilər.
Tədbirdə çıxış edənlər Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin tarixi və bu gününə nəzər salaraq qeyd etdilər ki, Avqustun 30-u Türkiyə tarixinin ən önəmli günlərindən biri - Zəfər bayramıdır. Natiqlər bildirdilər ki, bu Zəfər bayramının ölkəmizdə təntənəli şəkildə keçirilməsi 44 günlük Vətən müharibəsi dövründə Türkiyə rəhbərliyinin Azərbaycana göstərdiyi ictimai- siyasi dəstək fonunda olduqca əhəmiyyətlidir. Bütün çıxışlarda hər ikisinin soy kökü bir olan qardaş Türk dövlətləri olaraq Azərbaycanda və Türkiyədə davamlı şəkildə bu cür ictimai-siyasi, tarixi əhəmiyyətli tədbirlərin keçirilməsinin vacibliyi xüsusi olaraq vurğulandı.
Tədbirlə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal mətbuata açıqlamasında qeyd etdi ki, 1922-ci il avqustun 30-da Türkiyə ordusu Mustafa Kamal Paşanın komandanlığı altında Qurtuluş savaşının taleyini həll edəcək zəfər qazanaraq ölkənin cənub-qərbini yunan işğalından azad edib.
30 avqust zəfəri Türk xalqının və Türkiyənin tarixində yeni bir səhifə açıb.Bu zəfər sayəsində Sevr sazişi tarixin zibilliyyinə atıldıqdan sonra 1923-cü il oktyabrın 29-da Mustafa Kamal Paşa Türkiyə Cümhuriyyətini elan edib.
Qəhrəman türk əsgəri 1918-ci ildə öz zəfər bayrağını Azərbaycan torpaqlarında da dalğalandırıb və xalqımızı rus-erməni qoşunlarının həyata keçirdiyi soyqırım aktlarından xilas edib. Azərbaycan Cümhuriyyəti həm də türk əsgərinin zəfərinin əsəridir və xalqımız dünya durduqca bunu unutmayacaq.
Zamin Zeynal onu da bildirdi ki, Türkiyənin Zəfər bayramı ölkəmizdə ilk dəfə keçirilib.
Zəfər bayramını keçirməkdə əsas məqsəd Azərbayacan Prezidenti cənab İlham Əliyevin və Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Bir millət, iki dövlət tarixi qardaşlıq və dostluq münasibətlərinə ictimai töhfə verərək, soydaşlıq borcunu yerinə yetirməkdir.
Qardaş Türk xalqının Zəfər bayramının Azərbaycanda təntənəli şəkildə keçirilməsi Odlar Yurdu Azərbaycandan Türk dünyasına birlik, qardaşlıq, dostluq və əməkdaşlıq mesajını verməkdir.
Zəfər bayramın mübarək Türkiyə Azərbaycan!
Nicat Abbas,
Mətbuat katibi