Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!Prezident İlham Əliyevin 2020-ci ilin noyabrın 8-də Şəhidlər Xiyabanında xalqa müraciəti zamanı səsləndirdiyi bu xoş xəbər və Şuşanı dirçəltməklə bağlı verilən mesaj artıq bir neçə aydır ki, reallığa çevrilib. Bir müddətdir ki, Qarabağın incisi olan Şuşa şəhərinin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə start verilib. 28 illik işğal dövründə ermənilər tərəfindən viran qoyulan, tarixi mədəni abidələri dağıdılan bu şəhərdə artıq həyat canlanmağa başlayıb. Şuşanın dövlət başçısı tərəfindən mədəniyyət paytaxtı elan edilməsi də mühüm tarixi əhəmiyyətə malikdir.
Bu ilin yanvarın 14-də işğaldan azad edildikdən sonra ilk dəfə Şuşaya səfər edən Prezident İlham Əliyev çıxışında erməni vandalizmi nəticəsində dağıdılan Şuşa şəhərinin bərpa edilməsi, öz tarixi simasına geri qayıdacağının anonsunu vermişdi. Dövlət başçısı güllələnmiş Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı büstlərinin yenidən öz yerinə qoyulacağını bəyan etmişdi. Prezidentin bu sözləri artıq reallığa çevrilib. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub.
İki gün əvvəl Şuşaya növbəti dəfə səfər edən Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Şuşa şəhərinin baş planı təqdim olunub. Təqdimatda bildirildi ki, mədəniyyət paytaxtımızda həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulacaq və tezliklə keçmişdə olduğu kimi, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.
Məlumdur ki, mədəniyyət paytaxtımız Şuşada həyata keçirilən təmir-bərpa işləri Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşır. Şuşada bu ilin mayında 32 ildən sonra keçirilən möhtəşəm “Xarıbülbül” musiqi festivalının təşkilatçısı Heydər Əliyev Fondu idi. Fondun təşkilatçılığı ilə Şuşada görkəmli bəstəkar Üzeyir Hacıbəyovun heykəli ucaldılıb. Həmçinin burada Fond tərəfindən dini abidələrimiz olan Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidlərinin bərpa-təmir işləri aparılır.
Bundan əlavə, “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işləri, Molla Pənah Vaqifin büstü, Vaqif Poeziya Günlərinin təşkilatçılığını da Heydər Əliyev Fondu həyata keçirib. Həmçinin şəhərdə Yaradıcılıq Mərkəzi, Rəsm qalereyası və Xalçaçılıq qalereyasının bərpa-təmir işləri aparılıb.
Ötən gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən bərpa və təmir olunaraq yaradılan Şuşadakı Xalçaçılıq Qalereyasında “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgisinin açılışı ilə tanış olublar.
Əvvəla bildirək ki, xalçaçılıq sənəti Azərbaycan xalqının milli mədəniyyəti tarixində müstəsna yer qazanıb. Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət sahəsinə göstərdiyi diqqət xalçaçılıq sənətindən yan keçməyib. Elə Fondun təşəbbüsüylə Azərbaycan ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi də görülən işlərin bariz nümunəsidir.
Yüksək estetik əhəmiyyət kəsb edən xalçaçılıq sənətinin dünyanın şah əsərləri sırasına daxil edilməsi ilə bu sənət növünün dünya dövlətləri tərəfindən qəbul edilməsinə gətirib çıxardı. Xalçaçılıq sənətinin beşiyi hesab olunan Azərbaycanda toxunan və istehsal edilən xalçalar dünyada müqayisə edilməyən nümunə kimi qəbul olunur.
Həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə "Azərbaycan xalçaları" kataloqu nəşr edilib. "Azərbaycan xalçaları bütün məktəbləri ilə" layihəsi kitab şəklində nəşr edilib.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar çox əhəmiyyətli işlər görülüb. Heydər Əliyev Fondu tərəfindən, xüsusilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə UNESCO-nun baş qərargahında və bir sıra ölkələrdə Azərbaycan xalça sənətinin təbliği məqsədilə çoxsaylı layihələr reallaşdırılır. Ötən ilin yanvarında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESCO-nun baş qərargahında “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı sərgi də nümayiş olunub.
Avqustun 30-da Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutan sərgidə də Milli Xalça Muzeyinin təqdim etdiyi xovlu və xovsuz xalçalar, xalça məmulatları, milli tikmə və geyim dəstləri, bədii metal nümunələri nümayiş olunur.
Xalçaçılıq Qalereyasında diqqət çəkən məqam isə orada nümayiş edilən eksponatların 1992-ci ildə Şuşa filialından xilas edilmiş xalçalar olmasıdır. Bu bir daha onu göstərir ki, Heydər Əliyev Fondu hər zaman olduğu kimi tariximizə sahib çıxır.
Sərgi barədə təəssüratlarını “Qafqazinfo”ya bölüşən Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirib ki, ötən gün növbəti tarixi əhəmiyyətli günə şahidlik ediblər: “Biz Şuşaya qayıdış prosesindəyik. Şəhər dirçəlir, abidələr bərpa olunur. Hər dəfə Şuşaya gələndə görürsən ki, nələrsə bərpa olunub. Biz bu günləri həqiqətən də qürur hissiylə yaşayırıq. Milli Xalça Muzeyinin Şuşada vaxtilə 1992-ci ilə qədər filialı fəaliyyət göstərib. İşğaldan öncə muzeyimizin xalçaları və digər nümunələrin hamısı təxliyyə olundu. Xalçaların və nümunələrin hamısı Bakı müzeyinə gətirildi. İndi də Milli Xalça Muzeyində onların bir qismi daimi ekspozisiyada nümayiş olunur.
Biz bütün bu illər ərzində həsrətlə gözləyirdik ki, bu eksponatlarla Şuşaya qayıdaq. Cənab Prezidentimiz, Müzəffər Ordumuz bu sevinci bizim üçün yaşatdılar. Ötən il noyabrın 8-də Cənab Prezidentin çıxışında Şuşanın azad olunması xəbərini aldıq. Və bütün azərbaycanlılar üçün bu ən xoşbəxt gün idi. Hamı ağlayırdı. Biz belə hissləri heç vaxt keçirməmişik.
Dərhal muzeydə müzakirələr aparmağa başladıq ki, hansı eksponatları Şuşada nümayiş etdirək. Bu məqsədlə kolleksiyaya baxmağa başladıq. Bizim üçün vacib olan o idi ki, vaxtilə Şuşada Mehmandarovların iqamətgahənda olan eksponatlar burada nümayiş edilsin. Buna görə də eksponatlar arasından seçim etdik”.
Ş. Məlikova vurğulayıb ki, sərgidə ancaq Qarabağa aid olan eksponatlar nümayiş olunur:
“Sovet dönəmində bizim filialımızda digər bölgələrin xalçaları da sərgilənirdi. Amma bu dəfə ekspozisiyanı elə qurduq ki, ancaq Qarabağa aid olan maddi mədəniyyətin gözəlliyini göstərək. Bütün kolleksiyaları burada təqdim etdik. Sərgidə həm xovlu xalçalar, həm xovsuz xalçalar, xalça məmulatları, bədii tikmə və metallar, Qarabağın gözəl qadın geyimləri nümayiş etdirilir. Hazırda burada 30-dan artıq eksponat var.
Demək olar ki eksponatların əksəriyyəti XIX əsri təmsil edir. XVIII əsrə aid olan bir unikal xalçanı da bu sərgiyə əlavə etdik. Bu da Çələbi xalçasıdır. Bu xalça keçən il Mədəniyyət Nazirliyi tərəfindən İtaliyada baş tutan yarmarkadan alınıb. Bu kollleksiya bizim Şuşa filialımıza hədiyyə edilib. Ona görə də bu xalçanı biz burada sərgiləyirik”.
Muzey direktoru xatırladıb ki, ötən gün Cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva sərgini açıblar: “Fəxri qonaqlar da gəlib baxdılar. Bizim burada sərgimiz açıq olacaq. Şuşaya gələn qonaqlar mütləq bizim sərgimizi ziyarət edəcəklər. Biz gözləyirik ki, bizim Şuşada filialımız bərpa edilsin, hələ ki nümayiş edilən sərgidir. Şuşada sərginin nümayiş edilməsi Heydər Əliyev Fondunun növbəti dəfə xalça sənətinə sahib çıxdığının nümayişi idi”.