AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"İlham Əliyev: Əziz Şuşa, biz qayıtmışıq!” kitabı işıq üzü görüb

  • + A
  • - A
  • 7-07-2021, 21:33

    Bu günlərdə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) xalqımızın tarixində, mədəni irsinin qorunmasında və ictimai-siyasi həyatında fövqəl əhəmiyyətə malik olan Şuşa şəhərinin işğaldan azad edilməsinə həsr edilmiş vacib layihəyə imza atıb – Azərbaycan, türk, ingilis və rus dillərində “İlham Əliyev: Əziz Şuşa, biz qayıtmışıq!” kitabı işıq üzü görüb.

    Azadmedia.az xəbər verir ki, kitabın əvvəlində xalqımız üçün mühüm əhəmiyyət kəsb edən 2 tarixi sənəd öz əksini tapıb. Bu sənədlərdən birincisi “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 may 2021-ci il tarixli Sərəncamıdır. Digər sənəd isə 15 iyun 2021-ci ildə Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”dir.

    Kitabın Azərbaycan dövləti və xalqı üçün böyük əhəmiyyətə malik bu sənədlərlə başlaması rəmzi məna kəsb edir.

    AVCİYA tərəfindən nəfis tərtib edilərək böyük oxucu auditoriyasına təqdim edilmiş kitab “Rəsmi xronika” və “Şuşa (müxtəsər tarix)” bölmələrindən ibarətdir.

    “Rəsmi xronika” bölümündə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şuşa şəhərinin işğaldan azad edilməsi ilə bağlı Azərbaycan xalqına sevinc dolu müraciətləri və təbrikləri, Şuşaya səfərləri zamanı açıqlamaları və dünya ictimaiyyətinə mesajları, Şuşanın bərpası və tarixi görünüşünün qaytarılması istiqamətində görüləcək işlər barədə çoxsaylı məlumatlar əksini tapıb. Kitabın bu bölümündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada möhtəşəm “Xarı bülbül” musiqi festivalının keçirilməsinə dair rəsmi sənədlərin əksini tapması xüsusi önəm kəsb edir. Kitabda Şuşa Bəyannaməsi imzalandığı 15 iyun tarixində Azərbaycan və Türkiyə prezidentlərinin mətbuata birgə bəyanatları, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə təqdim olunmuş “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” musiqili kompozisiyası haqqında məlumatlar, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın 16 iyunda Milli Məclisdə çıxışı və digər rəsmi sənədlər təqdim edilib.

    Kitabın “Şuşa (müxtəsər tarix)” bölümündə Şuşanın tarixi müxtəlif dövrlərə bölünərək təhlil edilir, Qarabağ xanlığının Çar Rusiyasına birləşməsini rəsmiləşdirmiş Kürəkçay müqaviləsinin mətni təqdim edilir və bu müqavilədən sonrakı Şuşa haqqında məlumatlar verilir. Kitabın bu bölümündə həmçinin Azərbaycanda istiqlal uğrunda mübarizə və erməni işğalı (1988-1993) və İkinci Qarabağ müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi haqqında qısa məlumatlar yer alır.

    “İlham Əliyev: Əziz Şuşa, biz qayıtmışıq!” kitabı AVCİYA-nın “1905.az KİTABI” seriyasından növbəti nəşridir. Bu seriyanın ideya müəllifi və naşiri Assosiasiyanın prezidenti Elxan Süleymanovdur.
    Kult.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR