Masallı Rayon İcra Hakimiyyətində yeni dərs ilində məktəbə gedəcək olan şəhid övladları ilə görüş keçirilib.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, görüş Masallı rayon İcra hakimiyyətinin kiçik akt zalında baş tutub.
Masallı rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Millətvəkili Məşhur Məmmədov, Masallı rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərovun iştirakı ilə gerçəkləşdirilən görüşdə yeni dərs ilində məktəbə gedəcək Ərkivan qəsəbəsindən olan şəhid Anar Novruzovun oğlu, lX sinif şagirdi Nihat Novruzovla, Köçəkli kəndindən olan şəhid İntiqam Abbasovun oğlu, XI sinif şagirdi Əli Abbasov, Qarğalıq kəndindən olan şəhid Elvin Əzizovun qızları - IX sinif şagirdi Şəhanə Əzizova, VII sinif şagirdi Aybəniz Əzizova və oğlu, IV sinif şagirdi Elvin Əzizov, Yolağac kəndindən olan Raqib Əzizovun oğlu, kənd məktəbinin şagirdi Rahid Əzizov və ailə üzvləri də iştirak ediblər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov yeni dərs ilində məktəblərdə təhsilini davam etdirəcək şəhidlərin övladlarını bu münasibətlə təbrik edərək onlara məktəbli çantaları və ləvazimatları təqdim edib. Həmçinin vurğulayıb ki, bütün şəhid övladları bizim üçün Vətənin müqəddəs əmanətidir.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Məşhur Məmmədov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq bildirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında bizi qalib xalqa çevirən və 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açan millət vəkili onların hər birinin bir qəhrəman olduğunu və bu günlə hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildirib.
Qeyd edək ki, əlavə olaraq şəhid ailələrinin, övladlarının arzu və istəkləri dinlənilib və həlli üçün yerindəcə lazımi tapşırıqlar verilib.