Məlum olduğu kimi, global aləmdə təhsil inkişafın ön cəbhəsidir. Parlaq gələcək dediyimiz prosesə hazırlıq məhz təhsildən başlayır və ailə ilə bərabər, sözsüz ki, müəllimlərin timsalında gerçəkləşir.
Bu gün, XXI əsrin tələbləri baxımından Azərbaycan vətəndaşı peşəkar keyfiyyətlərə malik müəllim amilindən bilavasitə asılıdır.
Ölkəmizdə bugünkü uşaq illər sonra necə vətəndaş olacaq, Vətəni necə sevəcək, Vətən uğrunda necə vuruşacaq, Vətən üçün nələri gözə alacaq, saydığımız bütün bu suaalların cavabının təməli məhz, məktəblərdə qoyulur. Bu baxımdan təhsilə diqqət, qayğı, sadəcə olaraq, bir inkişaf deyil, həm də ölkə üçün həlledici məna daşıyan bir siyasətdir. Heç şübhəsiz, təhsillə bağlı məsələlər düzgün həll olunmasa, nə siyasət, nə də bizim başqa nailiyyətlərimiz nəticə verməz.
Azərbaycan dövlətinin kifayət qədər təbii sərvətləri, güclü iqtisadiyyatı var. Lakin əsas məqsədimiz bütün bunları insan kapitalına çevirməkdir. Yəni bilikli, yeni fikirli, iradəli, qabiliyyətli kadrlara. Cənab Prezident İlham Əliyev praqmatik lider kimi təbii sərvətlərdən xüsusilə, neftdən əldə olunan gəlirlərin ilk növbədə ölkədə güclü insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsini vacib sayır və bu da təsadüfi deyil. Əlbəttə ki, çağdaş dövrdə hər bir xalqın, dövlətin gələcək taleyini təkcə onun malik olduğu təbii sərvətlər deyil, həm də elmi-mədəni tərəqqisi, intellektual imkanları və bütün bunların fövqündə dayanan insan kapitalı müəyyənləşdirir. Müasir, müstəqil Azərbaycan dövləti də, öz tərəqqisini təkcə təbii sərvətlərin gətirdiyi dividendlərə bağlamır, eyni zamanda, mövcud resurslarını insan faktorunun prioritetə çevrilməsi istiqamətində qurur. Ölkə başçısının elm və təhsil sahəsində həyata keçirdiyi inkişafa meylli, davamlı islahatlar insan kapitalına əsaslanan informasiyalı cəmiyyətimizi formalaşdırmaqdadır..
Biz hamımız istəyirik ki, vətəndaşlarımız bilikli, savadlı, yaxşı vətəndaş, vətənpərvər insan olsunlar, Vətəni sevsinlər.
Bütün uğur bu yoldan başlayır. Bu yolla hara gedirsən və məqsədin nədir? Müəllim bizə bu yolun başlanğıcını, işığını və məramını göstərən o, şəxsdir. Gələcəyin parlaq insanı sırf bu məramla yetişir. Bu müqəddəs məramı öz peşəsində olduqca böyük məsuliyyətlə yerinə yetirən ön sıralarda olan şəxlərdən biri də, 274 saylı tam orta məktəbin direktoru Nəriman müəllim Mürsəliyevdir
Gənc nəslin tərbiyə olunmasında, uşaqların yüksək bilik almasında müəllimlərin cəmiyyətdə rolu çox əvəzsizdir. Çünki dünyanın inkişafı da elmi-texniki tərəqqi ilə bağlıdır. Bunu əldə etmək üçün bilikli kadrlar olmalıdır. Bu insanlar ilk addımlarını məktəblərdə atırlar. vətənpərvərlik duyğularını uşaqlara gündəlik olaraq müəllimlər aşılayırlar. Ona görə müəllimlərdən çox şey asılıdır. Ölkəmizdə bu yöndə
dayanmadan uğurlar əldə edən, şagirdlərinin uğurunu respublika səviyyəsində daim eşitdiyimiz, 274 saylı tam orta məktəbin rolunu qeyd etmək yerinə düşərdi.
Azərbaycan Respublikasının Təhsil nazirinin “Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə, Bakı Şəhəri Üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsi tərəfindən yaxın günlərdə 45 yaşı münasibəti ilə Fəxri Fərmanla təltif edilmiş 274 saylı tam orta məktəbin direktoru Mürsəliyev Nəriman müəllimin rəhbərliyində, bütün müəllim heyəti sayəsində məktəbin şagird kollektivi bir çox uğurlara imza atırlar. Bu gün də bu uğurların sayı xeylidir.
Bu yolda Nəriman müəllimin yüksək idarəedicilik qabiliyyətini vurğulamaq istərdim. Şəxsiyyətinə, xüsusiyyətlərinə görə hər bir insan cəmiyyətdə mühüm rol oynayır, öz davranış xəttini seçir. Nəriman Mürsəliyev də məhz xasiyyət etibarilə hər zaman seçilir. Onun şəxsi mənafeyini unudub, başqalarının qeydinə qalmağı, öz maraqlarını isə bütövlükdə cəmiyyətin mənafeyinə tabe etdiyi bütün kollektivinə və əhatəsinə bəllidir. Nəriman müəllim istər müəllimlər arasında, istər şagirdləri arasında, istərsə də öz iş yerində olanda ətrafda olan insanların qayğılı problemlərinə biganə qala bilmir, daim qayğı və diqqəti kollektivinin şagirdlərinin üzərindədir. Nəriman müəllim olduqca nikbin, məğrur, dövrlə ayaqlaşan, ətrafında cərəyan edən hadisələrə həssas insandır. Məhz bu xasiyyətlərinə görə, hər kəs ona humanist şəxsiyyət kimi baxır.
Eləcə də, 44 günlük şərəfli tariximizi yaşadığımız bu günlərdə, qürurla deyə bilərik ki, Vətən uğrunda döyüşən əsgərlərimizin vətənpərvər yetişməsində, onlara milli ruhun aşılanmasında Nəriman Mürsəliyevin timsalında bütün Müəllimlərin əməyi əvəzsizdir, danılmazdır.
Sizlər sadəcə olaraq övladlarımızı öyrətmirsiniz, həm də Vətən üçün, gələcəyimiz üçün layiqli vətəndaş, müzəffər əsgər yetişdirirsiniz. Bu önəmli missiyanı şərəflə yerinə yetirdiyinizə görə Sizə təşəkkür edirəm!
Əziz müəllimlər! Bir daha sizə fədakar əməyinizə görə təşəkkür edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram!
Sözsüz ki, təkcə bu gün deyil, şagirdinizin, tələbənizin uğuruna sevindiyiniz hər bir gün sizin gününüz, əziz bayramınızdır.
Ölkəmizdə yaşanan pandemiya şəraitində sizin zəhmətiniz xüsusilə qeyd edilməlidir. Bu çətin günlərdə göstərdiyiniz dəstəyə görə çox sağ olun.
5 oktyabr "Beynəlxalq müəllimlər" günü münasibətilə başda 274 saylı tam orta məktəbin direktoru Mürsəliyev Nəriman müəllim olmaqla, məktəbin bütün müəllim kollektivini təbrik edir, bu vacib və məsuliyyətli işlərində onlara uğurlar arzulayıram!
Hörmətlə - Azadmedia.az xəbər portalının baş redaktoru Xəlil Xəlilov