Məşhur Məmmədov: Vətənpərvərlik təbliğatı daimi bir prosesdir
Azərbaycan vətənpərvərliyinin poetik manifesti olan “Azərbaycan” şeirinin müəllifi Xalq şairi Səməd Vurğun yazırdı: “Xalq eşqi, Vətən məhəbbəti insanın həyat nəfəsidir.”
Vətən – bizim əzəli və əbədi ünvanımızdır. Öyüd – örnək timsallı ulularımızın bizə yadigar qoyub getdiyi əvəzsiz söz incilərində deyilir: “Ana kimi yar olmaz, Vətən kimi diyar.” Dünyada ən böyük qəhrəmanlıqlar Vətən naminə edilib. Tarix boyu Vətən görkəmli şəxsiyyətlərin, qorxmaz sərkərdələrin, mərd oğulların çiynində qərar tutub. Bütün sevgilərin fövqündə Vətən sevgisi dayanır. İnsanın
doğulub boya-başa Vətəninə sevgisindən, mənsub olduğu xalqa sədaqətindən, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanan ən ülvü hiss vətənpərvərlik adlanır. İnsanı daxilindən formalaşdıran bu anlayışına geniş mənada da tərif vermək olar. Vətənpərvərlik insanı ucaldan, onun özü üçün deyil, xalqı üçün yaşayıb- yaratmasıdır. Əslində
vətənpərvərliklə bağlı hissləri ifadə etmək heç də asan deyil. Yəni, vətənpərvərlik bizim duyub, dərk etdiyimiz anlayışdan da qat-qat yüksəkdədir. Vətənpərvərliyin tarixi kökü min illər boyu yaşamış, möhkəmlənmiş, öz ana torpağına, dilinə və adət ənənələrinə bağlanmış dövlətçilik durur. Bu gün ümumtəhsil məktəblərinin ən vacib vəzifələrindən bir də şagirdlərə elmi biliklər verilməsi ilə yanaşı, onlara ictimai səciyyə daşıyan vətənpərvərlik hislərinin tərbiyəsi və aşılanmasıdır. Pedoqogika milli mənəvi şüurun təbliğində, şagirdlərin vətəndaş kimi formalaşmasında, öz Vətənini, ləyaqətini qorumaqda güclü təsir gücünə malikdir. Növbəti təhsil ilindən məktəblərdə şagirdlərə dövlət rəmzlərinə hörmət hissi və dövlətçiliyə sədaqət aşılanması “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə də öz əksini tapıb. Maraqlıdır, məktəblərdə dövlət və dövlətçilik rəmzlərinə hörmət, sədaqət və ehtiram hissinin aşılanması daha vətənpərvər gəncliyin formalaşması baxımından nə dərəcədə faydalıdır?
Millət vəkili Məşhur Məmmədov bu yeniliyin mühüm əhəmiyyətə malik olduğunu vurğulayaraq bildirdir. “Bütün dünyada vətənpərvərlik tərbiyəsi daim diqqət mərkəzində saxlanılan məsələlərdən biridir. Ölkəmizdə də bu məsələyə daim diqqət yetirilir. Sadəcə olaraq, “Təhsil haqqında” qanuna təklif edilən məlum yenilik bu məsələnin daha
sistemli hala gətirilməsi ilə bağlıdır. Dövlət himni, bayrağı və gerbi dünyanın hər yerində müqəddəs hesab edilir. Hər insan doğulduğu dövlətin vətəndaşı hesab edilir. Hansı ki, doğulduğu gündən etibarən hər insana doğma dildə ana laylası çalınır, doğma dilin sədaları altında böyüməyə başlayır. Əslində bu laylayın özü dilin təbliğidir. Başqa sözlə desək, vətənpərvərlik təbliğatı daimi bir prosesdir və beşikdən qəbrə qədər davam etməlidir. Baxın, 18 yaşına çatan hər bir şəxs həqiqi hərbi xidmətə cəlb olunur, əsgər göndərilir. 18 yaşına qədər isə bu şəxslər məktəbdə təhsil alırlar. Deməli, vətəndaşlarımız məktəblərdə Vətənə
sevgi, məhəbbət hissi ilə yetişdirilməlidir ki, 18 yaşına çatıb Vətənin müdafiəsinə gedəndə, vətənə layiqincə xidmət edə bilsin. Bu baxımdan məlum yeniliyi təqdir edir və bunu hər baxımdan faydalı hesab edirəm.”
Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə
qalxmağa hazırlığın formalaşması üçün bu gün olduqca vacibdir!
...Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhundan və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə həlledici məqamlarda öz sözünü deyib. Gənc nəsil həm də
xalqın əsrlər boyu yaratdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Onlar dövlətin həm bu günü, həm də gələcəyidir. Gənclərin bir vətəndaş kimi yetişməsində həm də KİV-lərinin mühitin rolu böyükdür. Ölkəmizdə ən böyük təbliğat resursu televiziya kanallarıdır. İndiki vəziyyətdə telekanallarda şouların, tamaşaçı zövqünü korlayan şit-bayağı proqramlar əvəzinə daha çox vətənpərvərlik mövzulu verilişlər hazırlanmalıdır. Mübariz İbrahimov, Etibar İsmayılov kimi milli qəhrəmanlarımız, Polad Həşimov kimi generallarımız, Anar Novruzov kimi zabitlərimiz gənclərimizə örnək göstərməlidirlər. Müharibə şəraiti davam edən Azərbaycanda isə bu hislərin təbliğinə daha böyük ehtiyac var.
Nurəddin ƏDİLOĞLU