AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayon Gənclər Evinin əməkdaşı - "Qələbəni təmin edən amillər.."

  • + A
  • - A
  • 15-10-2021, 11:04



    Qələbəni təmin edən amillər

    Əfsanə Kərimova – Masallı rayon Gənclər Evinin əməkdaşı


    Öz fəaliyyəti ilə xalqı və dövlətinin sonsuz sevgisini qazanmış Lider xoşbəxtdir. Məsələyə bu xüsusda yanaşdıqda böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyev xoşbəxt dövlət rəhbəridir. Xalq ona görə Prezidentini sevir ki, O, müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiqdir və son 17 il ərzində ölkəmizi uca zirvələrə doğru aparmaqdadır. Xalq ona görə Prezidentini sevir ki, O, heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diktəsi ilə deyil, məhz Lideri olduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də, tarix yazan güclü Ordusunda öz təsdiqini tapır.
    Bu fikirlər Milli Məclisin deputatı, YAP Beynəlxalq əlaqələr, mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirovun “Xilaskar Prezident” sərlövhəli məqaləsində yer alıb.

    Siyasi elmlər doktoru məqaləsində bildirir ki, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirdi. Noyabr ayının 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş nazirinin imzaladığı Birgə Bəyanat regionda uzunmüddətli münaqişənin hərbi fazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiya aktı oldu.

    Deputatın sözlərinə görə, noyabrın 20-də bir güllə belə atılmadan, bir nəfər şəhid belə verilmədən Ağdam rayonu işğaldan azad olundu. Noyabrın 25-dək Kəlbəcər, dekabr ayının 1-dək isə Laçın rayonları Azərbaycanın yurisdiksiyasına qaytarılacaq. Ordumuzun əldə etdiyi tarixi Zəfər heç bir halda təsadüfi olmayıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf doktrinasının, o cümlədən hərbi quruculuq siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.
    “Müasir dünyada hüququn gücü deyil, gücün hüququ işləyir və güclüsənsə haqlısan” məntiqi hökm sürür”, - deyən Prezident İlham Əliyev böyük uzaqgörənlik nümayiş etdirərək ordu quruculuğu məsələlərini prioritet sahə kimi müəyyənləşdirib və bu istiqamətdə möhtəşəm addımların atılmasını təmin edib. Ölkəmizin büdcə zərfində müdafiə xərcləri hər zaman üstün mövqeyə malik olub. 2003-cü ildən 2018-ci ilədək Azərbaycanın müdafiə büdcəsi 15 dəfə artıb. Əgər 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon dollara bərabər idisə, 10 il sonra 3,7 milyard dollara yüksəlib. Cari ildə ölkəmizin müdafiə büdcəsi 3 milyard 853 milyon 600 min manat təşkil edir. Bu, 2019-cu ilin hərbi büdcəsi ilə müqayisədə 20,9 faiz yaxud 666 milyon manat çoxdur. 2021-ci ildə isə müdafiə xərcləri büdcənin 15,3 faizini təşkil edəcəkdir. Bu göstərici 3 milyard 954 milyon manata (2 milyard 326 milyon dollar) bərabər olacaq. Stokholm Beynəlxalq Sülh Problemlərinin Tədqiqi İnstitutunun 2019-cu il hesabatına görə, Azərbaycanın ümumi daxili məhsulda hərbi xərcləri 4 faiz və ondan çox olan 10 dövlət sırasında yer alıb. Təsadüfi deyil ki, 2019-cu ildə Azərbaycanın hərbi büdcəsi 1,85 milyard dollar olmaqla Ermənistanın analoji büdcəsini təxminən 3 dəfə (650 milyon dollar) üstələyib. 2019-cu ilin göstəricilərinə əsasən, dünyanın ən güclü orduları sırasında Azərbaycan 52-ci, Ermənistan isə 96-cı mövqedə olub. Hava gücü üzrə Azərbaycan 63-cü, Ermənistan 86-cı yeri tutub. Dəniz gücü üzrə isə Azərbaycan 67-ci yerdə, Ermənistan isə dəniz ölkəsi olmadığından bu sahədə imkanları sıfıra bərabər hesab olunub. Tank gücü üzrə isə Azərbaycan 32-ci, Ermənistan isə 2 dəfədən də aşağı göstəriciyə (78) malik olub. Fərq göz qabağındadır. Əlavə şərhə ehtiyac yoxdur.

    Elman Nəsirov məqaləsində qeyd edir ki, ölkəmizdə qısa zaman ərzində 20-dən çox hərbi zavodun işə salınması və müasir hərbi-sənaye kompleksinin formalaşması tarixi nailiyyət hesab olunmalıdır. Dünyanın aparıcı silah ixracatçılarından beşinci nəsil silahların alınması və bu sahədə də uğurlu şaxələndirmə siyasətinin tətbiqi ölkəmizə təkcə hərbi deyil, həm də siyasi dividendlər gətirib. Ordumuzda döyüş ruhu və hərbi-vətənpərvərlik hissinin ən yüksək səviyyəsi təmin edilib. Ordumuz Vətən qarşısında xilaskarlıq missiyasını həyata keçirdiyindən intəhasız motivasiyaya malik olduğu halda, düşmən ordusu öz işğalçı mahiyyəti səbəbindən bütün bunlardan məhrumdur.

    Müzəffər Ali Baş Komandanın böyük sərkərdəlik məharəti, güclü iradəsi, qətiyyəti, yenilməz Ordumuzun şücaəti, xalqın öz Prezidentinin ətrafında yumruq kimi birləşməsi Qələbəmizi təmin etdi. Həmçinin Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması və onun atdığı istənilən addımı müdafiə etməsi, dost Pakistan dövlətinin ölkəmizə kömək göstərməyə hazır olduğunu bəyan etməsi, qonşu dövlətlərin - Rusiya, İran və Gürcüstanın işğalçının hüquqazidd addımlarını buxovlayan davranışları, digər tərəfdaş dövlətlərin haqq işimizi dəstəkləməsi Vətən müharibəsində ölkəmizin tam Qələbəsini təmin edən həlledici amillərdir. O Qələbə ki, şəhidlərimizin ruhunu şad edib, o Qələbə ki, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Ağdamımızı, Kəlbəcərimizi, Laçınımızı, Hadrutumuzu, Suqovuşanımızı, Şuşamızı və bütövlükdə işğal altındakı bütün ərazilərimizi öz əbədi sahibinə - Azərbaycan xalqına qaytarıb.

    Yaşasın Xilaskar və Müzəffər Ali Baş Komandanımız! Yaşasın şanlı Ordumuz və Qalib Xalqımız! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!





    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR