Anar MƏMMƏDOV
Milli Məclisin deputatı Hər bir tarixin özünəməxsus ştrixləri, gələcək nəsillərə buraxdığı örnək izləri var və qədirbilən xalqımız qədim zamanlardan bugünədək bu örnəkləri öz milli-mənəviyyatında, dəyərlərində yaşadıb, yaşadır. Bu gün müasir və müstəqil Azərbaycanımızın inkişafı və tərəqqisində silinməz izlər qoyan dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin layiqli davamçısı, siyasi varisi, cənab Prezident İlham Əliyevin apardığı nəhəng, yorulmaz işləri ölkəmizin tarixində bundan sonra da əbədiliyi ilə qalacaq.
Ümumiyyətlə, Azərbaycanın yeni əsrdə yeni lideri olan cənab İlham Əliyevin ölkə rəhbəri seçilməsindən 17 il keçsə də, Onun həyata keçirdiyi işlərin hər biri yüz illərə söykənəcək reallıqlar və danılmaz faktlardır. Cənab İlham Əliyev 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76.8 faiz səsini toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçildi və məhz bundan sonra ulu öndər Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycanımız yeni eraya qədəm qoydu. Bu, siyasi varislik missiyasının bariz və məntiqi nəticəsi idi. Prezident İlham Əliyev artıq on yeddi ildir ki, müstəqil Azərbaycan Respublikasına rəhbərlik edir. Aparılan təhlillər göstərir ki, Azərbaycan Cənubi Qafqazda müstəqil dövlət kimi özünü uğurla təsdiq edən ölkədir. Bunun kökündə isə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət quruculuğu konsepsiyası dayanır.
Uğurlu fəaliyyət modeli bütün dünya tərəfindən qəbul olunan görkəmli dövlət xadimi kimi beynəlxalq miqyasda böyük nüfuz qazanan Prezident İlham Əliyev Azərbaycana siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi gətirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşdı. Bu, modern Azərbaycan dövləti modelidir. Bütün bunlar ölkəmizin gələcək inkişafının qarantı sayıla bilər.
Bu gün hər kəs tam əminliklə deyə bilər ki, Prezident İlham Əliyev öz fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib və qarşısında daha nəhəng məqsədlər qoymaqla bu işlərini genişləndirməkdədir. Belə ki, ötən 17 illik müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Artıq dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan ilə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı kifayət qədər çoxdur. Ən əsası isə cənab İlham Əliyevin atdığı düzgün addımlar, düzgün zamanlama, düzgün strategiya bizi şanlı zəfərə apardı, bizi qalib xalq kimi bütün dünyada tanıtdı. Dövlət, xalq və ordu o zaman güclü olur ki, ona güclü lider rəhbərlik edir. Bu mənada, bu gün Azərbaycan xalqının böyük coşğu ilə qeyd etdiyi qələbəmizin baş qəhrəmanı və sərkərdəsi məhz Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevdir. Biz hərb və diplomatiya cəbhəsində cənab İlham Əliyevin liderliyini, sərkərdəlik nümunəsini gördük. Xalqımızın, dövlətimizin birliyi, dövlətimizin başçısına inam bizim qələbəmiz ilə nəticələndi.
Azərbaycan xalqı İlham Əliyevə inanır, onun daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasətini hamılıqla dəstəkləyir. Bütün bunlar qəti şəkildə deməyə əsas verir ki, İlham Əliyev fenomeni bu gün müstəqil Azərbaycanın siyasi simasını müəyyən edir. Dövlət başçısı yeni dövrlə səsləşən çoxşaxəli islahatları məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu möhkəm təməl üzərində davam etdirir, yeni çalarlarla zənginləşdirir. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin dövlətçilik təcrübəsində siyasi varislik ənənələrinin davamı, üstəlik, mütərəqqi inkişaf meyillərinin gücləndirilməsi ideyası üstünlük təşil edir. Bu siyasi kursun davamlılığının təmin olunması isə Azərbaycanın dövlətçilik əsaslarının daha da möhkəmləndirilməsinə, müstəqilliyimizin əbədiliyinə, dövlətin hərtərəfli yüksəlişinə ən etibarlı təminatdır.
Bəli, Prezident İlham Əliyev cənabları ölkəmizin sürətli inkişafında, qazanılan nailiyyətlərdə tariximizə silinməz izlər həkk edən mütərəqqi və əbədi şəxsiyyət olaraq, hər zaman öz xalqının dəstəyini hiss edib və bundan sonra da belə olacaq. Bu vəhdət isə Azərbaycanımızı daha uca zirvələrə ucaldacaq.