AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vaksin etdirmək insanı və ətrafındakıları qorumaq üçün ən effektiv üsuldur

  • + A
  • - A
  • 15-10-2021, 17:35



    Bəşəriyyət mövcud olduğu bütün dövrlərdə, müxtəlif tarixi vaxtlarda ağır infeksion xəstəliklərin epidemiyaları ilə üz-üzə qalıb. Tarixdə belə faktlar arzuolunmaz dərəcədə çoxdur. Lakin bütün bu baş verənlərdə bir ümumi vacib olan məqam var ki, bu da bəşəriyyətin bu cür bəlalardan məhz vaksinasiya yolu ilə xilas ola bilməsidir.

    Vaksinasiya cəmiyyətin sağlam inkişafı, ənənəvi həyata qayıdış və yaxın ətrafdakı insanların səhhətinin təhlükə altında qalmaması üçün mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin bu sahədə vaxtında və dəqiq yol xəritəsi hazırlamış olması, ölkəmizdə vaksinasiya prosesinin sürətlə davam etməsini təmin etmişdir. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir. COVID-19 xəstəliyi əleyhinə iki dozada vaksinasiya olunanlara “Peyvənd sertifikatı”, xəstəliyə yoluxub sağalmış şəxslərə isə “İmmunitet sertifikatı” verilir. Əhalinin sağlamlığının qorunmasında immunlaşdırma dövlət tərəfindən vacib hesab edilir və Azərbaycan Respublikasında mütəmadi vaksinasiya tədbirləri daim diqqət mərkəzindədir. Dövlətimizlə yanaşı hər bir vətəndaşımız peyvəndlənmə prosesinə məsuliyyətlə yanaşmalıdır. Özümüzü və ətrafımızdakı insanları qorumaq üçün hər birimiz bu prosesdə fəal və məsuliyyətli davranmalıyıq.

    Hazırda bəşəriyyət indiyədək üz-üzə gəldiyi ən qorxunc xəstəliklərdən biri ilə mübarizə aparmaqdadır. Yalnız kütləvi vaksinasiya pandemiyanın kökünü kəsə bilər. Hazırda COVID-19-a qarşı peyvənd preparatları sayəsində artıq bütün dünyada kütləvi vaksinasiyaya başlanılıb. Birmənalı olaraq qəbul olunmalıdır ki, vaksin etdirmək insanı və ətrafındakıları qorumaq üçün ən effektiv üsuldur. Bu, dünyanın bütün aparıcı səhiyyə müəssisləri tərəfindən təsdiq olunmuş faktdır. Əks halda isə, insanı 1 və ya 2 həftə xəstə edən COVID-19 virusu qohumlar, uşaqlar və ya iş yoldaşları üçün ölümcül ola bilər. Dünyada hər il yüzlərlə insan məhz peyvənd olunmadığı üçün vaksin tövsiyə edilən xəstəliklər ucbatından həyatını itirir, uşaqlarına, valideynlərinə və məsuliyyət daşıdığı insanlara qarşı öz öhdəliklərini yerinə yetirə bilmir. Vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir. İmmun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır.

    Koronavirus pandemiyası bütün cəmiyyət üçün psixoloji sınaq müddətidir. Bu müddətin uğurla bitməsində məsuliyyətin dərk edilməsi və birlik mühüm rol oynayır. Gəlin unutmayaq ki, bir insanın məsuliyyətsizliyi nəticəsində ətrafdakı onlarla insan virusa yoluxma təhlükəsi ilə üz-üzə qala bilər. Həmrəyliyimizlə tezliklə bu çətin günlər geridə qalacaq və gündəlik həyat tərzimiz bərpa olunacaq.



    Mirkamal Bağırov,
    Salyan Rayon Mərkəzi Xəstəxanasının həkimi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR