Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov İdarənin əhatə etdiyi rayonlar üzrə tabe mərkəzi mədəniyyət müəssisələrinin rəhbərləri ilə videoformatda iclas keçirib.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Oktyabrın 21-də geniş tərkibdə baş tutan iclasda bir sıra gündəlik məsələlər, mövcud problem və yaxın perspektivlər müzakirə olunub.
İdarə rəisi videoiclas iştirakçılarını salamlayandan sonra müzakirə olunacaq məsələlər barədə iclas iştirakçılarına məlumat verib, sonra məsələlər təhlil edilib.
İdarə rəisi müəssisələrdə informasiya işinin günün tələblərinə uyğun qurulması, mədəniyyət tədbirləri və layihələrinin sosial media və kütləvi informasiya vasitələrində daha geniş işıqlandırılmasının vacibliyini vurğulayıb. Rəis müəssisələrdə müvafiq sahə üzrə funksiyaları icra edəcək mədəniyyət işçilərinin müəyyən olunmasını, həmçinin sözügedən məsul şəxslərlə İdarə arasındakı fəaliyyətin koordinə olunması mexanizmlərinin hazırlanması barədə fikirlərini açıqlayıb. Rəis bundan əlavə, mədəniyyət işçilərini sosial media platformalarında daha aktiv olmağa çağırıb, tədbirlərin geniş auditoriyaya çatdırılmasının əhəmiyyətini izah edib. Rəis müəssisələrdə hazırlanan videomateriallardakı göstəricilərdən söhbət açaraq videoçarxlara dair bir sıra məzmun və texniki tələblər irəli sürüb.
İdarə rəisi həyata keçirilən mədəniyyət tədbirləri ilə bağlı müəssisələr tərəfindən hazırlanan təsdiqedici sənədlər, o cümlədən arayış və hesabat xarakterli məlumatların texniki tələblərə uyğun tərtib olunmasının vacibliyini qeyd edib. Həmçinin, adıçəkilən arayışların müəyyən olunmuş müddət ərzində İdarəyə təqdim edilməsinin zəruriliyini nəzərə çatdırıb.
Rəis onlayn söhbət zamanı yerlərdə keçiriləcək monitorinqlərdən də danışıb, müəssisələrdə aparılacaq yoxlanışların əhatəsinə daxil ediləcək istiqamətləri sadalayıb. O, müəssisələrdə sənədləşmə işlərinin müvafiq təlimatların tələblərinə uyğun aparılması, sənədlərdə dil normalarının gözlənilməsi, iş və tədbirlər planları ilə bağlı mövcud çatışmazlıqların aradan qaldırılması ilə əlaqədar rəhbərlərə göstərişlər verib.
Rəis B. Qılıncov Nizami Gəncəvi ili çərçivəsində görülmüş işlərə də toxunub, cari ilin sonunadək müvafiq istiqamət üzrə tədbirlərin keçirilməsini gərəkli hesab edib.
İdarə rəisi müəssisələrdə gündəlik iş rejiminin pandemiya şərtləri və karantin rejiminin tələblərinə uyğun qurulmasına diqqəti çəkib. Rəis əməkdaşlar tərəfindən sanitar-gigiyenik qaydalara ciddi əməl olunmasını xüsusi qeyd edərək sözügedən normalara riayət edilməsinə nəzarəti müəssisə rəhbərlərinə həvalə edib.
Müzakirə olunan mövzular üzrə tapşırıq və tövsiyələrdən sonra iclasın işinə yekun vurulub.
Ülkər Piriyeva