Məlum olduğu kimi, Yaradıcı və Mədəniyyət Sənayeləri (YMS) dünya iqtisadiyyatında dinamik inkişaf edən sahələrdən biri olmaqla iqtisadiyyat, mədəniyyət, yaradıcı texnologiya və innovasiyaları birləşdirən sənaye növüdür. YMS-lər ədəbiyyat və nəşriyyat, dizayn, musiqi və teatr, memarlıq və moda sənəti, sənətkarlıq və təsviri sənət, film, audiovizual - video və foto sənəti, reklam, TV və radio yayımı, oyunlar və yaradıcı texnologiya sahələrindən ibarətdir və bu sahələrin biznesinin inkişafını nəzərdə tutur.
Azadmedia.az xəbər verir ki, Mədəniyyət Nazirliyi 2019-cu ildən etibarən “Kreativ Azərbaycan” platforması (https://creative.az) vasitəsilə son iki ildə YMS-lərin inkişafı üçün zəruri münbit ekosistemi dəstəkləməklə sahə üzrə maarifləndirmə və təbliğat fəaliyyətlərini, startap müsabiqələr və tədbirlər həyata keçirmiş, yaradıcı səneyələr sahəsində ictimai təşkilatlanmanı dəstəkləmişdir.
BMT tərəfindən elan edilmiş “Dayanıqlı İnkişaf üçün Yaradıcı İqtisadiyyat Beynəlxalq İli”ndə yaradıcı sənayelərin inkişafı sahəsində koordinasiyanın həyata keçirilməsi, bu sahədə beynəlxalq və yerli layihələrin idarə olunması, yaradıcılıq sahəsində fəaliyyət göstərən fərdlər, şirkətlər və ictimai təşkilatlarla bu sahəni tənzimləyən dövlət qurumlarını və biznes tərəfdaşları əlaqələndirəcək Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının təsis olunması təqdirəlayiq hadisədir (https://creative.az/az/post/631) və Nazirlik bu istiqamətdə Federasiyaya dəstək göstərəcəkdir.
Nazirlik yaradıcılıq sahəsində fəaliyyət göstərən fərdlər, şirkətlər və ictimai təşkilatları Federasiyaya qoşulmağa və ölkəmizdə “Kreativ Azərbaycan” (https://creative.az) brendi altında həm yaradıcılıq və mədəniyyət iqtisadiyyatının inkişafına, eləcə də bu sahədə dünyada tanınmasına töhfə verməyə dəvət edir.