Noyabrın 12-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. Komitə sədri Musa Quliyev iclası aşaraq bildirib ki, gündəliyə 10 məsələ daxil edilib. Təqdim olunan məsələlər birinci oxunuşda müzakirəyə çıxarılıb.
Əvvəlcə, komitə sədri “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihələri barədə məlumat verib. Bildirib ki, Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması ölkə Prezidenti İlham Əliyevin daxili siyasətinin prioritet istiqamətidir. Sosial məsələlərlə bağlı istər dövlət büdcəsi, istər Dövlət Sosial Müdafiə Fondunun büdcəsi, istər İşsizlikdən sığorta fondunun büdcəsi tərtib olunarkən bu prioritet istiqamət nəzərə alınır.
Diqqətə çatdırılıb ki, 2022-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 5 milyard 307 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin gözlənilən icra göstəricisindən 253 milyon manat və ya 5% çoxdur. Fondun gəlirlərinin 78,2%-i məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar, 21,6%-i isə dövlət büdcəsindən balanslaşdırma məqsədi ilə ayrılan vəsait hesabına təmin ediləcəkdir. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 58,8%-i qeyri-büdcə sektorunun, 39,4%-i isə büdcədən maliyyələşən təşkilatların hesabına formalaşacaq. Büdcədən maliyyələşən təşkilatlar üzrə gəlirlərin artım tempi 27,1%, qeyri-büdcə sektorunda isə 13,1% təşkil edəcək. Qeyd edilib ki, gəlirlərin artımı orta aylıq əmək haqqının artımı ilə şərtləndirilir. Orta aylıq əmək haqqının cari ilin sonuna 742 manat təşkil edəcəyi, növbəti ildə isə 65 manat artaraq 807 manat olacağı proqnozlaşdırılır.
Bildirilib ki, 2022-ci ildə Fondun büdcəsini balanslaşdırma məqsədi ilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 milyard 146 milyon manat proqnozlaşdırılır. Fondunun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,7%-i və ya 5 milyard 133 milyon manatını əhaliyə ödənişlər təşkil edəcək. Bu isə 2021-ci ilin gözlənilən icrasından 226,2 milyon manat və ya 4,6% çoxdur.
Komitə sədri qeyd edib ki, əmək pensiyalarının orta aylıq məbləği 2019-cu ildə 264 manat, 2020-ci ildə 301 manat, 2021-ci ildə 328 manat təşkil etmiş, 2022-ci ildə isə 343 manat təşkil edəcəyi proqnozlaşdırılır, yaşa görə pensiya isə 372 manat təşkil edəcək. Əmək pensiyasının minimum məbləği 2017-ci ildə 110 manat, 2018-ci ildə 116 manat, 2019-cu ildə 200 manat müəyyən edilmiş, 2022-ci ildə isə bu rəqəmin 240 manata çatdırılması nəzərdə tutulur. Növbəti ildə yaşa görə pensiyanın cari ildəki 331 manatdan 372 manata, əlilliyə görə pensiyanın 261 manatdan 299 manata, ailə başçısını itirməyə görə pensiyanın 263 manatdan 298 manata çatdırılması gözlənilir. Əlilliyə görə pensiyaçıların sayının dinamikasındakı azalma son illərdə bu sahədə aparılan islahatlar, şəffaflığın və nəzarət tədbirlərinin güclənməsi ilə əlaqədardır.
Musa Quliyev çıxışında Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətinin hesabatlılığının daha yüksək səviyyədə təmin olunması, səmərəliliyinin və iqtisadi fəallığının artırılması, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlarımıza göstərilən xidmətin dairəsinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi məqsədilə komitənin bir sıra təkliflərini səsləndirib. Qeyd edilib ki, Fondun layihəsi “Büdcə sistemi haqqında” qanuna və digər qanunvericilik aktlarına uyğun hazırlanıb.
Komitə sədri İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsini təqdim edərək diqqətə çatdırıb ki, fondun gəlirləri 180 milyon 375 min 536 manat məbləğində proqnozlaşdırılır. Fondun xərclərinin işsizliyə görə sığorta ödənişləri, peşə hazırlığı, əmək yarmarkalarının, əmək birjalarının təşkili, haqqı ödənilən ictimai işlərin təşkili, özünüməşğulluq tədbirlərinin təşkili, sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi və digər istiqamətlər üzrə həyata keçirilməsi nəzərdə tutulub.
Sonra iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahib Babayev çıxış edərək hər iki məsələ barədə nazirliyin mövqeyini nəzərə çatdırıb. Nazir bildirib ki, ölkədə həyata keçirilən dövlət siyasətinin ana xəttini sosial siyasət təşkil edir. 2018-ci illə 2021-ci ilin rəqəmlərini müqayisə etsək, görərik ki, sosial müdafiə xərcləri 60 faiz və ya 2,4 milyard manat artıb, pensiya xərcləri 1 milyard 600 milyon və ya 48 faiz manat artıb, müavinət xərcləri 417 milyon manat və 2,5 dəfə artıb, təqaüd xərcləri 310 milyon manat və ya 4,4 dəfə artıb, məcburi dövlət sosial sığorta hesabına ödənilən müavinət xərcləri isə 32 faiz artıb. Cəmi bu parametrlərə dair sosial ödənişlər üzrə üç illik rəqəmləri müqayisə etdikdə ciddi bir fərq nəzərə çarpacaq.
İcraatın təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə danışan nazir bildirib ki, pensiya fondu çərçivəsində 66 xidmət elektronlaşdırılıb. Nazirlik üzrə elektronlaşmış xidmətləri sayı isə 150-dir. Növbəti 6 aylıq dövrdə daha 45 xidmətin elektronlaşması planlaşdırılır. Nazirliyin göstərdiyi xidmətlərin sayı cəmi 175-dir. Yəni 80-85 faiz xidmətlər elektronlaşdırılacaq ki, bu da həm vətəndaş məmnunluğu, həm də şəffaflığın təmin edilməsi baxımından ən önəmli hədəflərdəndir.
Nazir öz çıxışında onu da qeyd edib ki, hal-hazırda işğaldan azad edilmiş torpaqlarımıza Böyük qayıdışdan sonra məşğulluğun necə olacağı ilə bağlı plan hazırlanır. Bununla bağlı işçi qrupu yaradılıb. İşçi qrupu ev, məktəb, tibb xidmətlərinin yaradılması ilə bağlı işlərə baxacaq. Burada ağıllı kəndlərin daxilində smart dost guşələrinin qurulması və insanların məşğulluğu nəzərə alınacaq.
İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında və İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında palatanın hazırladığı rəyi təqdim edib.
Sonra hər iki məsələ ilə bağlı geniş müzakirələr aparılıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, deputatlardan Erkin Qədirli, Vüqar Bayramov, İlham Məmmədov, Jalə Əliyeva, Arzu Nağıyev, Məlahət İbrahimqızı, Səttar Möhbalıyev, Soltan Məmmədov, Əziz Ələkbərov, Aqil Məmmədov Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən sığorta fondunun 2022-ci il büdcələri haqqında öz fikirlərini söyləyiblər, bəzi suallarını səsləndiriblər. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib.
Sonra komitə sədri Musa Quliyev “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrini təqdim edib. Bildirilib ki, 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 205 manat, əmək qabiliyyətli əhali üçün 215 manat, pensiyaçılar üçün 173 manat, uşaqlar üçün 189 manat məbləğində müəyyən edilib. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi isə 200 manat məbləğində müəyyənləşdirilib.
İclasda iştirak edən iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov məsələlərlə bağlı öz fikirlərini açıqlayıblar.
Daha sonra iclasda parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev gündəlikdəki digər 6 məsələ barədə məlumat verib. Bildirib ki, “Sosial sığorta haqqında” qanunda edilən dəyişikliyə əsasən, maddi yardımların da məcburi dövlət sosial sığorta haqlarından azad olunan gəlir növü kimi təsbit olunması nəzərdə tutulub.
O, diqqətə çatdırıb ki, növbəti məsələlər - “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” və “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri adları göstərilən sahələrdə qulluq edən şəxslərin dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsinə yönəlib.
Adil Vəliyev bildirib ki, gündəlikdəki “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi isə dövlət icbari şəxsi sığortası sahəsində sığortaçının və sığortalının məsuliyyətini müəyyən edir.
Qeyd olunub ki, qanun layihələri “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” ölkə Prezidentinin 2021-ci il 18 may tarixli Fərmanının 1-ci hissəsinin icrasının təmin edilməsi məqsədilə hazırlanıb.
İclasın sonunda gündəliyə daxil edilən 10 qanun layihəsinin hamısının birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alınıb.