"Azərbaycan və Türkiyə “Türk həmrəyliyi”nin daha da möhkəmləndirilməsi istiqamətində uğurla irəliləyir."
Bunu Azadmedia.az-a açıqlamasında politoloq Ülkər Piriyeva bildirib.Qarabağ Zəfərindən sonra iki qardaş ölkə arasında münasibətlər hər sahədə fərqli və möhkəmlənərək inkişaf edib. Türkiyə-Azərbaycan iqtisadi əlaqələrində yeni yol xəritəsi artıq bəllidir.
Belə ki, son bir ildə iki ölkənin silahlı qüvvələrinin və müdafiə sənayesi şirkətlərinin özəyi olan xeyli sıxlaşan əməkdaşlıq bütün sektorlara yayılıb.
Qeyd etməliyəm ki, siyasi, iqtisadi, hərbi cəhətdən qüdrətli və sabit Türkiyə beynəlxalq arenada olduqca əhəmiyyətli yerə malikdir. İcra olunan irimiqyaslı proqramlar, layihələr qardaş ölkənin hərtərəfli tərəqqisinə və yüksəlişinə xidmət edir. Şübhəsiz ki, bu xalqın cənab Erdoğana olan böyük inam və etimadı həyata keçirdiyi strateji inkişaf xəttinin uğurunu təmin edən ən mühüm amildir.
Xalqlarımızın ortaq tarixi və milli-mənəvi dəyərləri kimi möhkəm təməllər üzərində dayanan Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələri birliyimizin və həmrəyliyimizin bariz ifadəsidir. Hal-hazırda bu əlaqələrin tarixi dövrünə şahidlik edirik. Şuşa Bəyannaməsində ölkə rəhbərlərimiz və ölkələrimiz arasında müəyyənləşdirilən hədəflərə və istiqamətlərə uyğun olaraq müttəfiqlik münasibətlərimiz hər gün daha da, genişlənməkdə və zənginləşməkdədir.
Azərbaycanın işğal altında olan doğma torpaqlarının işğaldan azad olunması uğrunda apardığı mübarizədə cənab Erdoğanın, qardaş Türkiyə dövləti və xalqının qəti və birmənalı şəkildə olan siyasi və mənəvi dəstəyi böyük rol oynadı. Əlbəttə ki, Azərbaycan-Türkiyə həmrəyliyini bir daha bütün dünyaya nümayiş etdirmiş bu dəstəyi xalqımız heç zaman unutmayacaq.
Hər iki ölkə Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini böyük əzmlə davam etdirirlər.
Bundan başqa, Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyətinə verdiyi töhfənin regiondakı sülhün, sabitliyin və rifahın təmin edilməsində mühüm rol oynadığını da qeyd etməliyəm. Hər iki ölkə müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım prinsiplərində hər daim bir-birinin yanında olublar. Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən türk sərmayələrinin strateji əhəmiyyətə malik olduğu məlumdur. Lakin son 6 ayda Qərb ölkələrinin yanaşması göstərdi ki, daha çox yaxınlıq lazımdır. İki ölkə öz resurslarından daha səmərəli istifadə etməlidir. Türkiyə Azərbaycanda qeyri-enerji sektoruna ən böyük sərmayə qoyan ölkədir. İqtisadiyyatı enerji sektorundan asılı olan ölkəmizin digər bölgələrində Türkiyənin olmasının hər iki tərəf üçün nə qədər strateji əhəmiyyət kəsb etdiyi də sınaqdan keçirildi.
Sözsüz ki, qarşılıqlı etimad və qardaşlıq əlaqələri sayəsində Azərbaycandan Türkiyəyə investisiyalar artıb və bu tendensiya davam edir.
Beləliklə, Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan MR arasında olacaq Zəngəzur dəhlizinin açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəkdir.
Eyni zamanda, ölkəmiz Türkiyənin suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına, təhlükəsizliyinə qarşı yönəlmiş bütün fəaliyyətləri, o cümlədən terrorçuluğun bütün forma və təzahürlərini pisləyir və qardaş ölkənin terrorçuluğa qarşı apardığı mübarizəni qətiyyətlə dəstəkləyir.
Həmçinin bu gün, müxtəlif ölkələrdə yaşayan Azərbaycan və Türk diasporları arasındakı əməkdaşlıq daha da sıx inkişaf etdirilir. Belə ki, tarixi reallıqların dünya ictimaiyyətinə çatdırılmasında diasporal fəaliyyətin əlaqələndirilməsi və qarşılıqlı dəstəyi vacib məqamdır. Burada iki ölkə arasındakı media əlaqələrinin inkişafı da əhəmiyyətli rola malikdir.
Türk dünyasının davamlı inkişafına yönəlmiş qarşılıqlı fəaliyyətlərin regional və beynəlxalq müstəvilərdə irəli aparılması yönündə hər iki ölkə fəaliyyətini davam etdirməkdədir.
Əminik ki, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələrinin xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirildiyi şüarlarına uyğun olaraq birliyimizin, bütün sahələrdə səmərəli və fəal əməkdaşlığımızın daha da möhkəmləndirilməsi və inkişafı üçün ölkələrimizin birgə səylərini hər daim davam etdirəcəklər.
Bu minvalla, Anadolu ASİAD iş dünyasının Azərbaycan nümayəndəliyi və Azərbaycan sədri olaraq, qardaş Türkiyə xalqına hər daim əmin-amanlıq və firavanlıq arzu edirəm.