AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Siyasi, iqtisadi, hərbi gücünə görə Türkiyə dünyanın ən qüdrətli dövlətlərindən biridir

  • + A
  • - A
  • 29-10-2021, 19:38

    Siyasi, iqtisadi, hərbi gücünə görə Türkiyə dünyanın ən qüdrətli dövlətlərindən biridir

    Məşhur Məmmədov
    Milli Məclisin deputatı


    Bu gün Türkiyə Cümhuriyyətinin yaranmasının 98-ci ildönümüdür. Türkiyə Cümhuriyyətinin 98 il öncə böyük Mustafa Kamal Atatürkün rəhbərliyi ilə başlanan rifah və quruculuq yolu türk xalqının qüdrətli olduğunu dünyaya göstərdi.

    Qürurla qeyd edə bilərik ki, Türkiyə Cümhuriyyəti yaradılmasından ötən 98 ildə həm daxili, həm xarici düşmələrin hücumlarına, təhdidlərinə məruz qalsa da, onlara qarşı böyük müqavimət göstərərək bütün çətinlikləri geridə qoyub. İllərlə mübarizələrdə daha da güclənən Türkiyə təhdidlərə qarşı hər cür yolları, strategiyaları inkişaf etdirərək bu günlərə gəlib çıxıb, regional gücə, söz sahibinə və qlobal aktora çevrilib.

    44 günlük Vətən Müharibəsində Zəfər qələbəmizin əldə olunmaslnda da qardaş Türkiyənin az rolu olmayıb, xalq olaraq hər birimiz bunu minnətdarlıqla xatırlayırıq. Hazırda Azərbaycan qardaş Türkiyə ilə “Bir millət, iki dövlət” qaydaları və Şuşa Bəyannaməsinin hədəflərinə uyğun şəkildə münasibətlərinin daha da dərinləşdirilməsi, genişləndirilməsi üçün böyük səylə çalışır.

    Qeyd edim ki, son illərdə Türkiyə Cümhuriyyəti türk dünyasının böyük siyasi və dövlət xadimi cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə möhtəşəm inkişaf yolu keçib. Cəmiyyət və dövlət həyatının bütün sahələrində rəğbətlə qarşılanan uğurlar qazanılmışdır.

    Fəxrlə deyə bilırik ki, siyasi, iqtisadi, hərbi gücünə görə Türkiyə dünyanın ən qüdrətli dövlətlərindən biridir. Qardaş ölkənin bu yüksəlişi bizi ürəkdən sevindirir, çünki Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü isə Türkiyənin gücüdür.

    Azərbaycanla Türkiyə arasında ortaq dəyərlərə əsaslanan səmimi əlaqələrin beynəlxalq münasibətlər sistemində nadir nümunədir. Xalqlarımızın və dövlətlərimizin dostluğu və qardaşlığı bizim ən böyük sərvətimizdir. İllərdir ki, ölkələrimiz arasında münasibətlər Ulu Öndər Heydər Əliyevin ifadə etdiyi "bir millət, iki dövlət" prinsipi üzərində qurulmuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi, "Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır".

    Xalqlarımız XX yüzilin əvvəllərində Çanaqqala savaşında da, Bakının erməni-bolşevik zülmündən və əsarətindən xilas edilməsi uğrunda döyüşlərdə də, 2020-ci ilin sonlarında Vətən müharibəsində də bir idilər, bu gün də birgədirlər, həmişə birlikdə olacaqlar.

    Az müddətdən sonra Azərbaycan Zəfər gününü ilk dəfə qeyd edəcək. Torpaqlarımızın işğalına son qoymaq, Qarabağda Azərbaycan bayrağını yüksəltmək üçün ötən il müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan hərbi əməliyyatlar zamanı dünya Türkiyə–Azərbaycan dostluğuna və qardaşlığına bir daha şahid oldu. Müharibənin ilk dəqiqələrindən sonuna qədər Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın verdiyi mənəvi və siyasi dəstək, bütün Türkiyənin, türk xalqının tutduğu qəti mövqe hər kəsə göstərdi ki, Azərbaycan haqq işi uğrunda mübarizədə tək deyil. Türkiyə və onun lideri hər yerdə və hər zaman Azərbaycanın yanındadır.

    İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi Cənubi Qafqaz bölgəsində yeni reallıq yaratdı. Bu gün Azərbaycanla Türkiyənin birgə səyləri bölgənin geosiyasi mənzərəsini dəyişən və ona yeni çalarlar gətirən layihələr planlı şəkildə və əzmlə həyata keçirilir. Bunu da qürurla söyləmək olar ki, Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu ilin iyun ayında Şuşanı ziyarət etmələri, iki dövlətin müttəfiqlik əlaqələri haqqında Şuşa bəyannaməsinin imzalanması, bu günlərdə isə dövlət başçılarının Füzulidə beynəlxalq hava limanını açmaları, Zəngilanda Azərbaycanla Türkiyəni bir-birinə daha sıx bağlayacaq Zəngəzur dəhlizinin təməlini qoymaları, digər böyük layihələrin icrasına xeyir-dua vermələri xalqlarımızın dostluq və qardaşlığının yeni bir nümayişi oldu.

    Son görüşlər, icra olunan layihələr bir daha bütün dünyaya Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı əbədidir, sarsılmazdır mesajı verdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR