AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

OMİKRON nədən bu qədər TƏHLÜKƏLİDİR? - Diqqət!

  • + A
  • - A
  • 30-11-2021, 08:22

    OMİKRON nədən bu qədər TƏHLÜKƏLİDİR? - Diqqət!

    “Delta” ştammının fəsadları aradan qalxmamış indi də dünyada COVİD 19-un “Omikron” variantının yayılması ajiotaj yaradıb. Ümumdünya Səhiyyə Təşkilatından bildirilib ki, koronavirusun yayılmasının qarşısını almaq üçün yeni səylərə ehtiyac var. ÜST Cənubi Afrikada yayılan və B.1.1.529 adlandırılan yeni mutasiyanın digər variantlardan daha yoluxucu olduğunu bildirib. Yeni virus ştammı artıq bir neçə ölkədə aşkarlanıb. Kanadanın paytaxtı Ottavada 2 nəfərdə “Omikron” ştammına yoluxma faktı aşkar olunub. İsrail isə yeni virus səbəbindən əcnəbilər üçün sərhədlərini iki həftəlik bağlayıb. Britaniyada daha 1 nəfərin bu virusa yoluxma faktı qeydə alınıb. ABŞ prezidenti Co Baydenin “Omikron” ştammı ilə bağlı xüsusi açıqlaması gözlənilir.

    Bəs görəsən, bütün bunlar koronavirusa qarşı ümumdünya mübarizə metodunun təsirsiz olduğuna dəlalət edirmi? Yoluxma azalmır, xəstəlik aradan qalxmır, ölüm halları da artan xətlə davam edir. Halbuki 2022-ci ildə bəşəriyyətin bu bəladan qismən qurtulacağı proqnozlaşdırılırdı.

    Bu arada, Azərbaycanda da vəziyyət kritik olaraq qalır. Xüsusilə də rayonlarda, kəndlərdə COVİD-ə yoluxmalar artır. Koronavirusa yoluxanların əksəriyyəti həkimə müraciət etmədən əhali arasında gəzib-dolanır, toy-yas mərasimlərinə gedirlər. Bəs görəsən, bu amillər yoluxmanın və ölüm hallarının artmasına səbəb olurmu? “Omikron” ştammı bizim ölkə üçün nə dərəcədə təhlükəlidir?

    Milli Hematologiya və Transfuziologiya Mərkəzinin genetika mütəxəssisi Ağa Rza Ağayev bildirib ki, Azərbaycanda bütün mutasiyalar və əlaqəli ştammlar üzrə yoxlamalara başlanılıb. Onun sözlərinə görə, ölkəyə xaricdən daxil olan, həmçinin ölkə ərazisində cluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir.

    Genetika mütəxəssisi əlavə edib ki, müvafiq yoxlamalarda hələ yeni ştamm aşkarlanmayıb. Nəzərə alınsa ki, ölkəmizin xarici ölkələrlə gediş-gəlişi var, bizdə də bu virus variantının olması labüddür...

    Yeni virus ştammını, epidemioloji vəziyyətlə bağlı tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə “Yeni Müsavat”a belə şərh verib: “Pandemiya artıq iki ildir davam edir. Hesab edirəm ki, hələ iki il də davam edəcək. 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində COVİD-19 əmələ gəlib, bütün dünyaya yayılanda hamı düşünürdü ki, havalar istiləşər, növbəti il xəstəlik çəkilib gedər. Amma belə olmadı, əksinə, 2020-ci ilin yayında qışa nisbətən daha yüksək göstəricilər müşahidə olundu, dünyanın 200-dən çox ölkəsinə yayıldı. COVİD-19 infeksiyası mutasiyaya uğrayıb, hazırda "Omikron" ştammı peyda olub, bundan əvvəl Hindistan ştammı deyilən "Delta", "Delta plyus" variantları əmələ gəldi. Ümumi olaraq qeyd etmək istəyirəm ki, koronovirusun bu ştammları yenə də yaranacaq. Bu, mikroorqanizmin bioloji xüsusiyyətləridir, artıb-çoxalmaq, mutasiyaya uğramaq, burada qeyri-adi bir şey yoxdur. Bu, mutasiyaya uğrayacaq, yüzlərlə, minlərlə növ əmələ gələcək. Necə ki, əmələ gəlib. Sadəcə olaraq, cəmiyyət üçün nisbətən diqqəti cəlb edən ştammlar əmələ gəlib. Məsələn, “Omikron” ştammı daha çox nəzərə çarpır, yoluxuculuq xüsusiyyəti daha çoxdur. Deyilənə görə, “Delta”dan daha da yoluxucudur və bu daha çox genetik mutasiyaya məruz qalıb. İnsanda ikinci, üçüncü dəfə yoluxma halları müşahidə edilə bilər".

    “Pandemiya bitməyib, indiyə qədər tətbiq edilən tədbirlər yenə davam etdirilir” - deyən V. Cavadzadə əlavə edib ki, ölkəmizdə də üç dəfə sərt karantin tətbiq edilib, hər üçündə yoluxma sayı azalıb, sərt karantin tədbirləri yumşalan kimi yoluxma yenidən artıb: “Fikrimcə, yenə tədbirlər davam etdirilməlidir. Sərt karantin tədbirlərinin olması lüzumsuzdur. Sadəcə, məsələnin problemli tərəfi odur ki, bu viruslar dəfələrlə mutasiyaya uğrayandan sonra vaksinin effektivliyi aşağı düşəcək. Görürsünüz, ÜST, Qərb ölkələrində son günlər fikirlər səsləndirilir ki, yeni vaksin hazırlanmalıdır. ”Omikron" daha çox mutasiyaya uğradığına görə ola bilsin ki, vaksinasiyanın effekti olmasın. O səbəbdən bu varianta qarşı vaksin hazırlanmalıdır. Sadə bir misal çəkim, qrip infeksiyasının A,B, C serotipləri var. A serotipi daha çox xəstəlik törədir. A serotipi də özü yarımtiplərə bölünür. Hər yarımtipə uyğun vaksinlər var. Məsələn, bir yarımtipə uyğun vaksin digəri üçün effektli deyil. Yaxud insan bir yarımtiplə xəstələnəndə digər yarımtipə uyğun immunitet əmələ gəlmir. Zaman keçdikcə bir COVİD-də də belə hal müşahidə edəcəyik. COVİD-in hər tipinə uyğun olaraq vaksinlər hazırlanmalıdır, yəqin ki, hazırlanacaq. Çünki dünya ictimaiyyətində də bu barədə fikirlər var. Viruslar getdikcə genetik modifikasiyaya məruz qalıb, amma öz ana xəttindən genetik olaraq uzaqlaşmır. Onun tərkibində COVİD-19-un 30 mindən artıq amin turşuları var. Bunların quruluşlarında dəyişikliklər olur, amma ümumi olaraq yüz faiz dəyişiklik olmur. Müəyyən qədər dəyişiklik olan viruslar artıq mutasiya hesab olunur. Biz də bunlara qarşı vaksin tətbiq edəndə təhlükəsizlik dərəcəsi aşağı düşür".

    İnfeksionist qeyd edib ki, “Omikron” ştammı sürətlə yayılır, bir çox ölkələrdə gediş-gəliş bağlanıb: “Bizim ölkəmizdə hazırda təşvişə düşmək üçün əsas yoxdur. Fikrimcə, ”Omikron" yayılsa da, o ölkələrin statistikasında da ciddi artım, ölüm sayında fərq yoxdur. Hesab edirəm ki, “Delta”dan güclü ola bilməz. Bu gün dünyada tədbirlər davam etdirilir, vaksinasiya aparılır, insanlar maskalardan istifadə edir. Müəyyən gigiyenik qaydalar tələb olunur, amma say azalmır. Bununla belə, ciddi təhlükə törədən rəqəm də görünmür. Dünyada ciddi göstəricilər yoxdur. Misal üçün, 2020-ci ilin əvvəlində İtaliyada gündəlik 2000-3200 adam ölürdü. Tənəffüs aparatı tapılmırdı, insanlar əziyyət çəkirdi. Amma bu gün ölüm halları bir o qədər də yüksək deyil, yoluxmalar da eynilə. Bizim ölkəmizdə də epidemik vəziyyət stabildir, nəzarət altındadır. Amma məsələ ondan ibarətdir ki, bütün dünyada vaksinasiya tətbiq olunur, profilaktik tədbirlər aparılır, amma azalmır. İnfeksionist kimi düşünürəm ki, COVİD-19 bizim cəmiyyətimizi tərk etməyəcək, əbədi olaraq yaşayacaq. Qrip kimi mütəmadi olaraq xəstələnmə halları müəyyən qrup şəxslər arasında - yaşı 60-dan yuxarı olan, yaşı 60-dan aşağı yanaşı xəstəliyi olan şəxslər bu xəstəliyə yoluxacaqlar. Amma digər tərəfdən də zaman keçdikcə insanlar dəfələrlə bu virusa yoluxacaq, sağalacaq və immunitet formalaşacaq. İmmunoloji yaddaş formalaşacaq və növbəti dəfə bu xəstəliyi yüngül, yaxud da asimptomatik olaraq keçirəcəklər. Öz təcrübəmdən misal çəkə bilərəm, bir il əvvəl COVİD-dən müalicə etdiyim, xəstəliyi ağır keçirən pasiyentlər ikinci dəfə də xəstələndilər. Amma bu dəfə yüngül keçirdilər. Çünki onların immunoloji yaddaşı formalaşıb və qanda müəyyən qədər antitellər yaranıb. Orqanizm virusla təmasda olduğuna görə virus haqqında məlumatı var. İnsanlar dəfələrlə bu xəstəliyi keçirəcək, virus insanların gözündə adiləşəcək. Necə ki, COVİD yeni yarananda insanlar arasında qorxu var idi. Adamlar xəstəlikdən daha çox panikadan ağırlaşırdılar. İndi isə sakitləşiblər, COVİD-i qəbul ediblər. İnsanlar müəyyən qədər maarifləniblər. Xəstəliyi keçirən insanlar müəyyən informasiyalar toplayıblar".

    Koronavirus peyvəndini hazırlayan “Moderna” şirkətinin baş həkimi Dr. Paul Burton isə yeni bir peyvəndin hazırlanması istiqamətində araşdırmalara başladığını açıqlayıb. Burton mediaya açıqlamasında bildirib ki, əgər yeni peyvənd lazımdırsa, o, 2022-ci ilin əvvəlində hazır olacaq. Yeni mutasiyanın peyvənddən yayına biləcəyindən şübhələndiyini söyləyən Burton qeyd edib ki, bu, çox narahatedici bir virusdur.
    “Yeni Müsavat”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR