AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yaz sessiyasında müzakirəyə çıxarılacaq qanun LAYİHƏLƏRİ

  • + A
  • - A
  • 11-01-2022, 21:40

    Yaz sessiyasında müzakirəyə çıxarılacaq qanun LAYİHƏLƏRİ

    Yanvar ayının 15-də Milli Məclisin yaz sessiyası öz işinə başlayacaq. Belə ki, fevralın 1-ə qədər parlamentin komitə iclaslarının keçirilməsi, daha sonra isə plenar iclasların başlaması nəzərdə tutulur. Yaz sessiyasının ilk iclası isə elə fevral ayının 1-nə planlaşdırılıb.

    Yeni sessiyada qaldırılacaq məsələlər, müzakirə ediləcək qanun layihələri haqqında Modern.az-a danışan deputatlar yaz sessiyasının məhsuldar olacağını düşünürlər.

    Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev yaz sessiyasında “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin müzakirəyə çıxarılmasını istəyir. Deputat qeyd edib ki, bir neçə sessiyadır, bu qanun layihəsi hazırlanıb, ekspertlərin rəyinə təqdim edilib:



    “Lakin parlamentə daxil olmadığına görə müzakirəsi mümkün olmayıb. Ancaq bu sessiyada iş planına daxil edəcəyik ki, müzakirəsini həyata keçirək.

    Digər tərəfdən, müəyyən qanunvericilik aktlarına əlavə və dəyişikliklərin olunması da günün tələbinə uyğun həyata keçiriləcək. Ötən sessiyalarda olduğu kimi bu dəfə də təqdim edilən müxtəlif qanunlara əlavə və dəyişikliklər olunacaq, fikirlərimizi bildirəcəyik.

    Komitə olaraq tədbirlər planında nəzərdə tutmuşuq ki, Dövlət Aqrar Universitetinin müəllim və tələbə kollektivi ilə görüş keçirək. Çünki aqrar sahə üçün lazımlı mütəxəssislər həmin təhsil ocağında hazırlanır. Payız sessiyası dövründə universitetin təcrübə-sınaq məntəqəsində olduq. Çox yaxşı işlər görülür. Tələbələrin həm aqrar, həm də heyvandarlıq sahəsində apardığı tədqiqat və təcrübə işləri maraqlıdır. Biz bu il də aqrar sahə ilə bağlı müəssisələrlə tədbirləri davam etdirəcəyik”.

    Deputat Məlahət İbrahimqızı isə ixtisasca həkim olduğunu xatırladıb və qeyd edib ki, bu sessiyada tibbə aid bir neçə qanunun müzakirəsi vacibdir:


    “Yaz sessiyasında “Ailə həkimi haqqında qanun” layihəsinin qəbul edilməsi məqsədəuyğun olardı. Bundan başqa “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında qanun” və “Stomatoloji xidmət haqqında qanun” layihələrinin hazırlanması və müzakirəsini təklif edəcəyəm. Bununla bərabər, yeni sessiyada üzvü olduğum komitələrdə bir neçə mövzu üzrə dinləmənin keçirilməsi haqqında təkliflə çıxış etməyi planlaşdırıram”.

    Deputat Ceyhun Məmmədovun isə parlamentin yeni sessiyasında “Böyük Qayıdış”la əlaqədar təklifləri olacaq:

    “Parlamentin bu sessiyasında da insanlarımızı narahat edən məsələlərlə bağlı çıxışlar etməyi planlaşdırıram. Xüsusilə, “Böyük Qayıdış”la bağlı həyata keçiriləcək işlər, əhalinin məskunlaşması, məcburi köçkünlərin sosial problemləri ilə bağlı bir sıra məsələlərin qaldırılması məqsədəuyğun olar. Qarabağda görülən işlər və planlaşdırılan layihələr haqqında sakinləri maraqlandıran məsələlərə aydınlıq gətirilməsi məqsədilə bu sahədə çıxışlar ön planda olacaq”.

    Deputat üzvü olduğu komitələrin profilinə uyğun məsələlərin müzakirəsində də aktiv olacağını söyləyib:

    “Komitələrin iclaslarında müzakirə olunan məsələlər, təhsil və dini sahə ilə bağlı cəmiyyəti narahat edən məqamlara aydınlıq gətirilməsi istiqamətində çıxışlarımız olacaq.

    Hesab edirəm ki, yaz sessiyasında müzakirəsi vacib olan məsələlərdən biri ali təhsil haqqında qanundur. Bu qanun dəfələrlə işlənib. Fikrimcə, növbəti sessiyada bunu müzakirə edib, qəbuluna nail olacağıq. Bununla belə, digər qanunların hazırlanması və müzakirəsində də iştirak edəcəyəm. İnanıram ki, Milli Məclisin yeni sessiyası da digərləri kimi uğurla davam edəcək”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR