Azadmedia.az xəbər verir ki, “Mədəniyyət/Culture” dərgisinin ötən il üçün son sayı dəyərli oxucuların ixtiyarına verilib. 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması ilə əlaqədar jurnal əsasən dahi şairin heç zaman dəyərini itirməyən irsinə həsr edilsə də, burada digər aktual mövzulara da yer ayrılıb.
“Türk Dövlətləri Birliyinin yaranması tarixi zərurətdir”, “Özbəkistan deyəndə...”, “Mədəniyyət naminə sülh. Tərəfdaşlar Forumu” sərlövhəli məqalə və reportajlarda Türk dünyasında gedən qlobal proseslərdən bəhs edilir.
“Şuşa diləkli ana və oğul”, “Səhnədən hərb meydanına, yaxud “4.4” Qısa tamaşalar festivalı”, “Ağdama... Lənkəran Dram Teatrının dəvəti ilə getdik...”, “Düşmənə qan udduran iki əmioğlu – biri yerdə, biri göydə...” və digər maraqlı yazılar “Qarabağ Azərbaycandır” rubrikasında yer alıb.
Nəşrin əsas özəyini təşkil edən “Nizami - 880” bölməsi cənab Prezidentin bu barədə Sərəncamı ilə açılır. Görkəmli ədəbiyyatşünas alimlər – Zümrüd Dadaşzadənin “Nizaminin söz qəsrinin musiqi təcəssümü”, Akif Azalpın “Şərq intibahının iki zirvəsi”, Səadət Şıxıyevanın “Nizaminin Səqlab gözəli slavyandırmı?”, Yaşar Qasımbəylinin “Ədəbiyyatın Nizamisi və Nizami ədəbiyyatda”, mərhum Qulamhüseyn Əliyevin “Nizaminin etidal təlimi”, Şəfəq Əlibəylinin “Nizami nəzmində rənglər palitrası”, İmamverdi Həmidovun “Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması ilə Məcnun ləqəbli şair Qeysin şeirlərinin müqayisəli öyrənilməsi”, Nəzakət Məmmədlinin “İsgəndərnamə” əsərində Qafqaz və Azərbaycan: tarixi həqiqətlər və bədii gerçəklik”, Ziyadxan Əliyevin “Nizami poeziyası rənglərin işığında”, İradə Musayevanın “Nizami Gəncəvi klassik və müasir tədqiqlərdə”, Zöhrə S. Əliyeva və Cəmilə Həşimovanın “Nizami yaradıcılığında mistik konsepsiya (“Yeddi gözəl” poeması əsasında)” və digər fundamental yazılar təkcə elmi cameə deyil, geniş oxucu kütləsi tərəfindən də maraqla qarşılanacaq.
Bundan əlavə, “Nizami - 880 dünyada”, “Nizami obrazı səhnədə və ekranda”, “Nizaminin söz mülkü”, “80 yaşlı söz məbədi”, “Heykəltəraşlıqda Nizami Gəncəvi obrazları”, “Bir yubileyin tarixindən”, “Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda Nizami dünyası”, “Nizami Gəncəvi Muzeyi” və sair qeydlərdə də görkəmli mütəfəkkirin həyat və yaradıcılığına bir daha işıq salınır.
Yavər Neymətlinin “Vüsalə Yusif – Sultan Qabus Universitetində Azərbaycan hərarəti” ilə “Uzaqdakı yaxınlar”, Elnarə Mazandarovanın “Qəlbi Şuşa həsrəti ilə döyünən sənətkar”ı ilə “Bizə yazırlar”, Fəxriyyə Abdullayevanın “Türk xalqlarının ortaq mədəni irsinin təbliği prioritetdir” məqaləsiylə “Mədəni irsimiz” rubrikalarında tanış ola bilərsiniz.
Jurnal öz səhifələrində magistr və tədqiqatçıların elmi araşdırmalarına da geniş yer ayırıb.
"Jurnalın elektron versiyası ilə bu linkə keçid etməklə tanış ola bilərsiniz"