Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Masallı boksçusu ölkə çempionatının bürünc mükafatçısı olub.
Belə ki, 11-15 Yanvar tarixləri arasında böyüklər arasında boks üzrə Azərbaycan çempionatı keçirilib.
Azərbaycan Boks Federasiyasının idman zalında təşkil olunan yarışlarda dəri əlcək ustaları 13 çəki dərəcəsi üzrə mübarizə aparıblar.
Çempionata respublikanın müxtəlif şəhər və rayonlarından 29 komandanın heyətində 100 kişi boksçusu qatılıb. Çempionların adına yanvarın 15-də aydınlıq gəlib.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev xəbər verir ki, respublika çempionatında Masallı komandasını iki boksçumuz – Camal Səfərli (60 kq) və Qəyyum Quliyev (51 kq) təmsil edib. C.Səfərli mübarizəni 1/4 finalda dayandırsa da digər idmançımız növbəti mərhələyə yüksəlib.
Yekun nəticə olaraq Qəyyum Quliyev çempionatı üçüncü pillədə başa vurub.
Nəzərə çatdıraq ki, mükafatçılar respublika yığmasının heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Ülkər Piriyeva