Masallı rayonu, Təzə Alvadı kəndində 13 yaşlı qızın nikaha cəlb olunması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat əsasında rayon İcra hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya, RİHB aparatının Hüquq şöbəsi və rayon Polis şöbəsinin əməkdaşları birlikdə azyaşlı və onun valideyni ilə yaşadıqları rayonun Təzə Alvadı kəndindəki evdə görüşüldü, onlarla maarifləndirici-profilaktiki söhbətlər aparıldı, hüquq və vəzifələri izah olundu, məsuliyyətləri barədə xəbərdarlıq edildi.
Araşdırma zamanı məlum olmuşdur ki, erkən nikaha cəlb olunmuş yetkinlik yaşına çatmayan 02.02.2007-ci il təvəllüdlü Mirzəyeva Jalə Emil qızının anası rayonun Təzə Alvadı kənd sakini Mirzəyeva Bəsirə Allahşükür qızı Lənkəran rayon sakini Əsgərov Emil Salam oğlu ilə rəsmi nikahda olmuş və uzun müddət Lənkəran rayonunun Ürgə kəndində yaşamışdır. 2018-ci ildə tərəflər rəsmi qaydada boşanmışlar. Bəsirə Mirzəyeva 4 ildir ki, rayonun Təzə Alvadı kəndində 2 azyaşlı qız övladı ilə birlikdə yaşayır.
Azyaşlı Jalə Mirzəyeva valideyn etinasızlığı səbəbindən təhsildən yayınmış, lakin RİHB-nin Təzə Alvadı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin təşəbbüsü ilə Təzə Alvadı kənd 2 saylı tam orta məktəbində fərdi təhsilə cəlb olunmuş, hal-hazırda həmin məktəbin 5-ci sinfində təhsil alır.
Azyaşlının valideyni Bəsirə Mirzəyeva dindirmə zamanı qızını həmkəndlisi 16.10.1994-cü il təvəllüdlü Məmişov Hacı Mübariz oğlu ilə 29.01.2022-ci il tarixində nişanladığını, lakin qızının 18 yaşı çatmamış ər evinə köçürməyəcəyini, qanunun bu yaşda nişan və ya ad etməyə icazə vermədiyi haqqında məlumatı olmadığını bildirmişdir. Bəsirə Mirzəyeva ilə aparılan maarifləndirici-profilaktiki söhbətlərdən sonra, nişan üçün qarşı tərəfdən gətirilən əşyaları qaytaracağını və qızının 18 yaşı tamam olmamış nikaha cəlb edib, ər evinə köçürməyəcəyini bildirmişdir.
Azyaşlı Jalə Mirzəyeva ilə aparılan söhbət zamanı heç kimin onu nikaha məcbur etmədiyini, 18 yaşı tamam olmamış nikaha daxil olmayacağını bildirmişdir. Jalə Mirzəyevaya bir daha erkən nikahın fəsadları izah olunmuş və təhsilini davam etdirməsi tövsiyə edilmişdir.
Eyni zamanda azyaşlı, onun valideyni və nişanlandığı oğlan valideyni ilə birlikdə rayon Polis şöbəsinə dəvət olunmuş, izahatları alınmışdır.
Hər biri öz izahatında nişan və nikah məsələlərinin ləğv olunduğunu, azyaşlının nikah yaşı çatmamış nikaha daxil olmayacağını bir daha qeyd etdilər.
Məsələ nəzarətdə saxlanılmışdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.