İqbal MƏMMƏDOV,
Milli Məclisin deputatıAzərbaycan hökuməti erməni işğalından azad edilmiş tarixi torpaqlarımızda geniş bərpa-yenidənqurma işləri aparır. Bu istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə bir ildən artıqdır ki, böyük planlar reallaşdırılır. Bu işləri Azərbaycan, əsasən, öz resursları hesabına həyata keçirir. Qarabağın bərpası ilə bağlı görülən və nəzərdə tutulan işlər barədə Azərbaycan Prezidenti özünün ayrı-ayrı çıxışlarında geniş məlumat verib.
Dövlət başçısı yerli telekanallara müsahibəsində də bu məsələlərə toxunaraq deyib ki, azad olunmuş ərazilərimizdə keçən il çox böyük, tarix boyu ən genişmiqyaslı proqram icra edilməyə başlayıb və ölkə bunu heç kimdən yardım almadan, öz vəsaiti hesabına həyata keçirir. İlk növbədə, ərazilərdə minalardan təmizləmə işləri aparılır. Bu sahədə ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi fəal işləyir. Eləcə də, infrastrukturun keçdiyi yerlər – elektrik xətləri, yollar diqqət mərkəzindədir. Həmin sahələr minalardan təmizlənir. Digər tərəfdən, baş planı hazır olan şəhərlərin də minalardan təmizlənməsi prosesi sürətlə gedir, xüsusilə Şuşa və Ağdam şəhərlərində bu proses sürətlə davam edir.
Bundan başqa, elektrik təsərrüfatları yaradılır. Bu işlər əsasən dağlıq ərazilərdə aparılmaqdadır. Təsəvvür etmək çətin deyil ki, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı – Ermənistanla həmsərhəd olan yerlərdə 700 kilometrə yaxın yol çəkilib. Bunlar xidməti, hərbi yol sayıla bilər, mövqelərə, sərhədlərə, yüksək dağlara gedən yollardır. Yəni bütün bu işlər çox çətin şəraitdə görülür. Amma o yollar və elektrik xətləri çəkilməli, əsgərlərimiz bu yerlərdə sərhədlərimizi qorumalıdırlar.
Prezident bəyan edib ki, bütün azad edilmiş torpaqlarda bir ildə 7 yarımstansiya inşa edilib və bütün bu yarımstansiyalar ümumi dairəvi şəbəkəyə qoşulub. Bu da çox böyük və çətin bir iş olub. Xüsusilə, Kəlbəcər rayonuna qışda, güclü qar şəraitində hündürlüyü 3500 metr olan Daşkəsəndən elektrik dirəkləri çəkilib, bu, doğrudan da böyük fədakarlıqdır.
Şəhərlərarası yolların çəkilməsi prosesinə start verilib. Hazırda Göygöldən Kəlbəcərə uzunluğu 11 kilometrdən çox olan tunel çəkilir. Kəlbəcərlə Laçın arasında 4 kilometr uzunluğu olan ikinci tunel inşa edilir. Bu, Kəlbəcərə rahatlıqla Göygöl-Gəncə istiqamətindən gəlməyə imkan verəcək. Bərdə-Ağdam avtomobil yolu inşa edilir. Dövlət başçısı deyib: “Biz Naftalanı Talış və Suqovuşanla birləşdiririk. Bu da həm strateji nöqteyi-nəzərdən, həm də turizm nöqteyi-nəzərindən çox önəmli olacaq. Çünki Naftalan indi beynəlxalq turizm mərkəzinə çevrilib və oradan Suqovuşan gölünə məsafə çox qısadır. O ərazini də, Ağdərə ərazisini də biz həm turizm mərkəzinə çevirmək fikrindəyik, eyni zamanda, insanların ora qayıtmasını təmin etməliyik. Digər yollar, məsələn, Füzuli-Şuşa yolu, Zəfər yolu bir ilə çəkilibdir. İkinci yol – magistral yol çəkilir, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Horadiz-Ağbənd, Zəngilan-Qubadlı-Laçın yolu, Laçın istiqamətində əlavə yolların çəkilməsi. Mən hamısını bəlkə də sadalaya bilmərəm, çünki o qədər çoxdur ki, onları yadda saxlamaq çətindir”.
Dəmir yollarının çəkilməsi işləri görülür. Artıq Bərdə-Ağdam dəmir yolunun inşasına başlanılıb. Horadiz-Ağbənd-Zəngəzur dəhlizinin bir parçası olan dəmir yolu inşa edilir.
Azad edilmiş ərazilərdəki tarixi abidələr bərpa olunur. Şuşa şəhərində böyük işlər görülüb, yaşayış kompleksinin inşasına start verilib, binaların təməli qoyulub. Ağdam, Zəngilan, Hadrut, Daşaltı məscidlərinin təməli qoyulub və təmir işlərinə başlanıb. Bütün bunlar həyata keçirilən layihələrin heç də hamısı deyil. Amma onların hər biri Azərbaycan Prezidentinin daim diqqətindədir. Ona görə 2021-ci ildə azad edilmiş torpaqlara dəfələrlə səfər edib. Prezident deyib ki, bu il artıq bu infrastruktur layihələri ilə yanaşı, şəhərsalma layihələri də icra ediləcək. Artıq məktəblərin, xəstəxanaların təməli qoyulur. Ağdam, Füzuli şəhərlərinin baş planı hazırdır. Digər şəhərlərin baş planlarının hazırlanması ilə bağlı müvafiq şirkətlərlə sazişlər imzalanıb. Tezliklə Ağalı kəndinin istifadəyə verilməsi nəzərdə tutulur.
Əlbəttə, qarşıda görüləsi işlər çoxdur. İnanırıq ki, bütün məsələlərdə siyasi iradə nümayiş etdirən Prezident İlham Əliyev bu il bir çox mühüm layihələrin reallaşmasına nail olacaq.