Masallı Rayon İcra Hakimiyyəti və “Masallı Təhsil Fondu”nun birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində tələbə qızlarla görüş keçirilib - FOTOLAR
12 fevral 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin və “Masallı Təhsil Fondu”nun birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində cari ildə ali məktəblərin qış semestri imtahanlarını uğurla başa vuran tələbə qızların bir qrupu ilə görüş keçirilib.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, tədbirdə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Belə ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov qış semestri imtahanlarını uğurla başa vuran tələbə qızları təbrik edərək bildirib ki, müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Ulu Öndər Heydər Əliyevin həmişə deyərdi ki, təhsil millətin gələcəyidir. Məhz Ulu Öndər Heydər Əliyevin milli təhsil quruculuğu sahəsində başladığı islahatların bu gün böyük rəhbərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan Masallının icra başçısı Azərbaycanda təhsilin davamlı inkişafına yönəlmiş əsaslı tədbirlərin həyata keçirildiyini diqqətə çatdıraraq qeyd edib ki, bu gün bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də gənclərimiz, xüsusilə qızlar öz uğurları ilə bizi sevindirir. Bu da əbəs deyildir. Masallıdan təhsil alan qızların təhsil haqqı ödənişi və təqaüdünün verilməsindəki uğurlu iş “Masallı Təhsil Fondu”nun apardığı məqsədəyönlü iş sayəsində həyata keçirilir.
Millət vəkili Məşhur Məmmədov, Masallı Təhsil Fondunun fəaliyyət istiqamətini diqqətə çatdırıb, fondun rəhbəri Hüseyn Hüseynov başda olmaqla, bütün əməkdaşlarına təşəkkürünü bildirib. Bundan əlavə tələbə qızların təhsildəki davamiyyətlərini dəyərləndirib, həmçinin bu barədə tövsüyyə və məsləhətlərini verib. M. Məmmədov son dövrdə universitetlərdə gənclərin hərtərəfli inkişafı istiqamətində atılan addımlar, ölkəmizdə gənclərə yaradılan imkanlar, qarşıda duran vəzifələr barədə fikirlərini vurğulayıb. Millət vəkili eyni zamanda, cəmiyyətin tərəqqisində gənclərin müstəsna rolunu vurğulayıb. Ölkə rəhbərliyinin gənclərə olan diqqət və qayğısından danışaraq vətənə, millətə sadiq və ölkəmizi dünyada layiqincə təmsil edən müasir Azərbaycan gəncliyi ilə qürur duyduğunu bildirib. Sonra çıxış etmək istəyən gənclərin fikir və müzakirələri dinlənilib.
Tələbə qızlarla görüşdə çıxış edən Millət vəkili Prof. Anar İsgəndərov, Masallı rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva və başqaları qızlara tələbə həyatında, növbəti semestr imtahanlarında uğurlar diləyib, Masallının adını daim uca tutmağı arzulayıblar.
“Masallı Təhsil Fondu”nun fəaliyyəti haqqında danışan fondun rəhbəri Hüseyn Hüseynov bildirib ki, fond Milli Məclisin deputatı Məşhur Məmmədovun təşəbbüsü və maliyyə dəstəyi ilə yaradılıb və iki ildir ki, fəaliyyət göstərir. Bu müddət ərzində, 110 qıza təhsil fondunun nizamnaməsinə uyğun təqaüd və onların təhsil haqqları ödənilib. 50 tələbənin təhsil haqqı, 60 nəfər tələbə qıza təqaüd verilib.Təhsil haqqı ödənilən 1 tələbə üçün illik orta hesabla 1900 manat, hər tələbə üçün hər ay 100 manat təqaüd ödənilib. İki şəhid övladının hər birinə 200 manat dəyərində təqaüd verilir. Bugünə kimi 118400 manat pul ödənilib. Masallıdan olan tələbə qızlar ölkəmizin müxtəlif ali məktəblərində, o cümlədən LDU-da 35, ADPU –da 25, BSU – da 10, SDU – 9, BDU –da 8, ADU –da 3, DİA – da 1 nəfər qız təhsil alır. 19 aztəminatlı ailələrin övladlarına fondun nizamnaməsindən kənar, kolleclərdə oxuyan qızların təhsil haqqları ödənilib. Keçən tədris ilində Masallıdan olan tələb qızlar təhsil aldıqları universitetlərdə yüksək bilik nümayiş etdiriblər. Onların daha yüksək bilik əldə etmələri üçün, ümumi orta müvəffəqiyyət göstəricisinin 61 bal olması müəyyən edilib. Artıq I semestr imtahanlarında ikinci kursda oxuyan 6 və birinci kursda oxuyan 7 tələbə qız qeyri kafi qiymətlər alıb. II semestrdə tələbələrdən 6-na ödəniş və 7-nə təqaüd verilməsi təmin edilməyəcəkdir. I semestr imtahanlarında ayrı-ayrı fənlərdən 61 baldan aşağı nəticə göstərən 5 tələbə ÜOMG 61 baldan yüksək olub. Həmin tələbələrə növbəti semestrdə güzəşt olunması məqsədəmüvafiqdir. Tələbələrə təqaüd və ödənişlərin verilməsi oxuduqları ali məktəblərdən «Akademik Trasnkrit» alıb, «Masallı Təhsil Fondu»na təqdim etdikdən sonra ödənilir. Fond qızların təhsilinə önəm verilməsi, yüksək ixtisaslı kadrların hazırlanması, gələcəkdə gənc nəsilin hərtərəfli kadr kimi yetişməsi naminə bütün imkanlardan səmərəli istifadə edir. -Bununla yanaşı, bir vacib məsələni də qeyd etmək yerinə düşər ki, fond qızların təhsildən yayınması, erkən nikaha girməsi kimi neqativ halların qarşısının alınmasına yönəlir,- deyə «Masallı Təhsil Fondu»nun icraçısı, tanınmış pedaqoq Hüseyn Hüseynov vacib məsələni tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Nəzərinizə çatdıraq ki, Masallı Təhsil Fondunun sədri Hüseyn Hüseynov, əməkdaşları - Hekayət Nəzərov, Rəmzi Şahverdiyev, Əkbər Mahmudov, Əntiqə Tağıyeva, Fidan Abbaslı, Aynur Abbasovadır.
Sonra «Azadmedia.az» xəbər agentliyinin Redaktoru Ülkər Piriyeva Masallı Təhsil Fondundan dəstək görən gənc tələbələrin gələcək perspektivlərilə bağlı öz təkliflərini irəli sürüb, həmçinin tələbə qızlardan — ADPU-nin ikinci kurs tələbəsi, şəhid İntiqam Abbasovun qızı Xədicə Abbasova, ADPU-nin birinci kurs tələbəsi Lalə Əsədzadə, LDU-nun birinci kurs tələbəsi Pərvin İmanova, ADPU-nin birinci kurs tələbəsi Nurcan Xəlilzadə, ADPU-nin ikinci kurs tələbəsi Sumayə Hüseynova, LDU-nun tələbəsi Nərmin Muxtarova, ADPU-nin ikinci kurs tələbəsi Fatma Məmmədli və başqaları çıxışlarında ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Diskussiya şəraitində keçən tədbirdə icra başçısı Ş.Məmmədov bir daha tələbə qızlara uğurlar arzulayıb, onların gələcək tələbə həyatında nümunəvi gənc olmağı tövsiyə etdi. Masallı bir gün ərzində tələbə həyatını yaşadı, tələbə nəvəsini duydu. Elə bil bugünkü Günəş də tələbə nəfəsini duyub, saçaqlarını ətrafa səpmişdi. Dünənki soyuq havadan əsər-əlamət qalmamışdı..
Rayon rəhbəri onu da dedi ki, «Masallının bəxti gətirib ki, Masallının belə deputatları var. Masallıda oxuyan qızların sayı artıb. Siz düzgün yol tutmusunuz. Sizə verilən dəyəri dəyərləndirirsiniz. Üzərinizə məsuliyyət düşür, yaxşı oxumalısınız. Heç bir əziyyət yerdə qalmır. Hər bir əziyyətin bəhrəsi var. Çəkdiyiniz əziyyətin bəhrəsini görməyi arzu edirəm... Tələbələr yaxşı, ağıllı danışdılar. Hər birinizə yaxşı gələcək, xoşbəxtlik arzu edirəm…»
Belə ki, səmimi ortamda keçirilən görüşdə çıxış edən gənclər, Masallı Təhsil Fonduna, millət vəkili Məşhur Məmmədova, fondun rəhbəri Hüseyn müəllimə, fondun işçi heyətinə göstərilən diqqət və qayğıdan razılıqlarını bildirib, minnəttarlıqlarını ifadə ediblər, dəstəyə görə təşəkkürlərini çatdırıblar. Eyni zamanda, Millət vəkili Məşhur Məmmədov tərəfindən tələbələrə Yazıçı-publisist Nurəddin Ədiloğlunun 44 günlük Vətən müharibəsində igidlik nümunəsi göstərmiş Masallı şəhidlərinin döyüş yolundan bəhs edən “Şəhidlik manifesti” adlı kitabı hədiyyə edilib.
Sonda görüşü əbədiləşdirmək üçün xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, tədbirdə Azadmedia.az-ın əməkdaşları Ülkər Piriyeva və Elnurə Abuşova da iştirak ediblər.