Əliabbas Salahzadə
Milli Məclisin deputatı Bildirib ki, dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin hər biri yeni sosial obyektlərin təməlinin qoyulması, yaxud açılış mərasimlərinin keçirilməsi ilə yadda qalır: “Ölkə Prezidenti tarixi Zəfərimizin ilk günündən belə bir çağırışı etdi ki, bu ərazilərimiz qısa zamanda cənnət məkana çevriləcək, soydaşlarımız üçün zəruri olan bütün imkanlar yaradılacaq. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın fevralın 13-də Ağdam rayonuna sayca 3-cü səfəri çərçivəsində genişmiqyaslı təməlqoyma və açılış mərasimlərinin xronologiyasına diqqət yetirmək kifayətdir. Ölkə Prezidenti İlham Əliyevin ötən il Ağdam rayonuna səfəri zamanı Ağdam Sənaye Parkının təməli qoyulmuşdu. Fevralın 13-də gerçəkləşdirilən səfərdə isə Ağdam Sənaye Parkında iki müəssisənin təməli qoyuldu. Yeni yaradılan sənaye zonaları, həmçinin Ağdam Sənaye Parkında yaradılan müəssisələr yerli istehsalın inkişafına geniş imkanlar yaratmaqla yanaşı, bölgənin resurslarının iqtisadiyyata yönəldilməsinə, Qarabağın dirçəlişinə, ümumilikdə ölkəmizdə qeyri-neft sənayesinin inkişafına mühüm töhfə verəcək”.
Ə.Salahzadə qeyd edib ki, iqtisadiyyatın şaxələndirilməsi, enerji sektorundan asılılığın minimuma endirilməsi ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin əsasıdır: “Bu məqsədə nail olmaq üçün bütün regionların malik olduqları iqtisadi potensialdan istifadə etmək üçün 2030-cu ilə qədər olan dövrü əhatə edən Milli Prioritetlər təsdiqlənib. Yeni dövrün iqtisadi inkişaf tələbləri ilə uzlaşan mütərəqqi mexanizmlərin tətbiqi - sənaye parklarının və məhəllələrinin yaradılması da xüsusi önəm kəsb edir. Sənaye zonaları sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, biznesin innovativliyinin və səmərəliliyinin artırılmasında, yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli məhsul istehsalında, qeyri-neft sektorunun inkişafında və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm amilə çevrilir. İşğaldan azad edilmiş bölgələrin malik olduğu iqtisadi imkanlardan səmərəli istifadə etməklə gələcəkdə ölkəmizin hərtərəfli inkişafı təmin ediləcək”.
Azad edilmiş ərazilərimizin böyük turizm potensialına malik olduğunu açıqlayan deputat onu da əlavə edib ki, 30 ilə yaxın dövrdə mənfur düşmən bu potensialdan istifadə edərək özünün iqtisadi vəziyyətini yaxşılaşdırmağa çalışıb: “Bu baxımdan beynəlxalq ekspertlər ilk gündən bu məqamı açıqladılar ki, Vətən müharibəsində Ermənistanın məğlubiyyəti, torpaqların əsl sahibinə qayıtması işğalçı dövlətdə iqtisadi böhranı daha da dərinləşdirəcək. Bu gün ölkəmiz öz tarixi torpaqlarında bərpa və quruculuq işlərini genişləndirməklə Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı qısa zamanda əsas turizm zonasına çevirəcək. Böyük Qayıdış reallaşdıqdan sonra bu ərazilər turistlərin sevimli məkanlarından biri olacaq. Ağdamda mehmanxananın təməli qoyuldu. Müasir mehmanxana təqribən 2 ildən sonra fəaliyyətə başlayacaq. Buraya böyük sayda gələcək qonaqlara şərait yaradılır. Səfər çərçivəsində yaşayış kompleksinin təməl daşı qoyuldu. Altı evdən ibarət yaşayış kompleksi təqribən il yarıma - iki ilə inşa ediləcək”.
“Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olmasından sonra ölkə Prezidentinin nitqi işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin ümumilikdə təqdimatı oldu” söyləyən Ə.Salahzadə qeyd edib ki, bu torpaqlarda yol-nəqliyyat infrastrukturunun bərpası və yenilənməsi ilk gündən prioritet olub: “Bu ərazilərin enerji tələbatını ödəmək üçün zəruri addımlar atılır. Ağdamda iki yarımstansiyanın açılışı oldu. Beləliklə, azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a çatıb. “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək. Dövlət başçısı İlham Əliyev bərpa və quruculuq işlərinə başlandığı ilk gündən bu əminliyi ifadə etdi ki, bütün dünya planlarımızın həyatda gerçəkləşdiyini görəcək”.
Deputat onu da vurğulayıb ki, bu gün Azərbaycanda biznes mühiti daha da yaxşılaşır, sahibkarlığın inkişafı üçün gözəl şərait yaradılır: “Dövlət sahibkarları dəstəkləyir. Cənab İlham Əliyev sözügedən nitqində bu çağırışı da etdi ki, Azərbaycan sahibkarları gərək azad edilmiş torpaqlara gəlsinlər və burada müəssisələr qursunlar, iş yerləri yaratsınlar. Azad edilmiş torpaqları ancaq bu yolla tezliklə canlandıra bilərik”.
Ə.Salahzadə görülən və görüləcək işlərə söykənərək böyük qürurla, əminliklə qeyd edib ki, Azərbaycan bundan sonra daha da güclənəcək, bir daha qurucu, yaradıcı dövlət, xalq olduğumuzu dünyaya nümayiş etdirəcəyik: “Bu gücümüz, qüdrətimiz Ermənistanda baş qaldıran revanşist qüvvələrə cavab olacaq. Azərbaycan xalqı bu torpaqlarda əbədi olacaq. Tarixi Zəfərimizdən ötən hər gün Böyük Qayıdışı yaxınlaşdırır. “Şuşa İli” çərçivəsində bərpa-quruculuq işləri daha geniş miqyas alacaq. Şuşa və Ağdam ilə yanaşı, işğaldan azad olunmuş Azərbaycanın digər rayonlarına da müntəzəm avtobus reysləri təşkil edilməsi planlaşdırılır. Bu addım da Böyük Qayıdışın tərkib hissəsidir”.