AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlətə və xalqa xidmət nümunəsi – Mehriban xanım Əliyevanın I vitse–prezident kimi fəaliyyət kredosu

  • + A
  • - A
  • 21-02-2022, 16:49

    Dövlətə və xalqa xidmət nümunəsi –  Mehriban xanım Əliyevanın I vitse–prezident kimi fəaliyyət kredosu

    Cəmil Quliyev,
    tarix üzrə fəlsəfə doktoru

    Mehriban Arif qızı Əliyeva 26 avqust 1964–cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, yazıçı, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquliyevin nəvəsidir. Atası Arif Paşayev Azərbaycanın görkəmli alimi, pedaqoqu, ictimai xadim, Milli Elmlər Akademiyasının akademiki, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professordur. 1996–cı ildən indiyədək Milli Aviasiya Akademiyasının rektorudur. Anası Aida İmanquliyeva şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professordur. Aida İmanquliyeva Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor – qadındır. Mehriban Əliyeva 1982–ci ildə Bakı şəhəri 23 nömrəli tam orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə–profilaktika fakültəsinə daxil olub. 1988–ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib və 1988–1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi–Tədqiqat İnstitutunda işləyib. Mehriban Əliyeva 2005–ci ildə "Eftanaziya və təbabətdə humanizm problemi" mövzusunda dissertasiya işi müdafiə edib və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb. Mehriban Əliyeva 1983–cü ildə İlham Əliyevlə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı var. 2004–cü il avqustun 13–də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə Mehriban Əliyeva UNESCO–nun Xoşməramlı səfiri adına layiq görülüb. 2004–cü il dekabrın 28–də Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK–un İcraiyyə Komitəsinə üzv seçilib.

    2004–cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. Xeyirxahlıq, mərhəmət, insanpərvərlik nümunəsi olan Mehriban xanım Əliyevanın ölkə daxilində həyata keçirdiyi humanitar missiyası dövlətimiz tərəfindən yüksək dəyərləndirilmiş və Mehriban xanım Azərbaycanın ən ali dövlət mükafatlarına – “Heydər Əliyev” ordeninə və Heydər Əliyev Mükafatına layiq görülmüşdür. Xarici ölkələrin ali dövlət mükafatları sırasında xüsusi olaraq qeyd etmək olar: Fransanın “Şərəf Legionu”, Rusiyanın “Dostluq” və “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə”, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri, Vatikanın IX Piy Ordeninin Böyük Xaçı, Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaçı, Pakistanın “Hilal–e Pakistan”, Serbiyanın “Sreten”, Macarıstanın “Xidmətlərə görə” Komandor Xaçı, Rus Pravoslav Kilsəsinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordenləri, UNESCO-nun “Qızıl Motsart” medalı, BMT–nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Qızıl medalı, Krans Montana Forumunun Qızıl medalı və “Prix de la Fondation” mükafatı, Avropa Olimpiya Komitələrinin Ali Ordeni, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qızıl medalı, Küveyt Dövlətinin Fəxri diplomu, Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin mükafatı, “Qızıl ürək” beynəlxalq mükafatı, Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı, Türk–Alman Dostluq Federasiyasının fəxri mükafatı, Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktoru seçilmişdir.
    Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq "Birinci xanım" statusunu məhz Mehriban Əliyeva formalaşdıraraq cəmiyyətin həyatına birinci xanım ənənəsini gətirmişdir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tarixdə iz qoymuş vətənpərvər, maarifpərvər qadınlarımızın nümunəvi fəaliyyətini yeni keyfiyyətdə, həm də ləyaqətlə davam etdirir. Azərbaycan Şərqdə qadınlara seçmə və seçilmə haqqı verən ilk müsəlman ölkəsidir. Bu, İslam dəyərləri ilə demokratiyanın ahənginin vacib nümunəsidir. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya kimi sahələrdə müxtəlif layihələrin reallaşdırılması yolu ilə sosial–iqtisadi sferaya mühüm töhfə verməklə Azərbaycanın ictimai inkişafında fəal iştirak edir. Heydər Əliyev Fondunun fəaliyyət istiqamətlərindən biri respublika və dünya əhəmiyyətli tarixi abidələrin restavrasiyasıdır. Fond təkcə Azərbaycanda deyil, həm də xaricdə tarixi abidələri bərpa edir, yeni mədəniyyət mərkəzləri – musiqi məktəbləri, muzeylər, şəkil qalereyaları, kitabxanalar yaradır.
    Humanizm, xeyirxahlıq və nəcib əməllər bəşər durduqca yaşayır, bu ali mənəvi keyfiyyətlərin sahibləri, şərəfli missiyanın daşıyıcıları isə öz varlıqları ilə xalqına daim başucalığı, şan–şöhrət gətirir, onun sevimlisinə çevrilirlər. Nəsildən nəslə keçən xeyirxahlıqları, nəciblikləri hər an insanlara kömək etmək, onlara yardımçı olmaq kimi ülvi hissləri ilə doğulduqları torpağın, sahibi olduqları Vətənin şərəfini yüksəklərə ucaldırlar. Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də bütün dünyada yüksək ehtiram sahibi olmuş ölkəmizin birinci xanımı Mehriban Əliyeva bəşər tarixinin şanlı salnaməsinə öz dəst–xətti ilə daxil olan belə görkəmli şəxsiyyətlərdəndir. Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən, humanizm və nəciblik missiyasını şərəflə yerinə yetirən Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu mühüm, xidmətləri danılmazdır. Onun fəaliyyət dairəsi çoxşaxəli olub həyatımızın bütün sahələrinə dərindən nüfuz edir. Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO–nun xoşməramlı səfiri, 1–ci vitse prezident, YAP sədrinin 1–ci müavini, həmçinin Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, "Azərbaycan - İrs" jurnalının baş redaktorudur. Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı Mehriban Əliyeva tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış amnistiya aktı böyük mənəvi-əxlaqi və siyasi məzmun daşımışdır. O, bu təşəbbüsü ənənəyə çevirərək 2009 və 2013–cü illərdə də eyni müraciətlə çıxış etmiş və nəticədə 2009–cu ildə 9564, 2013–cü ildə isə təqribən 9000 nəfər azadlığa buraxılmışdır. 2017–ci il fevralın 21–də Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın I vitse–prezidenti təyin edilib. Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021–ci il) YAP İdarə Heyətinin üzvü seçilib və həmin gün YAP Sədrinin I müavini təyin edilmişdir.
    Uzun zamandır, Heydər Əliyev Fonduna rəhbərlik edən Mehriban Əliyeva Avropa və dünyada ciddi mədəni və sosial layihələrə verdiyi dəstəklə diqqəti özünə çəkdi. Mehriban Əliyevanın I vitse–prezidentliyə təyinatını bu sahələrdəki uğurlarının nəticəsi kimi dəyərləndirmək bizi gerçək nəticələrə aparır. Xalq arasında böyük nüfuzu olan Mehriban Əliyev fərqli bir yolu sınaqdan keçirməyə başladı. Toplumdakı fərqli siyasi qrupları, hətta narazı səsləri belə “mərkəzə çəkmə, onları dinləmə və etiraz etdikləri məsələlərin çarəsini tapmaq” siyasəti xanım əfəndinin siyasi ağıl istehsal etmək sahəsində bacarığını da göstərmiş oldu. Mehriban xanım Əliyeva idarəçiliyinə müxalif olanlara hətta belə demək mümkünsə, nifrət dolu siyasi qruplaşmalara qarşı “yumşaq və dinləyən tərəf” profilini ortaya qoymaqla Azərbaycanda ictimai sabitliyin təmin olunmasına öz töhfəsini verməkdədir. Ölkəmizdə 2016–cı ildə keçirilmiş referendum, Konstitusiyaya olunan dəyişikliklər mühüm islahatlarının yeni, uğurlu mərhələsini nümayiş etdirdi. Zamanın tələbinə uyğun dəyişikliklərin tərkib hissəsi kimi Vitse–prezident institutunun təsis olunması dövlət idarəçiliyi sahəsində növbəti uğurlu dönəmin başlanğıcına çevrildi. 2005–2017–ci illərdə Milli Məclisin deputatı olmuş Mehriban Əliyevanın Azərbaycanda parlamentarizm ənənələrinin inkişafında mühüm xidmətləri var. Onun rəhbəri olduğu parlamentlərarası dostluq qrupları Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafında əvəzsiz rola malikdir.
    2017–ci ildən keçən 5 ilin uğurlu göstəriciləri, mövcud reallıqları Mehriban Əliyevanın özünün yeni missiyasını da layiqincə yerinə yetirdiyini, Birinci vitse-prezident kimi fəaliyyəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin siyasi kursunun uğurla reallaşmasında fəal iştirak etdiyini göstərdi. İlk gündən mühüm sosial məsələləri nəzarətə götürən Mehriban Əliyeva 2016–cı ilin Aprel döyüşlərində xəsarətlər almış qəhrəman hərbçilərimizin hərtərəfli qayğı ilə təmin edilməsi, yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin yeni mənzillərə köçürülməsi Mehriban Əliyevanın I vitse–prezident kimi uğurlu fəaliyyətinin tərkib hissəsi idi.
    Millət vəkili kimi təmsil etdiyi ərazilərin sosial məsələlərin həlli istiqamətində gördüyü işlərlə seçicilərinin dərin sevgisini qazanan Mehriban Əliyevanın parlamentin müzakirəsinə təqdim etdiyi zəruri qanun layihələri Azərbaycan qanunvericiliyinin təkmilləşməsində özünəməxsus yer tutur. Daim ədalət, humanizm və insanpərvərlik ideyalarını rəhbər tutan Mehriban Əliyeva bu illər ərzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 84 illiyi, 2009–cu ildə Novruz bayramı, 2013–cü ildə Heydər Əliyevin 90 illik yubileyi və 2016–cı ildə Respublika Günü münasibətilə amnistiya aktlarının qəbul edilməsi təşəbbüsü onun uğurlu fəaliyyətinin çoxşaxəliliyini göstərir.
    2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsində isə Azərbaycanın I vitse–prezidentinin döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin müalicəsini birbaşa nəzarətinə götürməsi bir daha xalqımızın dərin rəğbəti ilə qaşılandı. Məhz Mehriban Əliyevanın şəxsi diqqət və qayğısı ilə qəhrəman hərbçilərimiz hərtərəfli diqqət və qayğı ilə təmin olundular. Bu illər ərzində I vitse–prezidentin təşəbbüsləri ilə müharibə əlillərinin sosial məsələlərinin qısa zamanda həlli, məcburi köçkünlərin yeni evlərlə təmin olunması ilə bağlı həyata keçirilən layihələr, Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin layiqincə təşkili, orta məktəblərin, uşaq bağçalarının, mədəniyyət ocaqlarının təmiri və yenidənqurulması, koronavirusla əlaqədar əhalinin aztəminatlı hissəsinə davamlı şəkildə dəstək göstərilməsi Azərbaycanın I vitse–prezidentinin dövlətimizin və xalqımızın mənafelərinə xidmət edən fəaliyyətinin bariz göstəricisidir.
    Azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlayan Heydər Əliyev Fondunun təşəbbüsü ilə dini abidələrin əsaslı təmiri, bərpası və inşası, Şuşada Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi və Zəngilan şəhər məscidinin, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi habelə digər dini abidələrin, mədəniyyət ocaqlarının təmiri Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafı qarşısındakı misilsiz xidmətlərinin cizgiləridir.
    Heydər Əliyev ideyalarına sədaqət, onun dövlətçilik konsepsiyasına xas olan ideyalara bağlılıq Mehriban Əliyevanın I vitse–prezident kimi dövlətimizə və xalqımıza layiqincə xidmət etdiyini, ölkəmizin daha da çiçəklənməsinə əvəzolunmaz verdiyini göstərir. Bir sözlə, Azərbaycanın I vitse–prezidentinin ötən 5 ildə göstərdiyi uğurlu fəaliyyət, gördüyü işlər çoxşaxəli və əvəzolunmazdır. Onun fəaliyyətinin ana xətti Birinci vitse–prezident kimi hər bir sahədə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun dəstəklənməsinə və uğur qazanmasına yönəlib.
    2017–ci ildən ötən 5 ilin yekunları Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi bundan sonra da fəaliyyəti ilə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial–iqtisadi inkişaf strategiyasına layiqli töhfələr verəcəyini göstərir. Başqa sözlə desək, I vitse–prezidentin çoxşaxəli fəaliyyəti dövlət başçısının həyata keçirdiyi siyasi xətti uğurla tamamlayaraq Azərbaycan dövlətinin, xalqının bundan sonra da yüksəlişinə xidmət edir.
    2020–ci ildə Nəsimi ilində Mehriban xanım Əliyevanın ideyası və təşəbbüsü ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkilmişdir. Bakıda IDEA–nın təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilati dəstəyi ilə Qafqaz Biomüxtəlifliyi Sammiti keçirilmiş və beynəlxalq ekspertlərin diqqəti Azərbaycanda, eləcə də bütün Qafqazda biomüxtəlifliyin qorunmasına yönəldilmişdir. Fondun hazırladığı “Xocalı soyqırımı” filmi ilə yanaşı, insanlığa qarşı törədilən cinayəti əks etdirən müxtəlif ekspozisiyalar nümayiş olunması, Fondun dəstəyi və təşkilatçılığı ilə məktəblilər arasında keçirilən “Xocalı uşaqların gözü ilə” rəsm müsabiqəsinin, əl işlərinin, fotoşəkillərin dünyanın qabaqcıl ölkələrində keçirilən sərgilərdə nümayiş etdirilməsi, Fondun nəşr etdirdiyi “Qarabağ həqiqətləri” toplusu və “Azərbaycana qarşı müharibə: Mədəni irsin hədəfə alınması” kitablarının dünya ölkələrində paylanması beynəlxalq ictimaiyyətdə Azərbaycan həqiqətləri barədə dolğun təsəvvürün formalaşdırılması işinə xidmət edir, töhfələrini verir. Mehriban Əliyevanın 18 il müddətində Heydər Əliyev Fondunun prezidenti kimi səmərəli fəaliyyətindən, beynəlxalq humanitar təşkilatlar olan UNESCO və ICESCO–nun xoşməramlı səfiri kimi dünya mədəni irsinin qorunması, Azərbaycanın beynəlxalq miqyasda tanıdılması işinə verdiyi misilsiz töhfələr vermişdir. Onun səyləri nəticəsində 2019–cu ilin iyulunda UNESCO Dünya İrs Komitəsinin 43–cü sessiyası Azərbaycanda keçirilib. COVID–19 pandemiyasına qarşı mübarizə tədbiri üçün Heydər Əliyev Fondunun dəstəyi ilə modul tipli xəstəxanalar istifadəyə verilmişdir. O, Prezident İlham Əliyevlə çiyin–çiyinə ölkənin dinamik inkişafına böyük töhfə verir. Qısa müddətdə 300 mindən çox qaçqın və məcburi köçkünün həyat şəraiti yaxşılaşdırılıb, bir il ərzində 3000–ə yaxın qazi və şəhid ailələri yeni mənzillərlə təmin edilib. Bundan başqa, 44 günlük Vətən müharibəsində yaralanan əsgər və zabitlərin müalicəsi təşkil edilib. Bu gün I vitse–prezident Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan portretini uğurla tamamlayır. Bir sözlə, Azərbaycanın I vitse–prezidenti Mehriban xanım Əliyevanın işləri Azərbaycanda və dünya ölkələrində dərin hörmətə, rəğbətə, xoş münasibətə əsas yaradan ali fəaliyyət nümunəsi kimi qəbul edilməkdədir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR