Məşhur Məmmədov,
Millət vəkili
Bu gün Orucluğun son günüdür. Allaha sevgi ilə oruc tutanlar müqəddəs Ramazan bayramlarını qeyd etməyə çalışırlar. İslamın ən vacib ibadətlərindən biri Orucdur.
Oruc ibadətinin yerinə yetirilməsində başlıca məqsəd insanları mənən saflaşdırmaq, onlara mərhəmətli, səbirli və dözümlü olmağı öyrətmək, insanları günah əməllərdən çəkindirməkdir. Qurani-Kərimdə buyrulur: Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlkilərə fərz buyurulduğu kimi sizə də fərz buyuruldu ki, bəlkə, günahlardan çəkinəsiniz! (Oruc tutmaq) sayı müəyyən olan günlərdədir. Sizdən kim xəstə və ya səfərdə olarsa, tutmadığı günlərin sayı qədər başqa günlərdə oruc tutsun! Oruc tutmağa tab gətirməkdə çətinlik çəkənlər isə bir yoxsulu doyuracaq qədər yemək verməlidirlər. Kim yaxşı bir iş görməkdə könüllü olarsa, bu onun üçün daha xeyirlidir. Ancaq oruc tutmağınız daha xeyirlidir. Kaş bunu biləydiniz! (əl-Bəqərə, 183-184).
Mübarək Ramazan ayını digər aylardan iki əsas cəhət fərqləndirir. Birincisi Qurani-Kərim bu ayda nazil olub. Digəri isə oruc müsəlmanlara bu ayda vacib buyurulub.
İslam alimləri orucun müsəlmanlara vacib edilməsini əsasən üç amillə bağlayırlar. Birincisi oruc Allaha ibadət, onun əmrlərini yerinə yetirmək, günahlardan çəkinmək məqsədi daşımalıdır.
Oruc arıqlamaq üçün yox, təmiz niyyətlə və sırf Allaha ibadət məqsədilə tutulmalıdır.
Orucun müsəlmanlara vacib edilməsində digər hikmət nəfsin tərbiyəsi, səbr və dözümlülüyün gücləndirilməsidir. Müsəlman səbrli, dözümlü və əzmkar olmalıdır. Oruc müsəlmanlara dözümlü, əzmkar və nəfsinə hakim olmağı öyrədir.
Oruc insana sevgi, mərhəmət və qayğı hissləri aşılayır. Oruc insanın özünü yemək yeməkdən məhrum etməsi məqsədilə deyil, imkansızlara kömək göstərmək, onların yaşadıqları hissləri duymaq məqsədilə vacib buyurulub. İmkanlı şəxs müvəqqəti də olsa imkansız insanların yaşadığı anları yaşayır, aclığın dadını dadır və bu insanlarda şəfqət və mərhəmət hisslərinin oyanmasına kömək edir.
İnsan ona verilən nemətlərə görə Allah-Təalaya şükr etməldir. Bu nemətin qiymətini, onun Allah tərəfindən verildiyini dərk etmək və nemətə ehtiyacı hiss etməklə mümkündür. Ramazan ayı istisna olmaqla digər aylarda insan həqiqi aclığı tam yaşamadığı üçün ona verilən nemətlərin dəyər və qiymətini bilmir.
Gücü və imkanı olan hər bir müsəlman Ramazan orucunu tutmalı, saflaşmalı, mənən zənginləşməli və bu ibadətin ona verdiyi fəzilətlərdən səmərəli bəhrələnməyə səy göstərməlidir. Seçicilərimi, bütün Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edirəm. Allah bütün dua və orucları qəbul etsin!