(Professor Nəsir Əhmədlinin 80 illiyinə)
Əsl müəllim orta və ya ali məktəblərdə təkcə bilik vermir, o, həm də müdrik şəxsiyyətlərin dediyi kimi, cəmiyyətin ruhunu tərbiyə edir. Bu nöqteyi-nəzərdən düşünürəm ki, biz jurnalistlərin müəllimi, professor Nəsir Əhmədli sözün həqiqi mənasında öz peşəsini sevən, sevdirən və yaşadığımız zamanın ruhunu cilalayan ustaddır. Nəsir müəllimin adı gələndə vaxtilə onun tələbəsi olmuş həmkarlarımın çoxunun üz - gözündə xoş ifadələr yaranır. Hər biri “Nəsir müəllim həm də mənim dostumdur” deyib haqqında bir-birindən maraqlı xatirələr danışır. Nəsir müəllim halal adamdır. Məhz belə müəllimlərin sayəsində yarandığı dövrdən bu günə kimi universitetin jurnalistika fakültəsi halallıq məktəbi kimi tanınır. Etiraf edim ki, bizim çoxumuz jurnalistika fakültəsində təhsil alarkən mətbuat səhifələrində imzalarına tez-tez rast gəldiyimiz, publisistik və bədii kitabları nəşr olunan müəllimlərimizə, onların tanınmış yetirmələrinə bənzəmək istəyirdik.
Aradan 40-45 il vaxt ötüb. Bu, insan ömründə az zaman deyil, ancaq biz hələ də Qulu Xəlilovun ciddi baxışlarını, Şirməmməd Hüseynovun Azərbaycan jurnalistikası tarixininə dair maraqlı mühazirələrini, Famil Mehdinin şairanə görkəmini, Tofiq Rüstəmovun təmkinli danışıq tərzini, Nurəddin Babayevin kübarlığını, Seyfulla Əliyevin səliqə ilə arxaya daranmış ağ saçlarını, Nəsir İmanquliyevin həssaslığını, Əliş Nəbilinin xəfif təbəssümünü unuda bilmirik. Allah onların hamısına rəhmət eləsin. Minlərlə jurnalist kadrı hazırlayan ustad müəllimlərimiz professor Cahangir Məmmədli və Nəsir Əhmədliyə isə Allahdan cansağlığı arzulayrıam. Mən ali məktəbdə qiyabi yolla təhsil alsam da adlarını fəxrlə çəkdiyim müəllimlərlə tələbələr arasında səmimi dostluq münasibətlərinin məhz bizim jurnalistika fakültəsində şahidi olmuşam.
Professor Nəsir Əhmədli ilə bağlı mənim də çoxlu xatirələrim var. 20 il əvvəl mən rayonda yaşayırdım. Yay vaxtıydı. Həsir müəllim cox yaxın dostu və tələbəsi Akif Səmədlə Masallıya gəlmişdi. Akif məndən iki il əvvəl jurnalistika fakültəsini bitirmişdi. Bir-birimizi yaxşı tanıyırdıq. “Bircə qarış yol varıymış, Adəmdən Akif Səmədə” deyən istedadlı qələm dostumuzu Nəsir müəllimlə Masallının axarlı-baxarlı təbiət guşələrinə apardıq. Düzü, mən tələbə olanda jurnalistika fakültəsində bizə nitq mədəniyyətindən mühazirə oxuyan Nəsir müəllimin şeir yazdığını bilmirdim. Amma təbiətin qoynunda müəllimimizin poeziya dünyası ilə ilk dəfə tanış oldum.
İxtisasca rus dili və ədəbiyyatı müəllimi Aqil Əliyev (Nəsir müəllimin bacanağı), vaxtilə “Viləş” futbol komandasının tanınmış hücumçularından olan Seyran Əliyev (fizika müəllimi), N.B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyoru Tale Mikayılov, Masallı Şahmat Məktəbinin məşqçisi Məzahim Ağayev və mən günlərin bir günü qərara gəldik ki, qonaqlarla dənizə gedək. Nəsir müəllim Aqilgildə qaldı. Amma Akifi dönə-dönə bizə tapşırdı: “Şairdən muğayat olun!..”
20-25 dəqiqədən sonra dənizin sahilinə çatanda Akif məndən soruşdu: “Ayə, Masallıda da dəniz varmış?” Dedim, yox, Akif bura Lənkərandır. Akif dənizə baş vurmadı. Ayaqları çox şişmişdi. Ağlımıza gəlməzdi ki, bu bizm onunla son görüşümüz olacaq... Şeirlərində həmişə ölümdən bəhs edən, “Nə qədər dostlarım qabağa düşdü, gecikir, ölümüm, yaman gecikir” deyə ölümü çağıran və ömrünün 45 yaşını doldurmağa 16 gün qalmış dünyasını dəyişən Akif Səmədin vaxtsız ölümünə ən çox yanan dostlarından biri də bizim Nəsir müəllimi idi.
Deyirlər, kədərlə sevinc qardaşdır. Bu məqamda oxuculara Akif Səməd və Nəsir müəllimlə bağlı eşitdiyim bir gülməcəni nəql etmək istəyirəm. Günlərin bir günü Nəsir müəllim Akiflə ikisi birlikdə restorana gedirlər. Xidmət xoşlarına gəlmir. Nəsir müəllim restoranın müdirini çağırtdırıb deyir:
- Cavan oğlan, sən bilirsən, kimlər oturub burada. Zəmanəmizin Füzulisi...
Akif görür ki, müdir karıxıb qalıb. Tez dillənir:
- Düzdü, özüm Füzuli döyləm, ancax arvadım Füzulidəndi.
...Nəsir müəllimlə bir neçə dəfə “Bilgəh” kardioloji sanatoriyasında eyni vaxtda olmuşuq. Mən orada Nəsir müəlimim təbiətə, milli dəyərlərimizə, saza, sözə bağlılığının bir daha şahidi oldum. Bir dəfə axşamüstü sanatoriyanın həyətində gəzirdik. Birdən əsas korpusun geniş eyvanından saz sədası gəldi. Kimsə şövqlə sazda “Ruhani” havası çalırdı. Nəsir müəllim dedi: “Gəl gedək yaxından qulaq asaq, saz çalan qazaxlı İsmayıl müəlimdir...” İsmayıl müəllim bizi görcək sazının “köynəyini” geydirib aşağı endi. Gəzə-gəzə xeyli söhbət etdik. Həsir müəllim tələbə yoldaşlarımızdan ən çox yadında qalanları xatırlayıb bir-bir adlarını çəkdi: Rüsvat Bayramov Əli Nəcəfxanlı, Həzi Həsənli, Səadət Qarabağlı, Mais Səfərli (Allah rəhmət eləsin) Qənbər Yusifli, Rasim Qaraca, Bəhlul Eminli, Sərraf Talıb, Aydın Şirinov, Elşən Məmmədov, Elşən Əliyev, İdris Şükürlü...
2018-ci İldə Yazıçılar Birliyinin Natavan klubunda Nəsir müəllim professor Qulu Məhərrəmli ilə birgə mənim 60 illiyim münasibəti ilə keçirilən tədbirdə iştirak elədi. Ürək sözlərini həm tədbir iştirakçılarına, həm də AzTV-nin Mədəniyyət kanalının hazırladığı “Qobustan” verilişində söylədi.
Nəsir müəllim Azərbaycan dilinin təmizliyinin qorunması, ana dilimizin qaydalarına ciddi əməl edilməsi istiqamətində fədakarcasına mübarizə aparan alimlərimizdən biridir. Bu mövzuda söhbət edəndə deyir ki, dilin varlığı millətin varlığıdır... Bir dəfə dövlət başçısının jurnalistlərə hədiyyə verdiyi mənzillərin ədalətsiz bölgüsündən söhbət düşdü. Nəsir müəllim zarafatla dedi ki, mən elə bilirdim ölkədə 10-15 jurnalistdən biriyəm, sən demə, heç 411 jurnalistin arasında da adım yox imiş... Bu sözləri mənzilə ehtiyacı olan alim və qocaman jurnalist deyirdi. Böyük jurnalist ordusu jetişdirən müəllimlərimizi V. Səfərli, Ə. Həsənov kimi məmurlar mənzil bölgüsündə nəzərə almayanda biz nə edə bilərdik? 2013 və 2017-ci ildə mənə jurnalistlər binasından mənzil veriləcəyini düşünürdüm. Fəqət... Nəsir müəllimin təbirincə desəm:
“Başdan-başa” müəmmadır bu dünya,
Gizlisi nə, agahı nə, bilinmir...
Söz yox ki, professor Nəsir Əhmədli kimi ustad müəllimin ən böyük mükakafatı və hədiyyəsi tələbələrinin, işlədiyi kollektivin, dostlarının ona tükənməz sevgisidir. Nəsir müəllim belə mükafatları və hədiyyələri ömrü boyu qazanıb... Nəsir müəllimi uzaqdan-yaxından tanıyanlar, “Facebook” səhifəsində dostluğunda olanlar belə onun necə vətənpərvər ziyalı və dostcanlı İNSAN olduğunu yaxşı bilirlər. 2020 -ci ilin oktyabrın ortalarında Nəsir müəllim qələbəmizə böyük inam hissi ilə rəhmətlik dostu və tələbəsi Akif Səmədə xitabən belə şeir paylaşmışdı:
“Akif Səməd, gözün aydın,
Şuşaya doğru gedirik...”
Əgər dostluğun yüz şərti varsa, bizim Nəsir müəllim onun bütün şərtlərinə əməl edən ən yaxşı DOSTDUR. Sevimli tələbələri ilə sidq-ürəklə dostluq edən Nəsir müəllimin şəxsiyyətinə böyük hörmət və ehtiramla
Nurəddin ƏDİLOĞLU,
yazıçı-jurnalist