26 may, 2022-ci il tarixdə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsinə həsr olunmuş “Kəhriz Sistemləri Memarlıq Abidəsi, Dayanıqlı Su Sistemi,İctimai və İqtisadi İnkişafın Əsası kimi” başlıqlı 2 günlük beynəlxalq konfrans işinə başlayıb.
Azadmedia.az xəbər verir ki, tədbirdə prezident aparatının, Nazirlər Kabinetinin, bir sıra nazirlik (İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Xarici İşlər Nazirliyi) və dövlət qurumlarının (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Melorasiya və Su Təsərrüfatı ASC, Azərsu ASC, Dövlət Neft Şirkəti), BMT-nin ölkədəki agentliklərinin, səfirliklərin, donor və tərəfdaş təşkilatların, beynəlxalq eksperllər, təhsil və vətəndaş cəmiyyəti qurumlarının nümayəndələri, layihənin icra edildiyi rayonlardan icra hakimiyyəti təmsilçiləri, icma üzvləri, media nümayəndələri, layihə mühəndisləri və kəhriz ustaları iştirak ediblər.
Belə ki, tədbiri giriş nitqi ilə BMqT -nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Vladimir Qorjiyev, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin ölkə üzrə Direktoru Moon Jong Hyun və Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədr müavini cənab Fuad Hüseynov açıblar.
Açılış çıxışlarından sonra kəhrizlərin tarixi, bu günü və sabahı, BMqT-nin kəhrizlərin bərpası sahəsində tərcübəsi, kəhriz bərpasında İlk dəfə tətbiq olunan yeni texnologiyalar, kəhrizlər üzrə Milli Baş Plan və Atlas və sair mövzülar üzrə yerli və beynəlxalq mütəxəssislərin çıxışları dinlənilib.
Bundan əlavə, tədbirin gedişində kəhrizlərin bərpası layihəsi çərçivəsində görülən işləri əks etdirən film nümayiş olunacaq və ətraf mühit üzrə ən nüfuzlu mükafat sayılan Qlobal Enerji Mükafatının 2021-ci il üzrə milli qalibi seçilmiş adı çəkilən layihə çərçivəsində fəaliyyəti əks etdirən fotoşəkillər, çap olunmuş kitab və broşurlardan ibarət sərgiyə baxış keçirilib.
Ülkər Piriyeva