Ömrünü xalqına həsr edən — ÜMUMMİLLİ LİDERİN ANIM GÜNÜ
Azərbaycan adlı dövlətin varlığı bizim ən böyük tarixi sərvətimiz, bütün Azərbaycanlıların qazandığı ən böyük nəailiyyətdir.
Heydər Əliyev
Bu gün Azərbaycan xalqının lideri, dahi siyasətçi Heydər Əliyevin vəfatından 14 il ötür. "Ölkə.Az" bu gün oxucularına Heydər Əliyev haqqında məlumat verəcək.
XX əsrin son otuz ili və XXI əsrin başlanğıcında Azərbaycana rəhbərlik bilavasitə görkəmli dövlət və siyasi xadim Heydər Əlirza oğlu Əliyevin adı ilə bağlıdır. O, kiçik fasilələrlə XX əsrin son otuz ilində Azərbaycan Sovet Sosialist Respublikasına rəhbərlik etmiş, ötən əsrin 1993-cü ilin iyunundan etibarən müstəqil Azərbaycan Respublikasının dövlət başçısı - prezidentidir. Tarixdə nadir hadisələrdəndir ki, Heydər Əliyev iki ictimai-siyasi quruluşda Azərbaycana rəhbərlik edib.
Vida mərasimi Heydər Əliyev Sarayında 15 dekabr 2003-cü il tarixində keçirilib və əsas Azərbaycan telekanallarında canlı yayımlanıb. Mərasimdə müxtəlif dövlətlərin cari və keçmiş rəhbərləri iştirak edib. Həmçinin, bir sıra dövlət başçıları başsağlığı verib. Heydər Əliyev Fəxri Xiyabanda həyat yoldaşı Zərifə Əliyevanın yanında dəfn edildi. Cənazə mərasimi əsnasında artilleriya atəşi açılıb.
Həyatı
1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə NaxçıvanPedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.1941-1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə çalışıb. 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışaraq 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyərək, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki SanktPeterburq)xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.
Əmək fəaliyyətinə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Daxili İşlər Komissarlığında və Xalq Komissarları Sovetində başlayan Heydərin qabiliyyəti tezliklə aşkar olur. Naxçıvan MSSR Vilayət Partiya Komitəsi ona təhlükəsizlik orqanlarına işləməyə zəmanət verir. 1944-cü ildən bu orqanda fəaliyyətini davam etdirir. Xidməti vəzifəsini layiqincə yerinə yetirir. Eyni zamanda xalqının tarixi ilə maraqlanır, XX əsrdə xalqımızın başına gətirilən bəlalar, repressiyalar onların səbəblərini araşdırmaq barədə daha çox düşünür. «Antisovet qruplar» adı ilə Azərbaycanın görkəmli ziyalılarının, tanınmış adamlarının repressiya edilməsi onu hər zaman düşündürürdü. Mövqeyindən istifadə edərək, o vaxtlar gizli saxlanılan arxiv sənədlərini öyrənir. Sonralar müstəqil Azərbaycan Respublikasının prezidenti kimi sovet təhlükəsizlik orqanlarındakı keçmiş fəaliyyətini xatırlayaraq qeyd edirdi ki, bu orqana işə keçdiyim vaxt mən gənc idim, bir işçi kimi arxiv materialları ilə 1920-1921-ci illərdə, xüsusən, 1937-38-ci illərin, ondan sonrakı dövrlərin materialları ilə tanış olarkən daim öz-özümə sual vermişəm: «Bu antisovet qruplar, Sovet hakimiyyətini devirmək istəyən qruplar kimlərdir, hansılardır?» O vaxtlar Sovet hakimiyyətinin repressiya siyasəti, ümumiyyətlə, hər yerdə həyata keçirilmişdi. Lakin Azərbaycanda həyata keçirilən repressiyalar başqa yerlərə nisbətən daha çox və daha ağır olmuşdu. O, bunun köklərini, səbəblərini araşdırır, onları həyata keçirənlərin kimliyini öyrənir. Prezident Heydər Əliyev 1997-ci il iyulun 4-də Azərbaycan Respublikası təhlükəsizlik orqanlarının peşə bayramı gününə həsr olunmuş təntənəli yığıncaqda deyirdi: «Mən 37-38-ci illərin materiallarına baxanda gördüm: kim idi o vaxt NKVD-nin başında duranlar? Qriqoryan, Markaryan, Topuridze (yarı erməni, yarı gürcü idi) və başqaları. 1953-cü ilə kimi bu orqanlarda qalmış, Azərbaycana xəyanət etmiş adamlardan idi, onların əksəriyyəti azərbaycanlı deyildi». Məhz bunlar görkəmli azərbaycanlıları repressiya qurbanı edənlər idi. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 1998-ci il yanvarın 14-də Azərbaycan Respublikası Konstitusiya Komissiyasının iclasında Sovet hakimiyyəti dövründə keçirilən repressiyalarda xalqımıza qarşı edilən cinayətlərdən danışaraq tamamilə haqlı olaraq qeyd edirdi ki, 1920-1930-cu illərdə nə qədər repressiyalar olub, insanlar öz yer-yurdundan sürgün edilibdir. O vaxt Sovet hakimiyyətinin siyasəti hər yerə aid olsa da, sürgün olunanlar içərisində ən çox repressiya və deportasiyaya məruz qalan elə Azərbaycan xalqı idi. «...Zaqafqaziyadan götürsək ki, 1920-ci ildən Sovetlər hakimiyyəti çökənədək hansı xalqdan nə qədər sürgün olunubdur, heç yerdə Azərbaycanda olduğu qədər adam sürgün edilməyibdir. 1937-1938-ci illər repressiyalarında Zaqafqaziyada heç yerdə Azərbaycanda olduğu qədər repressiya olmayıbdı. Bunlardan başqa, azərbaycanlılara başqa adla da divan tutulubdur. XX əsrin başlanğıcında bir parça çörək dalınca Şimali Azərbaycana, Bakıya üz tutan Cənubi Azərbaycandan olanlar da ciddi repressiyaya məruz qalmışlar. Bu məsələ rəsmi şəkildə ilk dəfə açıqlandı: «Bundan əlavə, azərbaycanlıların bir hissəsi 1937-1938-ci illərdə buradan İrana sürgün edilibdir. Bu da tarixi bir hadisədir, çoxdan unudulubdur. İran təbəəsi olduğuna görə azərbaycanlıları buradan, Azərbaycanın hər yerindən kütləvi surətdə sürgün etdilər».
1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə
əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib1990-cı ilin iyulunda Azərbaycana qayıdaraq əvvəlcə Bakıda, sonra isə
Naxçıvanda yaşamış, həmin il Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.
1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü ilin may-iyununda hökumət böhranının nəticəsi olaraq ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqının yekdil iradəsi və tələbi ilə o zamankı ölkə rəhbərliyi tərəfindən rəsmən Bakıya dəvət edilib. 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilib. 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçən seçkilərdə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq verib, səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib. 2003-cü il dekabrın 12-də vəfat etmişdir.